FRANSA ERMƏNİ LOBBİSİNİN SİYASİ GÜCÜNÜ ZƏİFLƏDƏN MÜHÜM LAYİHƏLƏR…

0
5

FRANSA ERMƏNİ LOBBİSİNİN SİYASİ GÜCÜNÜ ZƏİFLƏDƏN MÜHÜM LAYİHƏLƏR…

“Təbii ki, yüksək səviyyədə inkişaf edən münasibətlərin bu məsələdə xüsusi rolu var”

Fevralın 19-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Fransa Senatının Yuxarı Departamentindən olan senatoru, Fransa-Qafqaz dostluq qrupunun üzvü Jan-Mari Bokelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fransa Senatının üzvlərini Bakıda görməkdən məmnun olduğunu bildirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nümayəndə heyətinin bu səfərinin Azərbaycan-Fransa əməkdaşlığının daha da möhkəmlənməsinə, xüsusilə də parlamentlərarası əlaqələrin genişlənməsinə töhfə verəcəyini vurğulayıb. Mehriban Əliyeva ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə güclü əməkdaşlığın olduğunu, əlaqələrin yaxşı templərlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, əməkdaşlığın yüksək səviyyəyə çatmasında Fransa Senatının üzvlərinin, həmçinin Azərbaycanın Fransadakı dostlarının və Fransa-Azərbaycan dostluq qrupunun üzvlərinin əməyi böyükdür. Dostluq qrupunun əsas məqsədi Azərbaycan reallıqlarını Fransa ictimaiyyətinə çatdırmaqdır.
“Şadam ki, birgə fəaliyyətimiz nəticəsində son illər bir çox uğurlara nail olmuşuq. Bu illər ərzində Fransa və Azərbaycanın 12 regionu və şəhəri arasında qardaşlaşma və əməkdaşlıq haqqında sənədlər imzalanıb”, – deyən Mehriban Əliyeva ölkəmizdə fransız liseyinin fəaliyyət göstərdiyini, bu il isə Fransa Universitetinin açılışının nəzərdə tutulduğunu da qonaqların diqqətinə çatdırıb.
Heydər Əliyev Fondunun prezidenti Fransada Azərbaycan mədəniyyəti ilə bağlı müxtəlif tədbirlərin təşkil olunduğunu, bu il də belə tədbirlərin keçiriləcəyini bildirərək, bütün bunların ölkəmizin daha yaxşı tanıdılmasına xidmət etdiyini vurğulayıb. Ölkəmizə səfər edən Fransa Senatı üzvlərinin, paytaxtla yanaşı, regionlarımıza da səfər edəcəyini məmnunluqla qeyd edən Azərbaycanın birinci xanımı səfər zamanı qonaqların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş insanlarla görüşəcəyini deyib. Azərbaycanın 20 ildən çoxdur münaqişənin sülh yolu ilə həllinə çalışdığını diqqətə çatdıran Mehriban Əliyeva danışıqların heç bir nəticə vermədiyini təəssüflə vurğulayıb. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri bildirib ki, Azərbaycan dövləti bu məsələdə Fransanın dəstəyini yüksək qiymətləndirir.
“Mövqeyimiz bəllidir: bizim digər ölkənin torpaqlarına iddiamız yoxdur. Biz Azərbaycan torpaqlarının azad olunmasını, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını istəyirik”, – deyən M.Əliyeva Fransada güclü erməni lobbisinin fəaliyyət göstərməsindən danışıb və vurğulayıb ki, onların əsas məqsədi Azərbaycan haqqında yalan informasiya yaymaqdır. Dostluq qrupunun məqsədi isə Fransa ictimaiyyətini həqiqətlərlə tanış etməkdir. M.Əliyeva bu işdə göstərilən dəstəyə görə Fransa Senatının üzvlərinə təşəkkürünü bildirib.
Fransa Senatının üzvü Jan Mari-Bokel Azərbaycanın birinci xanımı M.Əliyevanın iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində rolunu yüksək qiymətləndirib.
Məlumdur ki, ermənilərin ən güclü lobbisinin olduğu ölkələrdən biri də Fransadır. Azərbaycanın birinci xanımının Azərbaycanla Fransa arasındakı münasibətlərin ən yüksək səviyyədə olması ilə bağlı dediyi fikirlərdən bu nəticəni çıxarmaq olarmı ki, Dağlıq Qarabağ probleminin həllində bu amil erməni lobbisinin fəaliyyətini neytrallaşdıra bilər?
Politoloq Qabil Hüseynli açıqlamasında bildirdi ki, Azərbaycanın Fransa ilə münasibətlərinin belə yüksək səviyyədə qurulması olduqca təqdirəlayiqdir:
“Çünki Fransa ATƏT-in Minsk Qrupunun üzvü olan ölkədir. Eyni zamnda erməni lobbisinin geniş təsir imkanlarına malik dövlətdir. Azərbaycanın məhz birinci xanımı səviyyəsində belə yüksək səviyyədə dostluq əlaqələrinin qurulması həmin dövlətdə Azərbaycanın maraqlarını gücləndirmiş olur. Təbii ki, 12 region və şəhər arasında qardaşlaşma böyük nailiyyətdir. Biz Fransanın son vaxtlar Dağlıq Qarabağla bağlı bir qədər dinamikləşdiyini görürük. Bunu Böyük Sülh Sazişi ilə bağlı həmin ölkənin göstərdiyi təşəbbüsə və münaqişənin həlli ilə bağlı yeni çağırışlara aid edə bilərik. Təbii ki, yüksək səviyyədə inkişaf edən münasibətlərin bu məsələdə xüsusi rolu var”.
Məhəmmədəli QƏRİBLİ

LEAVE A REPLY