Cinayət Məcəlləsinə hansı dəyişikliklər edilib?

0
4

“Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən dünənki iclasda iqtisadi fəaliyyət sahəsində olan cinayətlərlə bağlı əhəmiyyətli qanunlar qəbul edilib”.

 Bunu Milli Məclisin deputatı Vüsal Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə 20-dən artıq maddədə cinayət məsuliyyətin yaranması üçün əsas hesab edilən məbləğlərin miqdarı əhəmiyyətli dərəcədə artırılıb və bununla bu hüquqpozmalara görə cinayət məsuliyyəti aradan qaldırılıb:

“Belə ki, mövcud Məcəllədə qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə, əmtəə nişanlarından qanunsuz istifadə etmə, bilə-bilə yalan reklam etmə, qəsdən müflisləşmə və digər hüquqpozmalar üçün cinayət məsuliyyəti bu əməllər nəticəsində vurulmuş ziyanın miqdarı min manatdan artıq məbləğdə olduqda yaranırdı. Bu isə bəzi hallarda böyük ictimai təhlükə törətməyən belə əməllərə görə iqtisadi fəaliyyət subyektlərinin, iş adamlarının cinayət məsuliyyətinə cəlb edilməsinə, bəzən neqativ hallarla üzləşməsinə səbəb olurdu”.

Millət vəkili bildirib ki, yeni dəyişikliklərə əsasən isə bu məbləğ əhəmiyyətli artırılaraq iyirmi min manat müəyyən edilib:

“Eyni qaydada bu əməllərlə bağlı daha ağır sanksiyaların nəzərdə tutulduğu külli miqdarla bağlı hədlərdə artırılmış və bu halda yüz min manatdan artıq məbləğ müəyyən edilib. Vergi ödəməkdən yayınma və gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı maddələrdə də eyni yanaşma əsas götürülmüş xeyli miqdarda bu ödənişlərdən yayınma üçün mövcud məbləğlər iki min manatdan artırılaraq iyirmi min manatdan artıq məbləğ, külli miqdar üçün isə yüz min manatdan artıq olan məbləğ müəyyən edilib.

Praktikada bu yeniliyin tətbiqi o deməkdir ki, əgər bu Qanundan əvvəl sahibkar iki min manatdan yuxarı məbləğdə vergiləri və ya məcburi dövlət sığorta haqlarını ödəməkdən yayındığı təqdirdə o cinayət məsuliyyətinə cəlb edildisə artıq onun barəsində cinayət təqibi tədbirləri iyirmi min manatdan artıq məbləğdə yayınma baş verdikdə başlayacaqdır. Bu isə iqtisadi sahədə olan cinayətlərlə bağlı məsuliyyətin ümumi olaraq yüngülləşdirilməsi və bu Qanunda olan konkret maddələr və halların isə dekriminallaşdırılması deməkdir. Bu dəyişikliklərlə Məcəllədə müəyyən edilən qanunsuz sahibkarlıq və ya yalançı sahibkarlıq əməlini ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən tam azad olunması barədə yeni müddəa əlavə edilib”.

Vüsal Hüseynov qeyd edib ki, xarici ölkələrin cinayət qanunvericiliklərində oxşar maddələr üzrə məsuliyyət yaradan maddələrin müqayisəli təhlili göstərir ki, bu məbləğlər yüksək müəyyən edilib: “Müqayisədə bu məbləğin az hesab edildiyi qonşu Rusiyada vergidən yayınmaya görə məsuliyyət təqribən 35000-40000 ətrafındadır.

Təbii ki, bu dəyişikliklər ümumi olaraq bu hüquqpozmalara yol vermiş şəxsləri tamamilə məsuliyyətdən azad etmir və bu əməllərə görə inzibati xətalar məcəlləsi ilə müəyyən edilmiş məsuliyyət tətbiq ediləcəkdir. Dünən Milli Məclis həmçinin İnzibati Xətalar Məcəlləsinə bununla bağlı təklif edilən müvafiq dəyişikliklərə də baxmış və qəbul edilib.

Cinayət məsuliyyəti yaradan məbləğlərin artırılması müvafiq olaraq bu maddələrdə sanksiyaların dəyişdirilməsi və uyğunlaşdırılmasını da təmin edib. Belə ki, sanksiyalarda artıq konkret məbləğlər deyil vurulmuş ziyanın müvafiq mislinə uyğun cərimələr müəyyən edilib. Xeyli miqdarlar bağlı ziyanın 2-4 misli, külli miqdarda olduqda isə 3-5 misli məbləğində cərimələr müəyyən edilir. Bu da özlüyündə vurulmuş ziyanla sanksiya arasında olan uyğunsuzluğu aradan qaldıracaq və sanksiyaların çəkindirici təsirini işə salacaqdır.

Bu Qanun 2016-cı il il 1 iyundan qüvvəyə minəcəkdir və bu Qanunun qüvvəyə minməsi ilə hazırda bu maddələr üzrə barələrində cinayət işlərinin istintaqı gedən şəxslər və məhkum edilmiş şəxslər məsuliyyətdən azad ediləcəklər”.