“Həmin “elitar” zümrədir Azərbaycanda soyadların milliləşməsinə imkan verməyən”
Sabir Rüstəmxanlı:“Bakının küçələrində əhalinin çoxu rusca danışanda bunların səsi niyə çıxmırdı?”
Sabir Rüstəmxanlı ilə görüşmək planım çoxdan vardı. Bəlli ki, indi Sabir bəyin personası, bir az onun özü üçün də, cəmiyyət üçün də, xeyli fərqli çalarlarla zənginləşib. İllərlə oturduğu parlament kürsüsü indi başqa birinə veildiyindən, onun ictimai-siyasi proseslərdə ənənəvi olmayan vasitələrlə iştirakına imkanlar yaranıb. Həm də Sabir bəyin ədəbi fəaliyyətinin daha da məhsuldar fazaya girdiyinin şahidi oldum. İş stolunun üstündə qalaqlanan əlyazmalar da bunnan xəbər verirdi. Bir sözlə, adamın bütün həyat tərzində bəlli dəyişikliklərin olduğu indi şübhə doğurmur…
Amma bu dəfəki görüşümüz zamanı Sabir bəyin yanına, illərlə adət etdiyi ziyarətçilər axınının hələ də dəyişmədiyinin şahidi oldum. Açığını deməliyəm ki, onu tanıdığım bütün bu illər ərzində, hər görüşümüzün müxtəlif məqsədli ziyarətçilər tərəfindən dəfələrlə bölündüyünü gördüm. Və bu ziyarətçilərin tam əksəriyyətinin də bircə istəyi olur. Adamlar Sabir bəydən pul istəyirllər və hər gün bu məqsədlə gələnlərin sayı onlarla ölçülür…
Bu dəfə də istisna olmadı və təzəcə otağa girmişdim ki, katibə, şəhid ailəsinin gəldiyini dedi. Bir cavan oğlannan yaşlı qadın işəri girəndə, mən çıxmaq istədim, amma Sabir bəy əlinin işarəsi ilə oturmamı istədi. Beləcə, istəmədən otaqda gedən söhbətin qulaq şahidi oldum. Qadın müəllimə olduğunu və Saatlıdan Sabir bəyi deyib gəldiyini bildirərək həyat yoldaşının və qardaşının şəhid olduğunu dedi. Bir xeyli davam edən özünü təqdimatdan sonra eşitdiklərimnən şaşırdım və açığı, o anda heç kəsdirə də bilmədim ki, bu şəhid ailəsini halına acımaqmı, yoxsa…
Uzun sözün qısası, qadın yanında gətirdiyi oğlunun kimlərdənsə 3 min pul alaraq kiməsə verdiyini və bunun da müqabilində kiminsə uşağının Türkiyənin Sakarya universitetinə düzəlməli olduğunu deyənnən sonra, pulu alan adamın yoxa çıxdığını bildirib, elə belə də dedi: “Sabir, bilmirəm cibindən verəcəksən, bilmirəm borc alacaqsan, amma hardan olsa, o pulu bu saat burda mənə verəcəksən”. Təbii ki, şaşırdıcı bir durumuydu və qadın Sabir bəyi heç eşitmək belə istəmir, elə hey – “Yox, sən o pulu verəcəksən” – deyib dururdu. Nəhayət ki, Sabir bəyin bəzi məsləhətlərinə qulaq vermək zorunda qalan qadın birdən, gözünün on yerinnən tökərək, “Ay Sabir, mən özüm də, gəlinim də üç gündü acıq, mənə heç olmasa çörəkpulu ver” – deyəndə, mən gördüklərimə tab gətirə bilməyib otaqdan çıxdım. Bir müddət sonra ziyarətçilər də otaqdan çıxdılar və mən içəri daxil olanda Sabir bəyin nə halda olduğunu görmək gərəkirdi…
