Bir neçə gündən sonra Binəqədidə baş vermiş hündürmərtəbəli binada yanğının idönümü tamam olacaq.
Yanğın hündürmərtəbəli binaların təhlükəsizliyinə cavabdeh olan olan icra orqanlarının və mənzil kommunal təsərrüfatlarının məsuliyyətini də ortaya qoydu. Bu kimi qəza hadisələrində bina sakinlərinin evakuasiyası üçün vacib şəraitin yaradılması bilavasitə bu qurumların borcudur. Lakin Binəqədidə baş verən yanğın nəyi göstərdi?
Sakinlərin dediklərindən məlum oldu ki, yanğın zamanı 17 mərtəbəli binanın lifti işləməyib. Məsələn, binanın 33 saylı mənzilinin sahibi Orxan Kərimov yanğından bir gün sonra KİV-ə açıqlamasında demişdi ki, 17 mərtəbəli binanın lifti aylardır işləmir və yanğın zamanı bu səbəbdən ölənlərin və tüstüdən zəhərlənənlərin sayı çox olub.
Ümumiyyətlə Bakıda sovet zamanında tikilən binalarda köhnə və keyfiyyətsiz lift problemi çoxdandır ki, müzakirə olunur.
Rəsmi statistikaya görə, Bakıda 5200-dən çox belə sovetdənqalma lift var. Sovet dövründə tikilən binalarda isə bir blokda 20-dən artıq mənzil olduğunu nəzərə alsaq 100 mindən çox ailənin gündəlik olaraq belə köhnə liftlərdən istifadə etdiyi aydın olur.
Ekspertlər bu problemlərin kökünü mənzil idarəçiliyinin düzgün qurulmamasında görürlər. Onlar hesab edir ki, bu idarəçilik bələdiyyələrin iştirakı ilə sakinlərin özlərinə verilməlidir. 2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsində də bu öz əksini tapıb. Binaların lift təmirindən tutmuş zibil daşınmasına qədər olan məsələlər birbaşa bina sakinlərinin qərarı ilə tənzimlənməlidir. Hazırda isə zibil daşınması belə heç bir hüquqi əsası olmayan MİS-lər tərəfindən həyata keçirilir. Lift təmiri icra hakimiyyətlərinin idarələri tərəfindən həyata keçirilməlidir. Bunun da necə olduğu göz qabağındadır. Müşahidəçilərin fikrincə, ən əsası isə həm zibil pulu, həm də lift pulu dövlət tərəfindən tənzimlənsə də adıçəkilən qurumlar istədikləri qiyməti diqtə edirlər. Odur ki, liftlərin təmirini həyata keçirən özəl qurumların yaradılması vacibdir.
Xatırladaq ki, probemi aradan qaldırmaq üçün prezident İlham Əliyev 2013-cü ilin aprel ayında “Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında Sərəncam” imzalayıb. Sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat da ayrılmışdı.
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin “Lift-təmir” İstehsalat Birliyi hələ 2014-cü ildə verdiyi məlumatda bəyan edirdi ki, 2015-ci ilin sonuna qədər Bakıda köhnə lift qalmayacaq. Qurumun şöbə rəisi Mehdi Hüseynov mətbuata müsahibəsində birliyin 5219 liftə texniki xidmət göstərdiyini bildirib. Bunun təxminən 50-60 faizinin 25 illik istismar müddətini başa vurduğunu deyən şöbə rəisi qeyd edib ki, yeni proqram əsasında liftlər hissə-hissə dəyişdirilir.
Hazırda Bakıdakı liftlərə “Lift-Təmir” İB ilə yanaşı, Mənzil İstismar idarələri və Fövqəladə Hallar Nazirliyinin xüsusi agentliyi nəzarət edir. Liftlərin texniki təhlükəsizliyi üzrə istismarına nəzarəti təkcə Bakı Şəhər icra hakimiyyəti gerçəkləşdirmir. Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin tərkibindəki müfəttişlik ildə bir dəfə respublika ərazisindəki bütün liftləri baxışdan keçirir. Bu zaman istismara yararsız liftlər dayandırılır.
Bəzi məlumatlara görə, Binəqədidə yanan binanın sakinləri 2015-ci ilin yanvar-aprel ayları ərzində liftin işləməməsi barədə müvafiq qurumlara 15 dəfə rəsmi müraciət ediblər. 2014-cü ilin dekabırında binadakı liftə baxış keçirilib və 1 il müddətinə istismarına icazə verilib.
Üstündən beş ay keçdikdən sonra binada baş verən yanğın zamanı həmin lift işləməməsi, təxliyə yollarının bağlı olması haqqında olan iddialar belə düşünməyə əsas verir ki, ekstrmal situasiyalarda bu liftlər insanların evakuasiyası olunmasında ciddi problemlər yaradıb.
Odur ki, şəhərdə hündür mərtəbəli binalardakı yanğın təhlükəsizliyi üçün vacib olan əsas məsələləri daim nəzarətdə saxlamaq istər icra hakimiyyətlərinin, istərsə də mənzil kommunal xidmətinin əsas vəzifəsi sayılır.
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə görə yerli icra hakimiyyəti dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir ki, bu funksiyalar da həmin MİS-lər vasitəsilə yerinə yetirilir. Göründüyü kimi, həmin qurumların mənzil-kommunal təsərrüfatı sahəsində səlahiyyəti qanunvericiliklə müəyyən edilib.
Strateq.az