Naxçıvanın sabiq “MTN şefi”ni döyüb, üzünə tüpürüblər

0
3

 

Naxçıvan Muxtar Respublikasının hazırda ev dustağı olan keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov işgəncələrə məruz qalıb. Bu haqda keçirdiyi mətbuat konfransında onun vəkili Vüqar Xasayev bildirib.

Modern.az xəbər verir ki, Vüqar Xasayevin sözlərinə görə, o, martın 14-dən Vəli Ələsgərovun vəkilidir.

 

Lakin bu müddət ərzində müdafiə etdiyi şəxslə yalnız iki dəfə görüşə bilib. Yerli rəhbərlik vəkilə müdafiə etdiyi şəxslə görüşməyə imkan vermir. Vəkil bildirib ki, Vəli Ələsgərova ondan imtina etmək üçün təzyiqlər edilib.

“Lakin Vəli Ələsgərov məndən imtina etməyib. Mən hələ də onun vəkiliyəm. Baş verənlərlə bağlı Baş Prokurorluğa müraciət etmişəm. Lakin müraciətim araşdırılması üçün Naxçıvan prokurorluğuna göndərilib. Halbuki mənim şikayətim elə bu qurumdandır”, – deyə Vüqar Xasayev bildirib.

Vəkil Vəli Ələsgərova qarşı irəli sürülən rəsmi ittihamı da açıqlayıb: “Vəli Ələsgərova qarşı Cinayət Məcəlləsinin 3 maddəsilə ittiham irəli sürülüb: 179.3.2 (dövlət məlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən istifadə etmə) və 309.1 maddələri (vəzifə səlahiyyətlərini aşma). Müdafiə etdiyim şəxs bu ittihamları rədd edir.

Digər tərəfdən, bu ittihamları əsaslandıracaq hər hansı sübut yoxdur. Bu maddələr vəzifədən çıxarılan hər bir məmura qarşı irəli sürülə bilər. Yəni, növbətçi maddələrdir”.

Vüqar Xasayev bildirib ki, Vəli Ələsgərovun həbsinin əsl səbəbi “MTN işi” ilə bağlıdır: “Bu məsələ Eldar Mahmudovla əlaqəlidir. Halbuki Vəli Ələsgərovla Eldar Mahmudov arasında həmişə ziddiyyətlər olub.

Sadəcə, kimlərsə səhv məlumatlar veriblər”. Vəkil daha sonra bildirib ki, Vəli Ələsgərov mütəmadi işgəncələrə məruz qalır: “Onu döyür və ləyaqətini alçaldan hərəkətlərə yol verilir, üzünə tüpürüblər”.