Amnistiya aktı kimlərə şamil olunacaq?

0
3

28 May – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının tam mətni açıqlanıb.

Milli Məclisin (MM) deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi ilə bağlı MM-ə təqdim olunmuş qərar sənədini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov imzalayıb.

Beləliklə, Azərbaycan Respublikasının Milli Məclisi, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının müstəqillik tariximizdə əlamətdar hadisə olduğunu və bu hadisənin xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin bərpa edilməsində, milli dövlət atributlarının və təsisatlarının bərqərar edilməsində mühüm əhəmiyyətini vurğulayaraq, Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında, milli dövlətçilik və azərbaycançılıq fəlsəfəsinin formalaşdırılmasında Xalq Cümhuriyyətinin azadlıq və demokratiya ideyalarına xüsusi önəm verdiyini xatırlayaraq, bu dəyərlər əsasında qurulmuş Azərbaycan Respublikasında azadlığın cəmiyyətin ən ümdə və zəruri şərti olduğuna, hüququn aliliyi, ədalət və humanizm ideallarına istinad edərək, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə və cəzadan azad olunacaq şəxslərin cəmiyyətə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda faydalı olacaqlarına ümid edərək, Ümummilli lider Heydər Əliyevin zəngin mənəvi irsini, mərhəmətlik və insanpərvərlik ənənələrini yeni nəsillərə aşılamaq qayəsi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondunun təşəbbüsünü dəstəkləyərək, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, 28 May – Respublika günü münasibəti ilə aşağıdakı amnistiyanın elan edilməsini qərara alır:

I. Amnistiya tətbiq edilən şəxslərin dairəsi

1. Aşağıdakı məhkumlar, bu Qərarın 6-cı hissəsində nəzərdə tutulmuş məhdudiyyət nəzərə alınmaqla, təyin olunmuş cəzalardan azad edilsin:

1.1. yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər;

1.2. bu Qərarın 1.1-ci bəndində göstərilən şəxslərdən başqa, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər;

1.3. intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən artıq olmayan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər;

1.4. hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilmiş şəxslər;

1.5. islah işləri növündə cəza təyin edilmiş şəxslər;

1.6. ictimai işlər növündə cəza təyin edilmiş şəxslər;

1.7. əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilmiş şəxslər;

1.8. əsas cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər;

1.9. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq təxirə salınmış şəxslər.

2. Bu Qərarın 1.1 və 1.2-ci bəndlərində göstərilən şəxslərdən başqa, aşağıdakı məhkumlar müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilsinlər (bu Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla):

2.1. qadınlar;
2.2. cinayət törədərkən 18 yaşına çatmayan şəxslər;
2.3. bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış kişilər;
2.4. bu Qərar qüvvəyə mindiyi günədək birinci, ikinci və ya üçüncü qrup əlil sayılmış şəxslər;

2.5. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ya ikinci qrup əlil övladı olan kişilər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər;

2.6. İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

2.7. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

2.8. Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);

2.9. keçmiş SSRİ dövründə repressiyalara məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları;
2.10. 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistan SSR-dən deportasiya olunmuş şəxslər;
2.11. 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər;

2.12. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa);

2.13. 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları;

2.14. Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları.

3. Bu Qərarın 1.1, 1.2-ci bəndlərində və 2-ci hissəsində nəzərdə tutulan şəxslərdən başqa, təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi altı aydan artıq olmayan şəxslər, bu Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla, təyin olunmuş cəzalardan azad edilsin.

4. Bu Qərarın 1.1, 1.2-ci bəndlərində, 2 və 3-cü hissələrində nəzərdə tutulan şəxslərdən başqa, dörd ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi altı aydan artıq olduqda çəkilməmiş cəza altı ay azaldılsın (bu Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla).

5. Bu Qərarın 1.3 və 1.8-ci bəndlərində göstərilən şəxslərdən başqa, aşağıdakı məhkumlar təyin olunmuş cəzalardan azad edilsin (bu Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla):

5.1. intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən iki ilədək olan şəxslər;

5.2. əsas cəza kimi iki min manatdan artıq miqdarda cərimə cəzası təyin edilmiş şəxslər;

5.3. azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş şəxslər;

5.4. azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər;

5.5. azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxslər.

