Ərdoğanın qızının toyuna nə qədər xərc çəkilib?

0
4

Türkiyə mətbuatı prezident Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyya Ərdoğanla nişanlısı Səlcuq Bayrakdarın toyundan, mərasimə çəkilən xərclərdən yazır. 

6 min dəvətlinin iştirakı ilə keçirilən nikah mərasimində parlamentin sədri Ismail Kahramanla yanaşı, son zamanlarda prezident Ərdoğanla siyasi fikir ayrılıqları olan 11-ci prezident Abdullah Gül də olub. Nikah şahidləri arasında baş qərargah rəisi Hulusi Akarın görünməsi isə gözlənilməz olub.

Türkiyə mediası baş qərargah rəisi Hulusi Akarın mayın 14-də ölkənin şərq əyalətlərində davam edən hərbi əməliyyatların yerinə, prezidentin qızının nigah şahidi kimi toya qatılmasına diqqət çəkib.

Bəzi mətbuat orqanları və sosial media istifadəçiləri, adətən siyasi hakimiyyətlə məsafə saxlayan hərbi qərargah rəhbərinin teokratik mövqeli prezident Ərdoğanın qızının nikah şahidi olmasını birmənalı qarşılamayıb.

“Bir zamanlar dünyəviliyin təminatı olan baş qərargah rəisi, hədəfi “dünyəviliyi yıxmaq” olan şəxsin qızına nikah şahidi oldu”, deyə “Facebook” istifadəçilərindən biri yazıb.

Nüfuzlu jurnalist Uğur Dündar isə baş qərargah rəisinin Ərdoğanın nikah şahidi olması xəbərini “pis zarafat” kimi qəbul etdiyindən yazıb: “Əvvəlcə pis bir zarafat sandım. Amma doğruymuş! O qədər şəhid varkən, baş qərargah rəisi, ordu generalı Akar ilin nikahında şahid imiş! Çox acı. Çox!..”.

“Sözcü” qəzeti indiki prezident Ərdoğanın qızının toyunu Əhməd  Necdət Sezərin prezidentliyi dövründə oğluna etdiyi toy mərasimi ilə müqayisə edib: “2004-cü ildə Çankaya Köşkündə Levent Sezere keçirilmiş toyda köşkün sürücüləri izinli sayıldı. Sürücülər xanımları ilə birlikdə toya dəvətli idilər. Sümeyya Ərdoğanın toyu üçünsə polis əməkdaşlarının həftəsonu məzuniyyətləri ləğv edildi”.

Məqalə müəllifi Bora Erdinə görə, həftəsonu işə çağırılmış 5 min nəfərə yaxın bələdiyyə və polis əməkdaşlarının maaşı dövlət büdcəsinə 200 min TL-yə (67 min dollar) başa gələcək: “Toya hazırlıq ərəfəsində Istanbul bələdiyyəsi tərəfindən rəsmi nömrəli maşınlarla mobil yeməkxanalar qurulub, yemək paylanılıb. Bundan başqa, toya dəvət edilənlərə təxminən 50 T-lik hesabı olan yemək menyusu təqdim edilib. Toy ərəfəsində bələdiyyə qurumları asfalttökmə işləri də aparıb ki, bunlar da dövlət büdcəsi hesabına edilib”.

Toy dəvətnaməsində Sümeyya və Səlcuk cütlüyünin baş hərfi olan S sarmaşık budaqları əsasında yaradılıb. “Hürriyyət”qəzeti yazır ki, dəvətnamədə çiçək və çələng göndərmək istəyənlərin bunun yerinə, Türkiyə Silahlı Qüvvələrinin Mehmetçik və həmrəylik fondlarına, eləcə də türk polis təşkilatını gücləndirmə fonduna ianə yardımı göstərmələri xahiş olunub.

Sümeyya müdafiə sənayesi sahəsinə aid ailə şirkətinin texniki direktoru S.Bayraktarla iki ay əvvəl nişanlanmışdı. S.Bayraktarın atası Özdemir Bayraktar pilotsuz təyyarə istehsal edən şirkətin sahibidir.