Pentaqon bəyan edib ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-27 qırıcısı tərəfindən Baltik dənizi üzərində ABŞ-ın kəşfiyyat təyyarəsinə hücum etməsi iki ölkə arasında gərginliyin artmasına səbəb ola bilər.
Məlumata görə, Pentaqonun rəsmi nümayəndəsi Mişel Baldansa bildirib ki, bu cür təhlükəli və qeyri peşəkar hava hücumu bütün ekipajda travma və zədələrə səbəb ola bilər.
“Bundan başqa, qeyri peşəkar hansısa pilotun hərəkətləri ABŞ və Rusiya arasında gərginliyin arzuolunmaz səviyyəyə çatmasına səbəb ola bilər”, – Amerika rəsmisi bildirib.
Onun sözlərinə görə, RC-135 Amerika təyyarəsi beynəlxalq hava sahəsində uçuş həyata keçirərkən Rusiyanın Su-27 qırıcısı tərəfindən hücuma məruz qalıb. Mişel Baldansa bu hücumun Rusiya hrəbi təyyarəsinin ABŞ-ın Donald Cook esminesinə qarşı edilən təxribatdan bir neçə həftə sonra baş verdiyini xatırladıb.
Pentaqon rəsmisinin sözlərinə görə, son bir ildə bu cür insidentlərin sayı artıb: “Rusiya hərbi təyyarələrinin qeyri peşəkar və təhlükəli manevrləri təhlükəsizlik məsələsi ilə bağlı çox ciddi narahatlığa səbəb olub.”
Ötən gün Baltik dənizi üzərində, neytral hava məkanında ABŞ və Rusiya hərbi təyyarələri arasında misli görünməmiş dərəcədə təhlükəli insident baş verib.
Rusiyanın Su-27 qırıcısı ABŞ-ın RC-135 kəşfiyyat təyyarəsinə olduqca təhlükəli yaxın – təxminən 30 metr məsafədən uçub və faktiki olaraq onunla tarana gedib.
CNN mənbələrinə istinadən xəbər verirdi ki, Pentaqon rəsmiləri məlum insidenti havada ox təhlükəli manevr kimi qiymətləndirir. ANS PRESS