Rusiyanın “Birinci kanal”nın müxbiri Azərbaycan və Dağlıq Qarabağın münaqişə zonasında olub.
Telekanal münaqişə haqqında geniş reportaj hazırlayıb. “Birinci kanal” reportajına Şəhidlər Xiyabanında başlayaraq burada uyuyanların 1990-cı ildə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olduğunu qeyd edib. Daha sonra rusiyalı müxbir Dağlıq Qarabağ ərazisinə görə Ermənistanla Azərbaycan arasında şiddətli hərbi ixtilaflardan söz açır. Bu müharibədə on minlərlə insanın həlak olduğunu qeyd edir.
Rusiyalı müxbirlərin reportajına görə, Azərbaycanın yaşlı nəsli müharibə istəmir və münaqişənin sülh yoluyla həll olunmasına tərəfdardır. Yaşlı nəsil məsələnin danışıqlar yolu ilı həll olunmasını və bu prosesdə Rusiya prezidenti Vladimir Putinin böyük rol oynayacağına ümüd edir.
“Birinci kanal” reportajında “Azərbaycanda “barıt qoxusu” hiss etməyən gənc nəslin müharibə istədiyini və ermənilər tərəfindən işğal olunmuş torpaqların yalnız müharibə yoluyla azad olunmasına tərəfdar” olduğunu vurğulayır. Daha sonra Rusiya televiziyasının nümayəndələri Qarabağı göstərirlər. Ruslar burada erməni silahlı qüvvələri tərəfindən atılmış mərmi nəticəsində həlak olmuş dinc sakin 16 yaşlı Turanə Həsənlinin valideyinləri ilə görüşüb.
Qarabağdan sonra müxbir Rusiyanın Qavrilovo kəndindən söz açır, burada yaşayan azərbaycanlı-erməni Adil və Karine Məmmədovlar ailəsini göstərir, onların münaqişəyə münasibətini nümayiş etidirir.
Sonda Rusiya telekanalı aprel ayında cəbhə xəttində baş verən gərginlikdən danışır. Tərəflər arasında qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması haqda razılığın əldə olunduğunu vurğulayır.
Cəbhə xəttində aprelin 1-dən 5-nə kimi davam edən hərbi əməliyyatlar zamanı erməni silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini də atəşə tutub. Atışma nəticəsində mülki əhalidən 1-i azyaşlı olmaqla 4 nəfər ölüb, 2-i azyaşlı olmaqla 18 nəfər yaralanıb.
Aprelin 1-dən 5-nə qədər cəbhə xəttində vəziyyət gərgin olub. Həmin vaxt Ermənistan ordusu işğal altında saxladığı ərazilərdən Azərbaycanın cəbhə kəndlərini intensiv şəkildə atəşə tutub. Ermənistanın təxribatlarına qarşı cavab tədbirləri həyata keçirən Azərbaycan ordusu işğal altında olan bəzi əraziləri azad edib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Döyüşlərdə ermənilərə məxsus onlarla tank, artilleriya, möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Düşmənin çoxlu sayda hərbi qulluqçusu – polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.
Aprelin 5-də Müdafiə Nazirliyinin verdiyi məlumata görə, saat 12:00-dan hər iki tərəfin razılığı ilə təmas xəttində atəşkəs elan olunub. Aprel ayının 8-də və 9-da qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib. ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi həyata keçirilib. (Ans)