Fuad Qəhrəmanlının istintaqı yekunlaşdı –Ona daha bir maddə ilə ittiham irəli sürülüb

0
3

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə bağlı cinayət işinin ibtidai istintaqı yekunlaşıb və iş məhkəməyə göndərilmək üzrədir.

Bu barədə Fuad Qəhrəmanlının vəkili Nemət Kərimli məlumat verib.

Vəkil bildirib ki, istintaq Qəhrəmanlıya Cinayət Məcəlləsinin daha bir maddəsi — 220.2 (kütləvi iğtişaşa çağırış) ilə ittiham elan edib.

Fuad Qəhrəmanlı Nardaran hadisəsinə görə həbs edilənlərlə birgə məhkəmə qarşısına çıxarılacaq. Lakin həmin hadisəyə görə tutulanlar çox olduğundan, 2 qrupa bölünərək mühakimə ediləcəklər. Fuad Qəhrəmanlının Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə ilə birlikdə mühakimə olunacağı deyilir.

Fuad Qəhrəmanlının digər vəkili Fəxrəddin Mehdiyev isə “Azadlıq”ın əməkdaşına bildirib ki, mayın 16-da müstəntiqlə birlikdə Bakı İstintaq Təcridxanasında Fuad Qəhrəmanlı ilə görüşüblər. Müstəntiq orada yekun təqsirləndirmə qərarını elan edib.

“Müstəntiq əvvəlcə bizə bildirmişdi ki, ittiham anoloji qaydada qalır. Lakin məlum oldu ki, ona Cinayət Məcəlləsinin daha bir maddəsi ilə, 220.2 maddəsi ilə (kütləvi iğtişaşa çağırış) yeni ittiham irəli sürülüb. Bu maddənin sanksiyası əvvəlki maddələrdən artıq deyil, yəni 3 ilə kimi azadlıqdan mərhumetmə çəzası nəzərdə tutulur. Bununla da ittihamın həcmi genişləndirildi”– deyə vəkil qeyd edib.

İşin məhkəməyə göndərilməsinə toxunan Mehdiyev deyib ki, bu, az ağır cinayətlər kateqoriyasına aid olan bir işdir və ümimiyyətlə burada epizodlar yoxdur. Ona görə də istintaq surətlə qurtara bilərdi. Əlavə prosedurlara da ehtiyac olmazdı: “Təəsssüf ki, bizim bu barədə olan vəsatətlərimiz təmin olunmadı. İndi məlum olur ki, istintaq tərəfi Fuad Qəhrəmanlının işini Tale Bağırzadənin işi ilə bir icraatda məhkəməyə göndərməyə görə bunu belə edib”.

Vəkil onu da bildirdi ki, nə əvvəlki CM-nin 281 və 283 maddələrinin, nə də yeni irəli sürülən 220-ci maddəsinin Fuad Qəhrəmanlıya tətbiq olunmasının hec bir əsası yoxdur. Sadəcə süni kombinasiya yolu ilə ittihamın həcminin genişlənməsi üçün ona yeni maddə irəli sürülüb. Bu isə istintaqın qərəzinin nəticəsidir.

Xadırladaq ki, F.Qəhrəmanlı keçən il dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra İstintaq İdarəsi F.Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmənin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb.

Bundan əvvəl F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1 (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.