“Suriya rejimi ilə ortaq olduqlarını və bir gün bunların hesabını məhkəmə qarşısında verəcəklərini xatırladırıq”.
Bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Rusiyanın səsləndirdiyi iddialara cavab olaraq deyib.
Ötən ilin noyabrından rəsmi Moskvanın yerli-yersiz Türkiyəyə qarşı böhtan, həqiqətə uyğun olmayan məlumatlar yaydığını bildirən XİN rəsmisi Rusiyanın məhkəmə qarşısında cavab verəcəyini qeyd edib:
“Rusiya Suriya rejimi xəstəxanaları, məktəbləri, qaçqın düşərgələrini kimyəvi silah və çəllək bombaları ilə hədəfə alanda susur. Bizi İŞİD-i dəstəkləməkdə günahlandıranlar, neft ticarəti daxil, hər cür çirkli əməkdaşlığa girərək rejimlə ortaq olanlar bir gün bunların hesabını məhkəmə qarşısında verəcək. Rusiyanın Suriyadakı qarşıdurma bölgələrinə hansı yollarla terrorçu gətirdiyini xarici mətbuatdan izləyir, Rusiya istehsalı silah-sursatların PKK, YPG, İŞİD və Nüsrə Cəbhəsi də daxil olmaqla, terror təşkilatları tərəfindən istifadə olunduğunu təqib və qeyd edirik.
Son illərdə Ukrayna, Gürcüstan kimi qonşu ölkələrə birbaşa və hibrid döyüş üsulları ilə hücum və Krımın ilhaqı Rusiya tarixində qara ləkə olaraq qalacaq. Türkiyə də daxil olmaqla, beynəlxalq cəmiyyət bunu heç vaxt tanımayacaq”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi tez-tez Türkiyənin Suriyadakı terrorçulara yardım etdiyini, öz ərazisindən qanunsuz neft ticarəti üçün istifadə edilməsinə imkan verdiyini iddia edir.
Axar.az