Əlini havada yelləyib: “Sərdar, eynən bu tələb və bu istəklə, səhərdən bir şəhid qadını da zəng vurmuşdu, düz bir saat da onnunla danışmışam: “De görüm indi bu ovqatda mən müsahibəni necə verməliyəm və ümumiyyətlə, özlüyündə məzhəkəni xatırladan bu tragik tamaşadan sonra biz nədən danışasıyıq, niyə danışmalıyıq axı. Bu ölkənin şəhid qadınları gün çıxandan, ta batıncaya qədər, bu cür qapı-qapı düşüb, çörək pulunnan yana, bir belə alçalırlarsa, nə müsahibə.”…
Açığı heç özümün də halım yerində deyildi və beləcə ikimiz də təlx olmuş ovqatla diktafon qarşısına əyləşdik…
Yəni anlayacağınız, söhbət uzunu gördüklərimin və eşitdiklərimin təsitindən heç çıxa bilmədim və yəqin ki, Sabir bəyin də fikri, xəyalı elə o təfəfdəydi. Bu baxımdan, söhbətimiz necə getdi, nə alındı, buna öxucular özləri qiymət versinlər… Amma o vəziyyətdə gerçəkdən çətiniydi – danışmaq da, danışdırmaq da. Elə ikimiz üçün də, sadəcə çətin yox, həm də çox çətiniydi…
Sərdar ƏLİBƏYLİ
Əvvəli bu linkdə:My Webpage
V hissə
– Bəs niyə demirsiniz ki, bir millətin şairi demiyən dərdli sirlərin açılması tarixə çoxmu lazımdı?
– Elə şeylər var ki, adam onları dilə gətirmək istəmir. Çünki, onsuz da, deyilənlərin təsiri görünmür. Siyasi maraqlar dünyada çox sirlərə pərdə çəkir. Amma zamanın gücü bundadır ki, heç nəyin gizli qalmasına imkan vermir. Gələcək tarixlərdən gizlənmək daha çətin olacaq. Allah qoysa, ayrı bir söhbətimizdə bu barədə ətraflı danışarıq. Qısaca onu deyə bilərəm ki, dövlətin milli siyasətini arxa sıraya atmaq olmaz, tolerantlıq, dünyaya açılmaq, təhsil sistemindəki sərbəstlik milli-mənəvi dəyərlərimizə, ana dilimizə sayğısızlığa çevrilməməlidir. Bu günlərdə mətbuatda xaricdə çalışan diplomatlarımızın ana dilini pis bilmələri, bunun davamı olaraq, tariximiz və mədəniyyətimizi yetərincə təqdim edə bilməmələri haqda bır sıra yazılar oxuduq. Həmin gənc diplomatların nə günahı? Belələrini nankor mühit və ana dilinə, deməli, milli dövlətinə hörmət göstərməyən ailələr yetişdirir… Bir az diqqətlə yanaşanda görürsən ki, bu, tək dil məsələsi deyil. Həmin “elitar” zümrədir Azərbaycanda soyadların milliləşməsinə imkan verməyən, “uşaqlarımız ilkin təhsillərini ana dilində almalıdır” deyəndə əl tulalarının saytlarında bizi təhqir elətdirən, Rəsulzadənin yubileyinin keçirilməsi haqqında Prezident fərmanına baxmayaraq, Rəsulzadənin büstünün başına çuval keçirtdirən, Bakını və digər iri şəhərlərimizi, brend bəhanəsiylə, əndrəbadi yabançı adlarla dolduran, Bakıda məşhur Kitab Evini kitabsız qoyub bölük-bölük etməklə, tarixi Akademkitabı buterbrodxanaya çevirməklə, rayon mərkəzlərindəki iri kitab dükanlarını dağıtmaqla Azərbaycan xalqını kitabdan məhrum edib, sonra da “biz oxuyan xalq deyilik” fikrini yayan və s. Bunlar sirr deyil, hamının bildiyi və hər gün