Çovdarovun işkəncə verdiyi idmançıdan məktub…

0
1

“Bu ölkənin höküməti də, prezidenti də bizik…”

Babayev Ramiz Qılman oglu…Bu ad Azərbaycanın idman ictimaiyyətinə kifayət qədər tanışdır. Ömrünün 20 ilini idmanın boks növünə həsr etmiş bu idmançının uğurları az olmayıb. Dünya, Avropa çempionatlarının mükafatçısı, beynəlxalq turnirlərin qalibi, dəfələrlə ölkə çempionu olmuş Ramiz hazırda məhbəs həyatı yaşayır. Keçmiş MTN-nin məşhur quldurbaşılarından sayılan Akif Çovdarovun sifarişiylə beynəlxalq dərəcəli idman ustası,əməkdar məşqiçi R.Babayevi məhkəmə 13 il həbs cəzasına məhkum edib ki, o, hazırda 2 saylı cəzaçəkmə müəssisəsində cəzasının 6-cı ilini yola salmaqdadır.

Məşhur boksçunun cəza çəkdiyi müəssisənin rəhbərliyindən heç bir şikayəti yoxdur, əksinə, onun günahsızlığını bilib, ona hörmətlə yanaşan həbsxana personalından ağızdolusu razılıq edir. Məşhur idmançı cinayət məcəlləsinin 2 maddəsiylə təqsirli bilinib -234.4 (narkotik maddələrin satışı) və 206.4 (qaçaqmalçılıq). Ramizi tanıyanlar isə xüsusi olaraq qeyd edirlər ki, boksçu narkotik vasitələri qəbul edənlər, onun satışı ilə məşgul olanlarla barışmaz mübarizə aparıb. Elə bu mübarizənin də qurbanı olub. Beləki, Ramiz nəzərə almayıb ki, narkobaronların bir çoxu MTN-nin sabiq idarə rəisi Akif Çovdarov tərəfindən himayə olunub.

Boksçu Millətim.info-ya ünvanladıgı məktubunda yazır:”Astarada yaşayan bibimoğluna balıqçı Rövşən Pərvizoğlu bir çanta verir ki, apar Bakıya, ora gəlib, səndən götürəcəyəm. O da imtina edib. Vüsal bilirdi ki, balıqçı düz əməl sahibi deyil. Açıq söyləyim ki, bibimoğlu məndən çəkindiyi üçün çantanı Bakıya gətirməkdən imtina etmişdi. Bu isə balıqçı Rövşən və onu himayə edənlərin qəzəbinə səbəb olmuşdu. Həbs olunduğum gün Xətai rayon məhkəməsinə şəxsi işimlə əlaqədar getmişdim. Orada olarkən bibimoğlu zəng vurdu ki, evin açarını ver, gedim biraz sizdə dincəlim. Açarı vermək üçün onun yanına getdikdə, gördüm ki, mülki geyimli şəxslər Vüsalı zorla avtomobilə tərəf çəkirlər. Yaxınlaşıb nə baş verdiyini soruşduqda ,başıma arxadan güclü bir zərbə vuruldu. Başıma çuval geydirib, maşına soxdular. Özümə gələndə qarşımda Çovdarov və onun müavini Vüqarı gördüm. Onlar mənim burnumu, dişlərimi, qabırğalarımı sındırdılar. Çovdarov açıq-aşkar bağırırdı ki, sən kimsən, mənim monopoliyama qarşı çıxırsan. Sənə nə dəxli var narkotikanı kim gətirir, kim satır? Vüsal gördü ki, məni öldürürlər, dedi ki, Ramizin heç nədən xəbəri yoxdur, balıqçı Rövşənin mənə verdiyi çantanı Bakıya gətirməmişəm, Astaradadı, gedək, verim sizə. Çovdarov deyirdi ki,balıqçı Rövşən onların adamıdır. Rövşənin adını cinayət işinə salmayıb, əvəzində məni cinayət məsuliyyətinə cəlb etdilər. Mən etiraz edib, idmançı olduğumu, prezidentə şikayət edəcəyimi söylədikdə Çovdarov; bu ölkənin höküməti də, prezidenti də bizik, kimə istəyirsən şikayət et,-dedi”.

Boksçu onu da qeyd edir ki, balıqçı Rövşənin kürəkəni Rövşən Dağıstan təhlükəsizlik xidmətini hansısa şöbəsinda rəis vəzifəsini tutur. Bax, belə…. Bu da Çovdarovun növbəti cinayətinin qurbanı… Onun barəsində söyləninlərə inanmamaq olmur. Təəssüf ki, araşdırmalar səthi aparılır və nəticədə keçmiş MTN-nin Ramiz Babayev kimi yüzlərlə günahsız qurbanı hələ də məhbus həyatı yaşamağa məhkumdur.

Turan Türk

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.