Azərbaycanda “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar olaraq, Bakı şəhəri ərazisində yarışın hərəkət istiqaməti üzrə bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Bölmə rəisinin sözlərinə görə, İdarə avtomobil sahibləri, paytaxt sakinləri və sürücülərin nəzərinə çatdırır ki, mayın 4-də səhər saat 09:30-dan etibarən start veriləcək yarış paytaxtın Dövlət Bayrağı Meydanından Bakı Dairəvi yolu ilə Bakı-Sumqayıt şosesi, Masazır-Novxanı-Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bır sıra mərkəzi küçələri üzrə davam edəcək:
“Həmin marşrut üzrə kəsişən əksər küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək. Sürücülərdən xahiş olunur ki, həmin gün alternativ yollardan istifadə etsinlər”.
Mayın 5-də saat 09:30-dan 15:30-dək Bakı şəhərindən Şamaxı-İsmayıllı istiqamətində olan avtomobil yolu bağlanacaq.
Bununla yanaşı, mayın 6-da saat 09:30-dan 15:00-dək Qəbələ-Oğuz-Şəki istiqamətində və Şəki şəhərinin bir sıra mərkəzi küçələrində, mayın 7-də saat 09:30-dan 13:30-dək Qəbələ-İsmayıllı-Şamaxı istiqamətində Pirqulu kəndinədək magistralda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.
Mayın 8-də səhər saat 09:00-dan 12:00-dək Bakı şəhərində Azadlıq meydanı – Neftçilər prospekti – Nobel prospekti – Zığ şosesi – Qala yolu – Buzovna – Bilgəh – Zuğulba – Buzovna – Hava limanı şosesi marşrutu üzrə, saat 09:00-dan 15:30-dək isə Heydər Əliyev prospekti – Yusif Səfərov küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı – Nefçilər prospekti – İçərişəhərdə Kiçik Qala küçəsi – Qoşa Qala Qapısı – İstiqlaliyyət küçəsi – Sona xanım Vəliyeva küçəsi – Lermontov küçəsi – Teymur Elçin küçəsi – Mehdi Hüseyn küçəsi – Parlament prospekti – Hüseyn Cavid prospekti – Landau küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsi – Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Bülbül prospekti – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı marşrutu üzrə nəqliyyatın hərəkəti dayandırılacaq.