müxtəlif səviyyələrdə müzakirə olunan məsələlərdir. Sirr – bu deyil. Sirr – belə son dərəcə ciddi milli-mənəvi məsələlər barədə deyilənlərə, yazılanlara etinasızlıqdır. Milləti hara yönləndirmək istəirlər? Bunlar azmış kimi, bəzən milli kimlik məsələsinə əl atılır. Hərdən biri hansısa televiziyada, ya da tədbirdə Anadolu türkcəsindən müəyyən sözlər işlədəndə onun sözünü kəsirlər ki, bura Azərbaycandır, sən niyə türkcə danışırsan? Baxın, Türkiyə televiziyalarında, orda təşkil olunan tədbir və konfranslarda biz saatlarla öz dilimizdə danışırıq və bizə kimsə irad tutmur ki, Sən niyə azərbaycanca danışırsan, bura Türkiyədir və sair. Bu necə bir düşüncədir və bu şüurla yaşayanları kimlər yetişdirir? Bəs on illər boyu Bakının küçələrində əhalinin çoxu rusca danışanda bunların səsi niyə çıxmırdı? Bir millət olduğumuzu bəyan edə-edə antitürk təbliğatı aparmağa necə cəsarət edirlər? Belə olacaqdısa onda bu müstəqillik bizim nəyimizə lazım idi? Məncə, hər şey milli kimliyin dərkindən, qorunmasından başlanır və bu problem müstəqil dövlətimizdə də əsas qayğılarımızdan biri olaraq qalır.
– Bu sirr deyil ki, ölkənin rəhbərliyində, idarəetmədə oturanların əksəriyyəti işdə də, evlərində də rusca danışırlar.
– Hələ bəlkə ermənicə danışanlar da var.
– Sabir Rüstəmxanlı olaraq, hərəkatçıların üzdə olanlarını, sağlamlığı imkan verənləri, bax burda bir araya toplayıb, bu dedikləriniz və eləcə də indiki böhranın yaratdığı şərtlərlə bağlı ciddi bir bəyanata imza atdırmaq heç ağlımıza gəlibmi? Həm də ona görə ki, indiki durumu ilə Azərbaycan 198890-cı illəri çox xatıladır.
– Bu və buna bənzər problemlər müxtəlif müzakirələrdə dəfələrlə səslənir. Demək azdır, iş görmək lazımdır. Bu baxımdan açıq və səmimi söhbətləri, dialoqu zəruri sayıram. Hesab eldirəm ki, Azərbaycanın prezidenti hökumət üzvləri ilə, gənclərlə görşdüyü kimi, siyasi partiya liderləri, həmçinin Azərbaycanın ziyalılırı ilə də görüşməli və həm milli-mənəvi məsələlər, həm də siyasi- iqtisadi böhranla bağlı onların da fikirlərini dinləməlidir. Düzdür, indi Azərbaycanda ziyalılar hədəfə çevrilib, aşağıdan, yuxarıdan tez-tez söyülür, təhqir olunurlar. Ziyalını hörmətdən salmaq da yuxarıda toxunduğumuz siyasətin – milləti kitabsız, tarixsiz, böyüksüz, milli dəyərlərsiz qoymaq niyyətinin bir parçasıdır. Boğazı, dolanışığı aylıq əmək haqqının əlində olan adamın tam müstəqilliyini, ziyalı kimi tərəfsizliyini necə təmin eləmək olar? Bu vəziyyətdə ziyalıları qınamağı düzgün hesab eləmirəm. Ötən əsrin əvvəllərindəki gerçək ziyalılar – bəy, xan nəslinin törəmələri idilər, mülkləri, torpaqları var idi… Ancaq indi mal-mülk sahibi olan, hakimiyyətdən asılı olmadan yaşaya bilən və sözünü də gizlətməyən aydınların sayı çox deyil.
