Ramiz Tağıyev: “Dağlıq Qarabağla bağlı mühüm danışıqların getdiyi bir ərəfədə Ermənistan parlamenti gülləbaran edildi”
İrəvanda yenidən etiraz aksiyası keçirilməyə başlayıb. Etirazçılar Ermənistan prezidenti Serj Sarkisyanın bağı kimi məşhur olan əraziyə hücum etmək istəyib. Polis etirazçıların bu addımının qarşısını yolu kəsməklə ala bilib. Aksiya Baqramyan prospekti və Proşyana küçəsinin kəsişməsində baş tutub.
Daha sonra etirazçılar oradan ölkə rəhbərliyi üçün nəzərdə tutulan malikanələrə – “hökumət bağları” adlanan əraziyə daxil olmağa cəhd edib.
Müdafiə və xarici işlər nazirlərinin istefasının tələb edildiyi aksiya “Biz – ölkənin sahibiyik!” təşəbbüs qrupu tərəfindən təşkil edilib. Etirazçılar, həmçinin, Sarkisyanı Dağlıq Qarabağ ərazisinə sülhməramlıların yerləşdirilməsindən imtina etməyə çağırıb.
Əraziyə çox sayda polis və xüsusi təyinatlılar cəlb edilib. Aksiyaçılar Sarkisyanın onlarla görüşməsini tələb edib. Onlar polisi “itaətsizlik aksiyaları” ilə hədələyib.
Prezident isə fəalların qarşısına çıxmayıb və onlar asayiş keşikçilərinin müşayiəti altında Azadlıq meydanına doğru yürüş edib.
Aksiya iştirakçıları dördgünlük müharibə zamanı erməni ordusunun və Ermənistan diplomatiyasının müvəffəqiyyətsizliyilə əlaqədar olaraq Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, müdafiə naziri Seyran Ohanyan, Baş Qərargah rəisi Yuri Xaçaturyan və onun müavini Aykaz Baqmanyanın istefasını tələb edib.
Cəbhə xəttində baş verən gərginliklərdən sonra məğlub vəziyyətə düşən Ermənistanda hakimiyyətə qarşı narazılıqlar artıb. Ermənistan əhalisi aprel məğlubiyyətinə görə Serj Sarkisyanı və digər dövlət rəsmilərini günahlandırır. Ermənistanda analoji aksiyalar aprelin 23-də də yaşanıb. İrəvan polisi Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahına yürüş edənlərə güc tətbiq edərək aksiya iştirakçılarını qovub. Çoxlu sayda aksiya iştirakçıları saxlanıb.
Aprelin 26-da isə İrəvanda “Sarkisyan get!” şüarı altında aksiya təşkil edilib. Aksiya iştirakçıları narahat idi ki, Sergey Lavrovun səfərindən sonra iqtidar Azərbaycanla Kazan sənədi barədə danışıqları davam etdirə bilər. Həmin sənəd isə, digər bəndlərlə yanaşı, işğal edilmiş beş rayonun geri qaytarılmasını nəzərdə tutur.
Aprel hadisələrindən sonra belə aksiyalar Rusiya əleyhinə də təşkil edilmişdi. Həmin vaxt onlar Rusiyanın Ermənistanı müdafiə etməməsindən şikayətlənirdi.
Aksiyalarda, həmçinin, bir çox iş adamlarından müəyyən vəsaitlərin alınaraq orduya köçürülməsi barədə də tələblər irəli sürülüb. Maraqlıdır ki, həmin adamların çoxu Sarkisyanın rəqibləridir. Bütün bu yaşananlar aksiyaların Sarkisyanın xeyrinə işlədiyini və onun tərəfindən təşkil olunduğunu, prezidentlərin görüşü ərəfəsində sülh prosesini pozmağa hesablandığını iddia etməyə əsas verirmi?
Tanınmış siyasətçi Ramiz Tağıyev məsələ ilə bağlı bildirdi ki, bu üsullardan Ermənistanda çox istifadə olunub: “Siz təsəvvür edin ki, aksiyada Ermənistanın bugünkü məqamda ziyanına olan nəsə irəli sürülmür. 1999-cu ili yadınıza salın. Dağlıq Qarabağla bağlı mühüm danışıqların getdiyi bir ərəfədə Ermənistan parlamenti gülləbaran edildi. Ən maraqlısı isə budur ki, bütün kritik mərhələlərdə Ermənistanda daxili vəziyyət qarışmağa başlayır. Hazırda beynəlxalq vəziyyət Ermənistanın tam əleyhinədir. Danışıqlar boyu indiki kimi onlara təzyiq edilməyib. ABŞ və Qərb ölkələri açıq mətnlə Azərbaycan torpaqlarının təcili surətdə işğaldan azad edilməsindən danışır.
Belə vəziyyətdə Ermənistan isterikaya qapılıb. Hətta vəziyyət o həddə çatıb ki, onların rəsmilərinin danışıqları bir-birilə uyğun gəlmir. Bu mitinqlərin prezidentlərin görüşü ərəfəsində baş tutması təsadüfi deyil. Bununla Sarkisyan hansısa güzəştə gedə bilməyəcəyini dünyaya nümayiş etdirmək istəyir. Bütün versiyalar onu deməyə əsas verir ki, İrəvanda baş qaldıran mitinqlərin təşkilatçısı məhz Sarkisyandır”.
Məhəmmədəli QƏRİBLİ