Ramiz Tağıyev: “Bilirdilər ki, onun nüfuzu hansısa məkrli niyyətin həyata keçməsinə imkan verməz”
“Fikir versəniz görərsiniz ki, Dağlıq Qarabağdakı separatizm məhz onun vəzifədən azad edilməsindən sonra başladı”
Mayın 9-da Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
İlham Əliyev mərhum prezidentin keçdiyi həyat yolundan danışaraq bildirib ki, dahi siyasətçi vəzifə başında olsaydı, heç vaxt imkan verməzdi ki, separatçılar Dağlıq Qarabağda baş qaldırsın: “O, Azərbaycanın inkişafına daim diqqət yetirirdi. Hər il məzuniyyətə çıxıb Azərbaycana gəlirdi. Mən yaxşı bilirəm ki, o məzuniyyət formal xarakter daşıyırdı. Çünki o, məzuniyyəti daim görüşlərdə keçirirdi və onun verdiyi tapşırıqlar 1980-ci illərdə Azərbaycanın inkişafına çox böyük xidmət göstərmişdir.
Ancaq 1987-ci ildə Heydər Əliyev tamamilə əsassız olaraq bütün vəzifələrdən kənarlaşdırıldı. Bu ona qarşı, eyni zamanda, Azərbaycana qarşı böyük ədalətsizlik və təxribat idi. Onun istefasından iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırmışdılar. Yəni Heydər Əliyev amili onlara imkan vermirdi ki, bu çirkin niyyətlərini ifadə etsinlər. Ancaq Heydər Əliyev siyasi səhnədən gedəndən sonra bu məsələ qalxdı və dərhal ondan sonra Dağlıq Qarabağda xoşagəlməz hadisələr başladı, Ermənistanın təhriki ilə orada separatçı meyllər gücləndi. Əfsuslar olsun ki, o vaxtkı sovet rəhbərliyi cinayət törədərək bu xoşagəlməz meyllərin qarşısını almadı. Nəinki almadı, almaq istəmədi. Sovet İttifaqının dağılması prosesi məhz o vaxtdan başladı.
Mən yaxşı xatırlayıram ki, Heydər Əliyev bu vəziyyətlə bağlı çox məyus olmuşdu. Onun qurub-yaratdığı vəziyyət dağılırdı. O burada rəhbər vəzifədə işləyəndə mütəmadi qaydada Dağlıq Qarabağa səfərlər etmişdi – Xankəndiyə, Şuşaya. Mən də o səfərlərin canlı şahidiyəm, iştirakçısıyam. Heç bir amil onu göstərmirdi ki, orada separatçı meyllər güclənə bilsin. Yəni bu, süni şəkildə ortaya atılmış bir təxribat idi. Əfsuslar olsun ki, bu günə qədər Azərbaycan bu təxribatın acı nəticələrini yaşayır”.
İlham Əliyevin səsləndirdiyi fikirlərdən aydın olur ki, ermənilər Dağlıq Qarabağdakı separatçılığa Heydər Əliyev amilinin olmamasından istifadə edərək başlayıb. Heydər Əliyevin vəzifədə olmaması ermənilərin qazandıqları və müvəqqəti xarakter daşıyan üstünlüyünə nə kimi stimul verib?
Heydər Əliyevin Naxçıvan Ali Məclisinə rəhbərlik etdiyi vaxt MR-in deputatı olan tanınmış siyasətçi Ramiz Tağıyev qəzetimizə açıqlamasında bildirdi ki, bu amilin böyük rolu olub: “Tale elə gətirdi ki, mən Heydər Əliyevlə çox yaxın münasibətdə ola bildim. İlham Əliyev son nitqində Heydər Əliyevin üzləşdiyi təqiblər və onun Naxçıvanda keçirdiyi illər barədə qısa və dəqiq məlumat verib: “Naxçıvan əhalisi onun ətrafında birləşərək o ağır illəri şərəflə yaşamışdır.
İlk növbədə naxçıvanlılar Heydər Əliyevi bütün təzyiq və təxribatlardan qorudular. Sonra isə o, Naxçıvanın rəhbəri kimi, Naxçıvanı işğaldan qorudu. O illər müstəqilliyimiz üçün həlledici illərdir. Çünki mən hesab edirəm ki, müstəqilliyə gedən yol məhz o illərdə Naxçıvanda başlamışdır. Çünki Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağı – bizim dövlət bayrağımız Naxçıvanda dövlət bayrağı kimi elan edilmişdir…”.
Tam razıyam. Bütün bunları biz birgə yaşamışıq. Bunu təsadüfən xatırlatmadım. Onunla yaxından təmasım mənə bu dahi şəxsiyyəti çox yaxşı tanımağa imkan verdi. Əmin oldum ki, xalqımız bu liderin qədrini bilməlidir. Vaxtilə Heydər Əliyevin keçmiş SSRİ-nin ən ali siyasi olimpinə yüksəlməsi erməniləri narahat edirdi. O vaxtlar ondan ən çox yazılan şikayətlər də məhz ermənilər tərəfindən edilirdi. Bəli, onlar Heydər Əliyevin avtoritetinə yaxşı bələd idi. Bilirdilər ki, onun nüfuzu hansısa məkrli niyyətin həyata keçməsinə imkan verməz. Fikir versəniz görərsiniz ki, Dağlıq Qarabağdakı separatizm məhz onun vəzifədən azad edilməsindən sonra başladı”.
Məhəmmədəli QƏRİBLİ