– Ucdantutma bütün kişiləri bəy, qadınları da xanım olan bir millətin bu günkü duruma düşməsi çox təbii görsənmirmi? Malı, mülkü, torpağı və rəiyyəti olmayan bəylərin ac qalmasından da normal nə ola bilər ?
– İndiki proseslərin yanında çox kiçik görsənməsinə baxmayaraq, bu da ayrı bir dərdimizdir. Bu sual maraqlı bir məsələni xatırlatdı. Yadındadır, latın qrafikasina keçid bir fərmanla qısa bir müddətdə necə həll olundu? Milli dövlətdə çox şey siyasi iradədən asılıdır. Məncə, müəyyən atributlara da belə yanaşılmalıdır.. Əgər 25 ildə millətin soyadının milliləşməsi həll olunmursa, dünən “bəy” çağrılmaqdan qürur duyanlar bu gün bu sözdən qorxuya düşüb qaçırlarsa, əgər televiziyada “türk” kəlməsi eşidəndə kimlərisə qaşınma tutursa – bu “əgər”ləri yan-yana düzəndə ortaya çıxan mənzərəyə baxıb, dərindən düşünməmiz lazımdır. Bu münasibətin hardan qaynalandığını anlamalıyıq. Təsirdən çıxa bilməyən şüurun sürüşkən mövqeyi və qərarların yarımçıqlığı ortaya çıxanda bu kimi məsələlər xalqın milli azadlıq mübarizəsinin, keçdiyimiz yolların, gələcəyimizin, bütövlük ideallarımızın məntiqi və fəlsəfəsi ilə həll olunmalıdır. Azərbaycan türk dünyasının cazibə mərkəzindən birinə çevrilməli, yeni inteqrasiya bu istiqamətdə getməlidir. Qısavədəli münaqişələr keçib gedəcək. Bizim bölgənin gələcəyi türklüyün gələcəyindən asılıdır! Bölgədə gedən prosesləri izləməyən, yarıerməni, yarırus şüuru və tərbiyəsi ilə yaşayanlarla, ancaq öz bugünkü rifahlarını düşünənlərlə uzağa getmək olmaz.
– Niyə birbaşa demirsiniz ki, bütün bunlar idarə olunur, özü də filan yerdən, siz o yerin adını bilmirsiniz?
– Azərbaycan xalqı çox sarsıntılardan keçib, başında çox tərs dəyirmanlar fırladılıb, amma yaşayıb və böyüyüb. Mən bunu bilir və millətimizin bütün çətinliklərdən çıxış yolu tapacağına inanıram. Heç kim milləti sınmış və yatmış da hesab eləməsin.
– Bir az polemika olur, amma deyim ki, bu millət, bu torlum öz-özünə, öz ağlı ilə, şairlərini dar ağacında, vətən, millət sevdalılarını cəllad kötüyündə, qəhrəmanlarını da tabutda görməkdən sevinmədi, bu xalqı bu hala salanlar, bu günə qoyanlar var.
– Bu haqda çox yazmışam. Əslində, içimizdə gizli bir savaş gedir və bu savaş, az qala, tarixin özü ilə yaşıddır. Biz, ölkənin çətinliklərini, Qarbağ promleminin varlığını nəzərə almaqla, həmişə milli birlik, vətəndaş həmrəyliyi deyib durmuşuq. Amma vətəndaş həmrəyliyi və milli birlik adına, bu dövlətin qurucusu olan və Azərbaycanı min illərdir, vətən kimi saxlayan bir xalqı unutdurmaq, onun adını yasaqalamaq olmaz. Bu nə deməkdir? Amma bunu da açıq deyirəm ki, hər şeyə rəğmən mən ümidsiz deyiləm. “Bu, mənim xalqım deyil” adlı bir şerim var:
Özgə bazarlarında banandan öncə
adımızın təmizliyini satan,
üzündəki möhür-kütlük, yalan
qumarbaz, narkoman,
oğru, şarlatan,
bir qarın çörəkdən ötrü
üzü tüpürcəkli gəzən
özgəyə əzilib, özünü əzən
mənim millətim deyil!..
