Hamburq Məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın alman satirik Yan Bemermana qarşı iddiasını qismən təmin edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə satirikə iddiaya səbəb olan videosüjetdəki bəzi ifadələri təkrarlamamaqla bağlı qadağa qoyub. Qadağa pozularsa, Y.Bemermanı 250 min avro cərimə və ya 6 aya qədər həbs cəzası gözləyəcək.
Ərdoğanın vəkili qərardan razı qaldıqlarını bəyan edib.
Ümumilikdə videosüjetin özü isə məhkəmə tərəfindən satirik material kimi qəbul olunub və orada Türkiyədə söz azadlığının vəziyyətinə dair tənqidlərin yer alması normal hesab edilib.
Bemermanın vəkili qərardan narazı qaldıqlarını bildirib. Onun fikrincə, qərar yaradıcılıq azadlığını məhdudlaşdırır.
Vəkil apelyasiya şikayəti verəcəklərini, üstəlik Ərdoğana qarşı qarşılıqlı iddia qaldıracaqlarını istisna etməyib.