II. Amnistiyanın tətbiqinə məhdudiyyətlər

6. “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli, 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir.

7. Bu Qərarın 2-5-ci hissələri aşağıdakı şəxslər barəsində tətbiq edilməsin:

7.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4 və 15.5-ci maddələrində nəzərdə tutulmuş ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin 101, 115.1, 122.2, 124.2, 125, 127.2, 133.2, 136.3, 137, 138.2-138.4, 139.2, 140.2, 140.4, 141.4, 142.3, 145.2, 146.2, 150.1, 151, 152, 153.2, 153.3, 159.4, 162.2, 167-1.3, 167-2.2, 168.2, 168-1.3, 170.1, 170.2, 171.1, 171-1.1, 172, 176-1.2, 177.2, 178.2, 179.2, 182.1, 184.3, 185.2, 186.2, 188.3, 189-1.4, 192.2, 192-1.3, 193.2, 193-1.1, 194.2, 195.2, 196.2, 199.2, 200.4, 200-1.3, 200-2.3, 201.2, 202-2.1, 203-1.1, 204.1, 205, 206.1, 206.2, 208.2, 213.2, 213-1.2, 214-2, 220.2, 221.2, 221.3, 222.2, 222-1.3, 222-2.2, 223.2, 224, 224-1, 224-2, 225.2, 227.1, 227.2, 228.1, 228.2, 229.1, 229.2, 232.1, 233, 233-1.1, 234.2, 234.3, 235.1, 235.2, 236.1, 238.1, 240.1, 240.2, 243.2, 244.2, 244-1.2, 245, 247, 248.2, 250.3, 251.3, 252.3, 253.2, 254.3, 256.3, 258.3, 259.2, 260.2, 262.2, 263.2, 263-1.1, 263-1.2, 265.2, 265-1.2, 266.2, 267.3, 268.2, 271.3, 272.3, 273.4, 281.1, 283, 283-1.4, 284.1, 284-1, 285, 288.1, 288.3, 290, 291, 292.2, 292.2-1, 294.2, 294.3, 295.1, 297.2, 299.3, 299.4, 301.2, 302.2, 302.3, 304.2, 306, 307.3, 308-1.2, 309.2, 312.1, 312-1, 314.2, 314-1.1, 314-2.2, 314-3.2, 314-3.3, 315, 316.2, 316-1.3, 317.1, 317.2, 317-1.2, 318.2, 318-1.2, 319.2, 321.2, 328.2, 330.2, 331.3, 332.2, 333.4, 333.5, 334.1, 335.2, 336, 338.2, 339.2, 340.2, 341.2, 342.2, 344.1, 346.1, 348.2, 349, 350.2, 351.2, 352.1 və 353.1-ci maddələrində, habelə “Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 aprel tarixli, 92-IIIQD nömrəli Qanunu ilə sanksiyaları ağırlaşdırılanadək Cinayət Məcəlləsinin 308.2 və 311.1-ci maddələrində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 405-IVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Cinayət Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli, 610-IVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Cinayət Məcəlləsinin 144-2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1231-IVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Cinayət Məcəlləsinin 284.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 184-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 199-cu maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 199.3-cü maddəsində nəzərdə tutulmuş cinayətə görə məhkum olunmuş şəxslər;

7.2. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətlərə, habelə həmin Məcəllənin 69-cu maddəsinin ikinci hissəsi, 93-5-ci maddəsinin birinci hissəsi, 93-6-cı maddəsinin birinci hissəsi, 93-9-cu maddəsinin ikinci hissəsi, 100-cü maddəsinin birinci hissəsi, 113-cü maddəsinin ikinci hissəsi, 114-cü maddəsinin dördüncü hissəsi, 120-ci maddəsinin ikinci hissəsi, 126-cı maddəsi, 171-ci maddəsinin birinci hissəsi, 178-ci maddəsinin ikinci hissəsi, 185-ci maddəsi, 208-ci maddəsinin ikinci və üçüncü hissələri, 220-ci maddəsinin birinci və üçüncü hissələri, 229-cu maddəsinin birinci hissəsi, 241-ci maddəsinin “q” bəndi və 255-1-ci maddəsinin “v” və “q” bəndlərində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər;

