Lətifə zad deyil, konkret öz başıma gələn hadisədir. İki il bundan əvvəl, yay aylarının birində gecə saat 12-dən sonra maşınla Babək prospekti boyunca hərəkət edirdim. “Dədəmin” deyilən “profilaktoriyanın” yanında işıqforun qırmızı işığında dayanmışdım. Yaşıl işıq yananda hərəkət etmək istədim. Birdən hiss etdim ki, maşınımı arxadan vurdular. Hərəkətə başladığım üçün zərbə o qədər də güclü alınmadı. Maşını saxlayıb yerə düşdüm. Gördüm ki, məni vuran maşının sürücüsü cavan bir oğlandı. Telefonla danışırdı, sanki heç nə olmamış kimi davranırdı.
Baxdım ki, qapını açıb yerə düşə bilmir. Qardaş tam ” hazır” vəziyyətdə idi. Yəni tam içkili vəziyyətdə idi. Əl-qərəz, güc bəla ilə yerə düşəndən sonra, dedi ki, ver qırağa söhbət edək. Baxdım ki, maşınıma heç nə olmayıb. Dedim qardaş, axı, gecənin bu vaxtı ayaq üstə güclə durursan, özün də avtomobil sürürsən, olmaz belə! Cavab verdi ki, o biri “naruşeniyanı” unutmuşam: ” Seni vuranda həm də telefonla danışırdım”. Baxdım ki, mənə pul vermək istəyir. Təbii ki, götürmədim. Çünki maşınımda heç bir problem yox idi.
Qardaş mənə bildirdi ki, bu mərd hərəkətimə görə, telefon nömrəsini mənə vermək istəyir ki, əlaqəmiz olsun. 050 211-lə başlayan nömrə idi. Biz yolun qırağında dayanan zaman bir neçə nəfər maşını saxlayıb ondan nəsə qulluğunun olub-olmadığını soruşdu. Həmin adamlardan biri isə, ümumi tanışımız olduğu üçün, mənə bir kəlmə dedi ki, qardaş bərtgedənlərdəndi. Sən demə, bu qaqaş DYP zabitiymiş. Özü də, yüksək vəzifəli DYP işçisi ilə bir avtomobildə daima reydə çıxanlardan. Kəsdiyi başa sorğu sual yox imiş…
Nömrəsini yazmaq istəyəndə adını soruşdum. Özünü DAYANDUR kimi təqdim etdi. Mən də elə yazdım. Məlum hadisədən sonra, bir neçə dəfə müxtəlif yerlərdə görüşdük. Hər dəfə də ona Dayandur deyə müraciət edirdim. 3-4 gün əvvəl təsadüfən bir yasda yenidən üz-üzə gəldik. Yenə də, DAYANDUR adı səslənməyə başladı. Yanındakıların narahatçılıq keçirdiklərini hiss etdim. Onlardan biri mənə pıçıldadı ki, müəllimin adı Dayandur deyil!!! Ayıbdı, elə demə. Qardaş bunu eşitdi və güldü.
Bildirdi ki, heç bir narahatçılıq yoxdu: “Mənin üçün bütün “qaişnikləri” adı- DAYANDUR, jurnalistlərin adı- MİRZƏ, həkimlərin adı -LOĞMAN, dilənçilərin isə adı -YOLÇUdur. Sən demə, iki il boyunca mənimlə əməllicə məzələnibmiş. İndu mən bu DAYANDURLA neynəyim?