“Eurovision” mahnı müsabiqəsində Ermənistanı cəzalandırmaq üçün petisiya hazırlanıb.
Petisiya Avropa Yayım İttifaqı, “Eurovision” mahnı müsabiqəsi, Avropa Yayımları Birliyinin prezidenti Jan Pol Filippo, “Eurovision” Məşvərət Qrupunun sədri doktor Frank-Dieter Freiling, Avropa Yayım İttifaqı nümayəndəsi Jon Ola Sanda ünvanlanıb. Azərbaycanlılar tərəfindən hazırlanan petisiyada deyilir:
“Əgər tədbir görülməzsə, yarışın nüfuzu aşağı düşəcək”.
“Hörmətli “Eurovision” təşkilatçılarından olan Jan Pol Filippo, “Eurovision” mahnı müsabiqəsi müxtəlif mədəniyyətləri təmsil edən xalqların bir araya gəldiyi səhnədir. Ona görə də onlar öz ölkələrini mahnı ifa edərək təmsil edirlər.
“Eurovision” həmişə sülh və həmrəyliyə tərənnüm, nifrəti isə rədd edən müsabiqə kimi tanınıb. Amma bu gün yarışmanın bu imici sual altındadır. Çünki ötən gün Stokholmda Ermənistan nümayəndəsi öz siyasi planları üçün özlərinə sərf edən səhnə ilə yadda qalıb. Belə ki, onlar qondarma Dağlıq Qarabağ bayrağını dalğalandırıblar. Bu ərazi hamı tərəfindən Azərbaycanın bir hissəsi kimi tanınır. Ermənistan bu hərəkəti ilə nəinki “Eurovision” müsabiqəsinin beynəlxalq norma və prinsiplərinə məhəl qoymayıb, ona hörmətsizlik edib, o, eyni zamanda bu müsabiqəni siyasi cəhətdən neytral məkan kimi nüfuzdan salıb. Hörmətli Jan Pol Filippo, müsabiqənin şərtlərinə görə, sizin Ermənistanı diskvalifikasiya etmək hüququnuz var.
Bunu aşağıdakı qaydalardan da aydın görmək olar:
“Eurovision” mahnı müsabiqəsi zamanı nə mahnının sözlərində, nə çıxışda siyasi və buna bənzər hallara icazə verilmir. Bundan başqa, siyasi xidmət göstərən heç bir müəssisə, təşkilat, məhsulun da bu yarışa daxil olmasına icazə yoxdur.
Bu qaydanın pozulmasına görə cəza tətbiq olunmalıdır. Əgər siz bu siyasətlə məşğul olanlara qarşı bu cəriməni bu gün tətbiq etməsəniz, onda sabah daha böyük problemlərlə üz-üzə qalacaqsınız. “Eurovision” mahnı müsabiqəsində siyasi səhnələrin olması onu televiziya tamaşaçıların gözündən sala, ümumiyyətlə, onun nüfuzuna zərər vura bilər. Biz qəti əminik ki, siz düzgün qərar verəcəksiniz. “Eurovision”un norma və qaydalarının pozulmasına və yarışın şöhrətinə zərər vurduğuna görə, erməni nümayəndələrindən ciddi ölçü götürüləcək”.
Ötən gün Stokholmda keçirilən “Eurovision” – 2016 mahnı müsabiqəsində Ermənistan təxribata əl atıb. Müsabiqədə iştirak edən erməni nümayəndə heyəti müsabiqə keçirilən zalda separatçı Dağlıq Qarabağ Respublikasının (DQR) bayrağını dalğalandırıb.
Stokholmda keçirilən müsabiqənin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını yarışmanın keçirdiyi məkana gətirərək Avropa Yayımları Birliyinin qaydalarını pozub.
Hadisə ilə bağlı müsabiqənin prodüseri Sven Stojanoviç jurnalistlərə bildirib ki, erməni ifaçının bu bayrağı zala gətirməsi qanunsuzdur və məsələ ilə bağlı Avropa Yayımları Birliyi araşdırma aparacaq.
Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan separatçı rejimin bayrağını nümayiş etdirib!
Aprelin 29-da Avropa Yayımçılar İttifaqı müsabiqənin yarımfinal və finalının keçiriləcəyi zallara gətirilməsi qadağan olunan bayraqların siyahısını açıqlamışdı.
Siyahıda İspaniyada baskların yaşadığı bölgə, Kosovo, Krım, Fələstin və qondarma Dağlıq Qarabağ Respublikasının bayraqları yer almışdı.
ANS