Alış-veriş dilindən başqa dil bilməyən
sürü sallaqxana növbəsində.
Hansı keçi aparacaq onu bıçaq altına
fərqinə varmaz!
Ruhunu itirmiş kölə bir nəsli
silah qurtarmaz!:
Sarsılanda, xalqımıza yaraşmayan acı mənzərələrlə rastlaşanda bu cür ovqatının pozulan vaxtları da olur. Ancaq mən küll halında milləti qınamıram, qınaya da bilmərəm. Bax, on ilə bir nəsil yetişdirə və istədiyini də onun beyninə doldura bilərsən.
Amma bütölükdə milləti dəyişdirə bilməzsən, çünki millət dediyin nəhəng bir ruh ağacıdır və üstündəki yarpaqlar sarala bilər, ancaq o yarpaqlar, vədəsi gəlincə, töküləcək, yerinə təzə yarpaqlar bitəcək. Yəni, əsil dərd bu deyil. Məni incidən, xalqın, aşağıdan yuxarı, bütün mərtəbələrdə, kütləvi hal almış əyriliklərlə barışması və müqavimətinin zəifliyidir. Zahirən belə görünür. Bütün müqayisələr kimi bu müqayisəm də qüsurlu görünə bilər. Adına SPİD deyilən xəstəliyin səbəbi insan bədənində immunitet çatışmazlığıdır. Cəmiyyətin bir hissəsində də, sanki immunitet çatışmazlığı yaranıb, öz xəstəliyinə müqavimət göstərə bilmir. Bu həyatımızın çox sahələrində özünü göstərir.
– Bayaq ona görə soruşdum ki, ölkənin indiki durumunda milləti əlinin bir işarəsi, ya da bircə çağrışı ilə səfərbər edib müqaviməti təşkil edə biləcək elə sizin özünüz də daxil, kişilərin hamısını, öz dostlarınızın əli və diliynən “satqın”, “xain” elətdirdilər. Indi də iş qalıb millətin imunitetini qınamağa.
– Mən son 28 ildə sənin dediklərinin çoxunu öz siyasi taleyimdə yaşamışam. O qədər ağ yalanlar, o qədər əsli-astarı olmayan mənasız böhtanlar eşitmişəm ki, zəif adam olsam çoxdan sıradan çıxardım. Ancaq getdiyim yolun düzgünlüyünü bildiyimə görə, heç bir söz söhbətə, riyakar qiybətlərə əhəmiyyət verməmişəm. Bununla belə, yel qayadan nə aparar, sözünə də çox arxayınlaşmaq olmaz. Bir insan ömrü nə qədərdi ki, onun da yarısını daim ədalətsiliklərlə üz-üzə yaşamaq zorunda qalasan. Bu ədalətsiliklərin, bir hissəsinin də səninlə yan-yana dayanmış, çiyindaş olmuş adamlar tərəfindən ortaya atılması isə daha iyrənc bir şeydir. Sənin sualının mənasını bilirəm. Bizdən narahatçılığın olmasın. Biz mübarizə meydanından çəkilməmişik. Milli Məclisdə danışırdım, ürəyim boşalırdı, yazmağa həvəsim qalmırdı; indi yazmağa daha çox vaxt qalır. Mən Yazı masası ilə Meydana bir birinin davamı, bir-birinin yardımçısı kimi baxıram. Açığı cəmiyyətimizdə baş vermiş irili-xırdalı elə ciddi bir məsələ yoxdur ki, mən ona münasibət bildirməmiş, o haqda sözümü deməmiş olum. Zaman keçər və bütün bunları bütövlükdə təhlil edərlər, bizim nə yaşadığımzı, eləcə də bu yaşadıqlarımızın içindən keçən millət dərdlərini daha yaxşı görərlər.
Son