7.3. “Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli, 463-IQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddəsinin üçüncü və dördüncü hissələri, 88, 88-1, 91-ci maddəsinin ikinci və üçüncü hissələri, 143-cü maddəsinin üçüncü və dördüncü hissələri, 145, 147-ci maddəsinin üçüncü hissəsi, həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1996-cı il 29 may tarixli, 90-IQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 60 və 65-ci maddələrlə məhkum olunmuş şəxslər;

7.4. maddi ziyanı tam ödəməmiş şəxslər;

7.5. xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum olunmuş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər;

7.6. 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən cinayət törətmiş şəxslər;

7.7. cəzaçəkmə müəssisələrində və ya intizam xarakterli hərbi hissədə cəza çəkərkən qəsdən cinayət törətmiş şəxslər.

III. Amnistiya aktının hüquqi qüvvəsi

8. Bu Qərar 2016-cı il iyunun 15-dən qüvvəyə minir.

9. Amnistiya bu Qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş ittiham hökmləri ilə məhkum edilmiş, habelə həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarı əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzaçəkmə müəssisəsinin növü dəyişdirilmiş şəxslər barəsində tətbiq edilir.

10. Bu Qərar qüvvəyə mindikdən sonra məhkumun cəzasının çəkilməmiş hissəsinin azalması və ya digər şəkildə hüquqi vəziyyətinin dəyişməsi (bu Qərarın 1.8-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) həmin şəxs barəsində bu Qərara əsasən amnistiyanın tətbiqi üçün əsas deyildir.

11. Bu Qərarın cəzanın çəkilməmiş hissəsinə dair müddəaları cinayətlərin və ya hökmlərin məcmusu üzrə qəti cəzanın çəkilməmiş hissəsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsi üzrə biri digəri ilə toplanaraq müstəqil icra edilən əsas cəzalardan hər hansı biri bu Qərar qüvvəyə mindiyi gün onun təsiri altına düşmürsə, bu Qərara əsasən amnistiya tətbiq edilmir.

12. Cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətə görə məhkum edilmiş şəxslərin törətdiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın 6-cı hissəsi ilə məhdudlaşdırılmışdırsa bu Qərarın hər hansı hissəsinə əsasən, 7-ci hissəsi ilə məhdudlaşdırılmışdırsa bu Qərarın 2-5-ci hissələrinə əsasən amnistiya tətbiq edilmir.

13. Bu Qərarda nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi, onları törətdikləri cinayət nəticəsində vurulmuş ziyanı ödəməkdən azad etmir.
14. Bu Qərara əsasən amnistiya tətbiq edilməsi ittiham hökmlərinin və ya digər qərarların qanuniliyinin, əsaslılığının və ya ədalətliliyinin yuxarı instansiya məhkəməsində mübahisələndirilməsinə mane olmur.
15. Bu Qərar başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum edilmiş və cəzasını Azərbaycan Respublikasında çəkən şəxslərə də şamil edilir.
16. Barələrində amnistiya tətbiq olunmuş çağırışçıların və hərbi qulluqçuların müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış və hərbi xidmət məsələləri qanunvericiliklə müəyyən edilmiş qaydada həll edilir.
IV. Amnistiyanın tətbiqi qaydaları
17. Amnistiya aşağıdakı orqanlar tərəfindən tətbiq edilir:
17.1. cəzaçəkmə müəssisələri – bu Qərarın 1.1 və 1.2-ci bəndlərində, 2 və 3-cü hissələrində nəzərdə tutulan şəxslər barəsində;
17.2. intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı – bu Qərarın 1.3, 1.4 və 5.1-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində;
17.3. icra məmurları – bu Qərarın 1.5-1.8 və 5.2-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində;

17.4. məhkəmələr – bu Qərarın 1.9-cu bəndində, 4-cü hissəsində, 5.3-5.5-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində.

