“Mingəçevir Su Elektrik Stansiyasında (SES) sızma var”.
Bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
Nazir anbarın ərazisində torpaq dambalarında su sızmalarının müşahidə olunduğunu bildirib: “Orada çox miqdarda suyun artması müşahidə olunsa, ortaya müəyyən suallar çıxa bilər. Bunu həmin dambaları idarə edən təşkilatlar daha yaxşı bilir və tədbirlər görürlər. Ola bilər ki, tədbirlər bir qədər vaxt aparsın”. Bunları deyən nazir su sızmasının hansı problemlər yarada biləcəyini açıqlamayıb.
Ekoloqlar isə əgər bu baş verərsə, bir çox rayonların su altında qalacağını deyirlər.
Ekoloq Telman Zeynalov bu barədə həyəcan təbili çaldı və ölkə başçısının bu haqda məlumatlandırılmasının vacib olduğunu bildirdi: “Nazir Hüseyn Bağırov Mingəçevir su anbarında sızmalara rast gəlibsə, təcili cənab prezidentə məlumat verməlidir və Mingəçevir su anbarının fəaliyyəti dayanmalıdır. Tədricən su anbarı boşaldılmalı və içəridən, yəni daxili tərəfdən yenidən təmir olunmalıdır. Əgər təmir olunmasa, ən güclü fəlakətlərə səbəb ola bilər. Mingəçevirlə Xəzər dənizi arasında olan bütün kəndlər, şəhərlər, rayon mərkəzlərinin hamısını su yuyub aparacaq və Xəzərə gətirib tökəcək. Ona görə də bunun qarşısını almaq üçün mütləq təcili iş görmək lazımdır. 4-5 il bundan əvvəl orada zəlzələ baş vermişdi. O zaman dedilər ki, zəlzələ nəticəsində Mingəçevir su anbarının bəndində çat əmələ gəlib. Bu, yanlış məlumat idi. Çat əmələ gəlmək o deməkdir ki, Mingəçevir su anbarı milyard kub metr su onun təzyiqi ilə o bəndi dağıdardı və hər yeri də su aparardı. Belə bir atalar misalı var ki, ”su qayanı deşir”. Əgər orada sızma varsa, təzyiq yavaş-yavaş çatı genişləndirəcək və bəndi dağıdacaq. Bundan sonra da həm kənd təsərrüfatına zərər verib, bizi 10 il geri atacaq, həm də rayonlar dağılacaq”.
Ekoloq Mingəçevir su anbarının təmirə bağlanmasının belə problemlər yaradacağını bildirdi: “Əgər Mingəçevir Su Elektrik Stansiyasının fəaliyyəti dayandırılsa, istəsək də-istəməsək də regionların əksəriyyəti işıqsız qalacaq. Ona görə də əvvəlcə öyrənmək lazımdır ki, çat hansı tərəfdədir. Əgər üstdədirsə, suyun bir hissəsini buraxmaq olar. Yox, əgər aşağıdadırsa, tamamilə fəaliyyəti dayandırılmalıdır. Yaxud da qabağında 2 metr enliyində yeni bir bənd salınmalıdır ki, ona təkan olsun, dirək versin. Bu təmir işləri 5-6 aylarla başa gələn bir prosesdir. O boyda nəhəng bir bəndi yenidən qaldırmaq, əlavə bənd tikmək oyuncaq bir iş deyil. Uzun bir zaman alacaq”.
Qeyd edək ki, Mingəçevir su anbarı Kür çayının Bozdağ ətrafından keçən sahəsində 1953-cü ildə yaradılıb. Su anbarının çay boyu uzunluğu 70, eni 3 kilometrdir. Maksimal dərinliyi 75, orta dərinliyi 26 metr olan anbarın sahil xəttinin uzunluğu 247 kilometrdən artıqdır. SES-in müəyyən olunmuş gücü 359 Mvt, orta illik elektrik enerjisi istehsalı 1,4 milyard kvt/saat-dır. Qovşağın ən əsas orijinal hissəsi yüksək təzyiqli torpaq bəndi nəinki Avropada yuyulma üsulu ilə tikilmiş ən nəhəng (hündürlüyü 80 m) bənddir, o, işlənən materialların həcminə görə həm də dünyada çınqıl-qumdan tökülmüş yeganə bənddir.
Su qovşağına 3 gözdən ibarət suaşıran beton bənd (bir açıq kanalı ilə eni 30 m), 6 gözdən ibarət təzyiqli su borularına su qəbul edən qurğu (uzunluğu 66 m), 4 qapalı beton boru ilə 4 gözdən ibarət suaşıran qurğu (uzunluğu 47 m), torpaq bənd (uzunluğu 1550 m, hündürlüyü 80 m), Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalına su qəbul edən bir gözlü qurğu daxildir. Mingəçevir su anbarının su tutumu 16 milyard 300 milyon kubmetrdir. Su anbarına saniyədə 1200 kubmetrə qədər su daxil olur. Bu həcmin saniyədə 650 kubmetri su elektrik stansiyası vasitəsi ilə Kür çayına ,125 kubmetri isə Qarabağ və Şirvan kanallarına buraxılır. Anbarda su böhran həddə çatdıqda qapılar açılır və Kür çayına saniyədə 2 min kubmetrə qədər su buraxılır.