“Bu dəfə başlayacaq toqquşmalarda itkilərin sayı dəfələrlə çox olacaq”

0
3

Rusiyanın Ermənistana silah satışı davam edir. Ənənəvi himayədarından aldığı müasir texnika və odsaçan artilleriya sistemləri hesabına hərbi imkanlarını genişləndirən Ermənistan, Azərbaycanın gözü qarşısında hər örən gün ordusunu gücləndirməkdə, texniki təchizatını yaxşılaşdırmaqdadır.

Maraqlıdır, Qarabağ problemini hərbi yolla həll etmək məcburiyyəti qarşısında qalan Azərbaycanın Ermənistanın güclənməsini, dağıdıcı texnika ilə silahlanmasını sakitcə seyr etməsi nə dərəcədə doğrudur? Niyə genişmiqyaslı əməliyyatlara başlamaqla Ermənistan ordusunun yeni güc və dəstək əldə etməsi əngəllənmir? Ermənistanın silahlanma sürəti onu göstərmirmi ki, müharibə qərarının yubanması, bununla bağlı tərəddüdlər düşmənin xeyrinə işləməkdədir?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov növbəti qarşıdurma zamanı itkilərin çox olacağını, bu səbəbdən də Azərbaycanın müharibəyə hərtərəfli və mümkün qədər ciddi hazırlaşmalı olduğunu vurğuladı:

“Əslində Rusiyanın Qarabağ münaqişəsindəki mövqeyi bizim hamımıza çoxdan bəllidir. Şimal qonşumuz açıq şəkildə 20 ildən artıqdır ki, işğalçını açıq və ya dolayısı yolla dətəkləyir və ona əlindən gələn hər şeyi edir və etməkdə davam edir. Reallıq ondan ibarətdir ki, məhz rəsmi Moskvanın özünü çox yekəxana, saymazyana aparmasının nəticəsidir ki, iki qonşu xalqın minlərlə oğul və qızları bu qızışdırıcı, çirkin siyasətin qurbanı olublar və belə davam edəcəyi təqdirdə hələ daha neçə ailənin başsız qalmasının, insan həyatlarına son qoyulmasının şahidu olacağıq.

2016-cı ilin aprelin əvvəllərində baş vermiş məlum hadisələrdə də mən birmənalı olaraq rus barmağının olmasını demişəm və bu gün də baş verənlər bunu sübut edir. Bu ölkə guya regionda sülh görmək istəyir. Amma sürətlə öz vassalı Ermənistanı silahlandırır. Sual olunur: bu necə siyasətdir ki, siz guya xalqlara kömək etmək missiyasını üzərinizə götürmüsünüz, eyni zamanda da öz şəxsi maraqlarınızı həyata keçirirsiniz? Əlbəttəki, dünya dövlətləri də rusların nazı ilə nədənsə çox oynayır. Baş verənlər sözsüz ki, bizi çox narahat etməlidir. Bu gün Ermənistana daşınan o ölüm silahları sabah bizim hər birimizin əzizinin, doğmasının həyatına son qoymaq üçündür. Ona görə də, biz qətiyyətli şəkildə bizə dost olan ölkələr vasitəsiylə bu barbarlığa son qoyulmasını həm tələb etməli, həm də buna nail olmağa çalışmalıyıq. Onu da qeyd edim ki, Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan çoxsaylı silah və texnikanın imkanları kifayət qədər genişdir. Narahatçılığa əsaslar olsa da, baş verə biləcək hadisələrə ordumuzun da cavabı və müdaxiləsi çox ağır və sarsıdıcı olacaq. Bunu Ermənistanda da, Rusiyada da yaxşı başa düşürlər. Sonda onu da qeyd edim ki, bu dəfə başlıyacaq toqquşmalarda artıq itkilərin sayı-hesabı dəfələrlə çox olacaqdır. Ona görə də, biz hərtətəfli hazır olmalıyıq”.