Biz “Donuz qripi”ndən qorxmuruq

0
3

Azərbaycanda yeni peyvəndlərin tətbiqi ilə bağlı daim iş aparılır. Bunu Azərbaycanın Respublikasının baş pediatrı Nəsib Quliyev bildirib. Lakin o, bu peyvəndlərin tətbiqi vaxtını açıqlaya bilməyəcəyini deyib: “Bu gün elə vaksinlər var ki, onlar tam təkmilləşməyib. Gözləyirik ki, su çiçəyinə qarşı tam texnoloji səviyyədə vaksinlər hazırlansın. Digər tərəfdən, su çiçəyinə yoluxma zamanı qaydalara riayət etdikdə xəstəlik sağalır. Peyvənd zamanı isə bu fəsadlı ola bilər. Ona görə də biz o peyvəndi gözləyirik ki, onun ümumiyyətlə, heç bir fəsadı olmasın. Hazırda biz müqayisə mərhələsindəyik – peyvənd, yoxsa xəstəlik daha yaxşıdır?”

N.Quliyev deyib ki, su çiçəyinə qarşı yeni vaksinlərin istehsal olunması gözlənilir. O zaman Azərbaycanda su çiçəyinə qarşı sayca 12-ci peyvənd tətbiq olunmağa başlanacaq. Baş pediatr əlavə edib ki, su çiçəyinə qarşı peyvəndə başlanıldıqdan sonra uşaqlar üçün meningitə və rotavirusa qarşı peyvənd tətbiq edilə bilər: “Dünyada başqa kütləvi tətbiq olunan peyvənd yoxdur. Azərbaycan artıq peyvəndlərin tətbiqi baxımıbdan yüksək həddə çatıb. Ümumiyyətlə, insanlar 25-ə yaxın xəstəliyə qarşı peyvənd oluna bilər.”

N.Quliyev deyib ki, rotavirus virus diariyalarına qarşıdır. Bu peyvəndin də hazırda daha da təkmilləşdirilməsi prosesi gedir. Dünyada ən çox yayılan təhlükəli virus xəstəliklərindən biri də “donuz qripi” – A/H1N1 virusudur.

Bu virus artıq Azərbaycanla qonşu olan ölkələrə də yol tapıb. Biz öyrənmək istədik, Səhiyyə Nazirliyi vetryanka, meningitə və rotavirusa qarşı mübarizə ilə yanaşı, donuz qripinə qarşı da peyvəndləmə aparacaqmı? Respublika Gigiyena və Epidemologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib ki, Azərbaycanda qrip xəstəliklərinə qarşı peyvəndləmə nəzərdə tutulmur. Xatırladaq ki, Səhiyyə Nazirliyi nümayəndələri xaricdən gələnlərin gömrükdə diqqətlə yoxlanıldığını, buna görə də peyvəndə ehtiyac olmadığını dəfələrlə bəyan ediblər. Lakin hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib ki, dəfələrlə xaricə səfər üçün ölkədən çıxıb.

“Amma heç vaxt qayıdan zaman məni Azərbaycanda “donuz qripi”ndən yoxlayan olmayıb”, – deyə Ə.Nuriyev qeyd edib.