Mayın 10-da, axşam saatlarında Abşeronun Masazır qəsəbəsində yerləşən “Yeni Bakı” yaşayış kompleksində insident baş verib. Bu barədə Qafqaznews.az-a məlumat verən sakinlər bildiriblər ki, kompleksdə yaşayan Qabil Səfərov adlı sakinin işığı MTK rəhbərliyi tərəfindən dayandırılıb, işığı yandırmaq istədikdə isə mühafizəçilər ona mane olub. Şahidlərin sözlərinə görə, təzyiqlərdən əsəbləri pozulan Q.Səfərov üstünə benzin töküb, özünü yandırmağa cəhd etsə də, sakinlər ona mane olublar.
Qabil Səfərov saytın əməkdaşına bildirib ki, mayın 10-da aylıq işıq borcunu ödəmək üçün MTK-nın ofisinə getsə də, ondan pulu almaq istəməyiblər: “Məndən ayrıca toplanılan kommunal ödənişi tələb olundu. Bu ödəniş çox baha olduğu üçün, biz bir neçə sakinlə birlikdə ödəməkdən imtina etmişik. Amma kommunal ödənişin işıqpulu və supuluna aiddiyyatı yoxdur. Gündüz saat 12 olardı, gördük işıq şitimizi velosiped trosu ilə bağlayıblar, işığımız yanmır. Ehtiram Yusifov mühafizəçiləri də göndərib ki, mənə mane olsunlar, təxribata çəksinlər. Mən gördüm ki, burda bir dava düşəcək, ona görə də axşam 9-10 radələrində 102-yə zəng etdim. Bir mayor və bir kapitan olmaqla iki polis zabiti gəldi, mühafizəçilər qapıdan getdilər. Şiti açdıq gördük ki, özümüz yandıra bilməyəcəyik. Polislər getdikdən sonra da bu təxribat davam etdi. Mən çıxdım benzin almağa, oğlum yenidən 102-yə zəng etdi. Mən özümü yandırmağa çalışanda, sakinlər qaçıb mane oldular. Daha sonra iki polis əməkdaşı gəldi. Məni şöbəyə aparmaq istədilər, amma mən bildirdim ki, burda bizi bu həddə çatdıranlar da məsuliyyətə çağırılmalıdır. Ehtiram Yusifov ora gəlməkdən imtina etdi. Polislər elektriki tapıb gətirdilər, o da bir bəhanəylə boyun qaçırıb getdi. Gecə 2-3 arası polis evimizə gəldi, şam işığında izahat yazdım. Hələ də işığımızı yandırmayıblar. Komendant Ehtiram Yusifov mart ayında mənə yumruq vurmuşdu, amma Abşeron RPİ-dən hələ konkret addım görmürük . İşçilərə deyib ki, o məsələni həll etmişəm, söhbət bağlanıb. İşi aparan təhqiqatçı Zamiq Mustafayevdən də bir məlumat ala bilmirəm”.
Z.Mustafayev isə açıqlama verməkdən imtina etdi və bildirdi ki, mart ayında baş verən insidentlə bağlı qərarı Q.Səfərov özü gəlib ondan ala bilər.
Xatırladaq ki, aprelin 5-də dərc olunan ““Yeni Bakı”nın sakinləri özbaşınalıq və kobudluqdan şikayət edir” başlıqlı yazıda bu hadisə ilə bağlı məlumat vermişdik.
Abşeron RPİ-dən öyrəndik ki, ötən gecə baş verən insidenti Elnur adlı təhqiqatçı araşdırır (bizə onun soyadını bildirmədilər – red.). Həmin təhqiqatçının mobil telefon nömrəsinə zəng etdik, o isə “hazırda hadisə yerindəyəm, sonra sizə zəng edəcəyəm” deyə dəstəyi asdı. Sonrakı saatlarda isə Elnurun nömrəsinə zəng çatmırdı.
Abşeron RPİ-nin İstintaq Şöbəsinin rəisi Bilal Nəbiyevlə əlaqə saxladıq. O bildirdi ki, bu və digər insidentlə bağlı heç bir məlumata malik deyil: “Lakin yanıma gəlsinlər, çalışaram kömək edim”.
Biz adıkeçən komendant Ehtiram Yusifovun bizdə olan bir neçə telefon nömrəsinə zəng edərək, onun da fikrini öyrənməyə çalışdıq. Lakin E.Yusifov bizim zənglərimizə cavab vermədi.
Xatırladaq ki, aprelin əvvəlində “Yeni Bakı” sakinləri sayta müraciət etmişdilər. Müraciətdə qeyd olunur ki, digər yaşayış massivlərində kommunal ödəniş hər kvadrat metrə 20 qəpik olduğu halda, “Yeni Bakı”da hər kvadrat metrə görə 40 qəpik aylıq ödəniş toplanılır. “Beləliklə, mənzillərdən külli miqdarda kommunal xidmət haqqı toplanılır, lakin yaradılan şərait heç də ürəkaçan deyil. Sadəcə lifti və həyətin təmizliyini bəhanə edərək, bu məbləğin yığılması haqsızlıqdır.
Təhlükəsizlik kameralarının da çoxu işləmir, bu yaxınlarda şəhərcikdə 2 oğurluq hadisəsi baş verdi, kameralardan görüntü ala bilmədilər. Nə üçünsə usta lazım olanda özümüz tapıb gətiririk, əgər məişət-kommunal problemlərini özümüz həll ediriksə, bu qədər yüksək kommunal ödəniş absurddur. Kommunal xidmətdən əlavə, biz qazpulu, işıqpulu və supulu da veririk. Onlar “Azərişıq”dan elektrik enerjisini ümumi alır, bizə isə nisbətən baha qiymətə satırlar.
“Azərsu”ilə də vəziyyət belədir. İstəyirik ki, bu iş birbaşa olsun, hansısa problem yarandıqda birbaşa həmin qurumlardan haqqımızı tələb edək. Bizə hansısa mətbəədə çap etdirdikləri kağızlarda qəbz verirlər. Bunun isə adıkeçən qurumlarla heç bir əlaqəsi yoxdur. Onlar bizimlə bağladıqları müqaviləyə belə əməl etmirlər”, – deyə sakinlər vurğulayıblar.
Onların sözlərinə görə, komendant E.Yusifovun göstərişilə, kommunal ödənişi keçirməyən sakinlərin işıqlarını söndürür: “Çıxıb görürük ki, elektrik şitlərini velosiped trosu ilə bağlayıb. Səbəbini soruşduqda deyir ki, kommunal ödənişi keçirin, sonra imkan verək. Ofisə gedib digər ödənişləri edəndə qəbul etmirlər ki, əvvəlcə kommunal xidmət haqqını keçirin. Ehtiram Yusifov sakinlərlə çox kobud danışır və hətta deyir ki, “mənim arxamda duranlar var, kimə şikayət edirsinizsə edin”.
Rüfət Əhmədzadə
Qafqaznews.az