Mayın 28-də neçə nəfər amnistiya düşəcək?

0
3

“28 may- Respublika Günü ilə əlaqədar imzalanan amnistiya aktına görə 3 min 500 nəfər azadlığa çıxacaq”.

Bunu Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, amnistiya aktı ümumilikdə 10 min nəfərə şamil olunacaq: “6 min 500 nəfəri isə amnistiya aktının tətbiqi nəticəsində cinayət məsuliyyətindən, istintaqdan, məhkəmədən və cəzadan azad oluna bilər. Bu aktda konkret fərdlərin deyil, cinayətlər üzrə şəxslərin azad edilməsi göstərilib. Onların arasında müxtəlif kateqoriyalı şəxslər yer alacaq”.

Ə.Nuriyev bu günə kimi Azərbaycanda müstəqillik günü ilə əlaqədar 11 amnistiya aktının verildiyini qeyd edib:“1991-ci ildən bu günə kimi imzalanan 11 amnistiya aktına görə, Azərbaycanda 110 minə yaxın şəxs məhkumluqdan azad edilib”. 

İnsan hüquqları üzrə Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirib ki, onların təqdim etdiyi siyahıda 31 nəfər amnistiya aktında yer alacaq: “Bizə çoxlu sayda ərizələr daxil olub. Amnistiya aktında göstərilən maddələrə görə 31 nəfər məhkum azadlığa çıxacaq”(AzNews.az).

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva 28 May – Respublika Günü ilə əlaqədar amnistiya aktının verilməsi ilə bağlı parlamentə müraciət edib. Müraciət mayın 20-də parlamentdə müzakirəyə çıxarılaraq qəbul olunub.

Xatırladaq ki, M. Əliyeva indiyədək 4 dəfə amnistiya aktının təşəbbüskarı olub.