18. Bu Qərarın 17.1-17.3-cü bəndlərində nəzərdə tutulmuş orqanlar amnistiya tətbiq edərkən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalara riayət etməklə, qərarları müvafiq prokurorlarla razılaşdırmalıdırlar.

19. Bu Qərarın 4-cü hissəsində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların cəza çəkdikləri cəzaçəkmə müəssisələrinin müraciəti əsasında cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.

20. Bu Qərarın 1.9, 5.3-5.5-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların üzərində nəzarəti həyata keçirən orqanların müraciəti əsasında məhkumun yaşayış yeri üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.

21. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 515.2-ci maddəsinə müvafiq olaraq, amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla, cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır.

22. Bu Qərarın 19-21-ci hissələrində nəzərdə tutulmuş müraciətlərə baxarkən, məhkəmələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üçün nəzərdə tutulmuş tələblərə riayət etməli, məhkəmə iclasında prokurorun iştirakı təmin edilməlidir.

23. Bu Qərar onun təsiri altına düşən hər bir şəxs barəsində ayrı-ayrılıqda tətbiq edilir.
24. Amnistiya tətbiq edilərkən məhkumun şəxsi işi öyrənilməli və amnistiyanın tətbiqi məsələlərinin həlli üçün zəruri sənədlər göstərilən qərara əlavə edilməlidir. Amnistiyanı tətbiq edən orqanlar amnistiyanın tətbiqi barədə qərar qəbul edilməsi üçün zəruri sənədləri müvafiq orqanlardan tələb etməyə haqlıdırlar. Bu sorğular dərhal icra edilməlidir.

25. Alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 31-ci hissəsində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir (şəxsin zöhrəvi xəstəliklərdən müalicəsini qurtarmasının təsdiqi üçün əsas – tibbi rəy, məhkəmənin alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə təyin etdiyi şəxslər barəsində isə belə əsas məcburi müalicənin ləğvi barədə məhkəmənin qərarıdır).

26. Barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən vərəm xəstəliyinə tutulmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada səhiyyə orqanlarının nəzarəti ilə 10 gün müddətində yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınır və müalicələrini davam etdirirlər.

27. Anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbir təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 31-ci hissəsində nəzərdə tutulmuş müddətdə baxılmalı, Cinayət Məcəlləsinin 95.0.2-95.0.4-cü maddələrinə əsasən psixiatriya stasionarlarında məcburi müalicə təyin olunmuş şəxslərin cəzadan azad edilməsi məsələsi isə məhkəmə qərarı ilə psixiatriya stasionarlarında məcburi müalicə ləğv edildikdən və ya dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin edildikdən sonra həll edilməli, Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə əsasən məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin olunmuş şəxslər amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edildikdə qanunvericiliklə müəyyən edilmiş qaydada səhiyyə orqanlarının nəzarəti ilə 10 gün müddətində yaşayış yeri üzrə müvafiq tibb müəssisələrində qeydiyyata alınmalı və müalicələri davam etdirilməlidir.

28. Bu Qərarın 17.2-ci bəndində göstərilən “hərbi hissələr” dedikdə, hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın çəkildiyi yerlər, bu Qərarın 20-ci hissəsində göstərilən “məhkumların üzərində nəzarəti həyata keçirən orqanlar” dedikdə isə şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində nəzarəti həyata keçirən icra məmurları və hərbi hissələrin və ya müəssisələrin komandanlığı başa düşülür.

29. Əvvəllər amnistiya və ya əfvetmə aktları ilə cəzasının müddəti azaldılmış şəxslərə bu Qərar tətbiq edilərkən onların cəzasının çəkilməmiş müddətləri həmin aktlar nəzərə alınmaqla hesablanır.

30. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 175-177-ci maddələrinin tələblərinə uyğun olaraq, bu Qərara əsasən barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyasının, onlara yardım göstərilməsinin təmin edilməsi üçün zəruri olan tədbirlər görülməlidir.

31. Bu Qərarın 17.1-17.3-cü bəndlərində nəzərdə tutulmuş orqanlar bu Qərar qüvvəyə mindiyi gündən dörd ay müddətində amnistiyanın tətbiq edilməsini təmin etməlidirlər.

Report.az