Ramiz Tağıyev:”Neməti qiyamçı Surətlə nə birləşdirirdi?”
Bir müddət öncə ölkə prezidentinin imzaladığı əfv fərmanı ilə azadlığa qovuşan Milli Azadlıq hərəkatının öncüllərindən biri olmuş Nemət Pənahlı yenidən qalmaqallı açıqlaması ilə gündəmə gəlib. O, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy barəsində bir zamanlar işlətdiyi təhqiredici ifadələrdən peşman olmadıgını söyləyib. Onun açıqlaması Milli Azadlıq hərəkatının digər öndərlərinin ciddi narazılıgına səbəb olub.
Millətim.info-ya bu barədə münasibət bildirən CANP sədri Ramiz Tağıyev Nemətin hər hansı açıqlamasını ciddi qəbul etmədiyini söyləyib:”Nemətin Meydan hərəkatındakı xidmətinə həmişə hörmətlə yanaşmışam. Təəssüf ki, həmin dövrdəki uğurundan sonra onda özünə vurğunluq yarandı. Özündən savayı kimsəni bəyənmədi, hamını qaralamağa çalışdı. Bütün tarixi hadisələri öz adına çıxmaq üçün o qədər yalanlar uydurdu ki, bu onun kimliyini bir daha təsdiq etdi. Bəli, sağlığında Əbülfəz Elçibəy barədə mənim də tənqidi fikirlərim olub. Bununla belə Əbülfəz bəyin Türk dünyasının ən böyük şəxsiyyətlərindən biri olduğunu inkar etməmişəm.”
R.Tağıyev Elçibəyin saflığından istifadə edərək ona çoxlarının xəyanət etdiyini vurğuladı: “O dünyasını dəyişdiyi gün ən əzizimi itirdiyim qədər kədərlənmişəm. Ə.Elçibəy xəyanətdən, kin-küdrətdən, bütün pisliklərdən uzaq durmuş ideal insan idi.Əksinə, ona çoxları xəyanət etdi. Məhz onun təmizliyindən, saflığından istifadə edərək… Nemət hələ bir aydınlıq versin ki, qiyamçı Surətlə onu nə birləşdirirdi? Nədən bu birlik Surət həbs ediləndən sonra davam etmədi? Və yaxud Nemətə ali təhsil diplomu verdirmiş, mənzillə təmin etdirmiş böyük dövlət xadimi Heydər Əliyevin yaxşılıqlarını nə üçün unudub,dünyasını dəyişmiş şəxsiyyət barədə şər-böhtan kompaniyasına başladı. Nemətin səhvləri kifayət qədər olub, ancaq bu gün onların üstündən sükutla keçirəm. Mənim mövqeyim belədir; Ə.Elçibəy və H.Əliyevin tarixi xidmətlərini unudub,onlar barəsində şər-böhtan danışıb,təhqirli ifadələr işlətmək böyük qəbahətdir.Ümumiyyətlə, dünyasını dəyişmiş bütün insanların ruhunu incitmək böyük günahdır.”
Nicat Sadiq