Prezidentdən gömrüklə bağlı FƏRMAN

0
3

Prezident İlham Əliyev “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin, Azərbaycan Respublikasının digər qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmanla təsdiq edilmiş Qaydalarda nəzərdə tutulan buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastrukturun yaradılması üçün maliyyələşməni təmin etsin;

2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmanla təsdiq edilmiş Qaydalarda nəzərdə tutulan buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar iki ay müddətində müvafiq infrastrukturun yaradılması üçün tədbirlər görsün.

5. Bu Fərmanla təsdiq edilmiş Qaydalar 2016-cı il avqustun 1-dən qüvvəyə minir.