Rusiya prezidenti Vladimir Putin cümə axşamı “Patriot” avtomobilinə baxış keçirərkən maşının qapısını aça bilməyib.
Avtomobili Ulyanovsk avtomobil zavotu müdafiə nazirliyi üçün buraxıb. “İnterfaks”ın məlumatına görə, nazirliyin idarə rəisi Aleksandr Şevçenko onun köməyinə gəlsə də qapının tutacağı qoparaq əlində qalıb.
Bunun videosu internet saytlarında da peyda olub.
İstehsalçılar deyir ki, qapı, maşın işlək halda olmadığına görə açılmayıb. Məlumata görə maşının özəlliyi barədə Putinə məlumat vermək yaddan çıxıbmış. Putin həmin gün hərbi-sənaye kompleksinin nümayəndələri ilə müşavirə keçirib.
“Patriot” avtomobilinə 12 millimetrlik pulemyot və tank əleyhinə qumbaraatan quraşdırmaq mümkündür.
Bir neçə gün əvvəl isə Putin yeni tikilmiş “Vostoçnıy” kosmodromuna ilk raketin buraxılışına getsə də, raketi ilk cəhddən buraxmaq mümkün olmamışdı.
Prezident buna görə baş nazirin müavini Roqozinə və bir sıra başqa vəzifəlilərə töhmət vermişdi. Bir neçə il əvvəl isə Putin Rusiya istehsalı olan yeni Lada avtomobilinə əyləşsə də, kameralar qarşısında onun nə yük yerini birinci cəhddə açmaq, nə də motorunu birinci dəfədən işə salmaq mümkün olmamışdı.