Azərbaycanın arxasından çevrilən iş

0
6

Azərbaycanın arxasından çevrilən iş…

İran-Gürcüstan-Ermənistan sövdəsi ayaq tutdu

Bir müddət əvvəl Azərbaycan ətrafında böyük oyunların getdiyi barədə yazmışdıq. Həmin məqalədə ölkəmizi əhatə edən dövlətlərin bizi kənarda saxlamaqla hansısa layihələrdə yer ala biləcəyi ilə bağlı məqamlara toxunmuşduq.
Artıq təxminlərimizin özünü doğrultduğunu görürük. Belə ki, qonşu Gürcüstanla cənub qonşumuz İran arasında Azərbaycanın da maraqlarına toxunan qaz anlaşması baş tutmaq üzrədir. Bu anlaşma çərçivəsində İran Gürcüstana ildə 200 milyon kubmetr qaz satacağını bəyan edib. Belə bir ilkin razılaşmanın Gürcüstanın energetika naziri Kaxa Kaladzenin fevralın 16-da Tehrana səfəri zamanı əldə olunduğu bildirilir.
Razılaşmanı İranın Milli Qaz İxrac Şirkəti NİGEC-in prezidenti Əlirza Kameli gürcü nazirlə İranın neft naziri Namdar Zəncani arasında danışıqlardan sonra açıqlayıb. Kameli İran qazının Gürcüstana Ermənistan üzərindən nəql olunacağını da bildirib. “Tehran və Tiflis 200 milyon kubmetr İran qazının bu Qafqaz dövlətinə ixracına dair danışıqlar aparır”, – deyə o, Kaladze ilə danışıqlarla bağlı bildirib. Onun sözlərinə görə, Gürcüstanın dövlət və özəl sektoruna daxil olan müəssisələr İran qazını almaqda maraqlıdır. “Gözlənir ki, İran qazının Gürcüstana nəqli martın 21-dən başlayacaq” – İran rəsmisi söyləyib. Qaz ixracına dair müqavilə qısamüddətli olacaq və 7 ay müddətinə hesablanacaq, ancaq bu sahədə sonrakı əməkdaşlıq üçün baza rolunu oynayacaq.
Bununla belə, Gürcüstanın qaz tranzitinə dair Ermənistandan icazə almalı olduğu deyilir. “Əgər sövdələşmənin iqtisadi tərəfi məqbul olarsa, daha sonra Gürcüstana qaz təchizatına dair uzunmüddətli və ortamüddətli müqavilə bağlanacaq” – Kameli əlavə edib.
Hazırda Gürcüstanın qaz istehlakının 88%-i Azərbaycanın hesabına həyata keçirilir. 12 faiz isə Rusiyadan Ermənistana ötürülən mavi yanacağın tranzitinə görə verilən kompensasiya əvəzidir.
Yada salaq ki, İran qazının Gürcüstana Azərbaycan üzərindən ötürülməsi variantı da nəzərdən keçirilirdi. Amma indi belə çıxır ki, tərəflər Ermənistan variantı üzərində dayanıb. Siyasi müşahidəçilərə görə, bu, Ermənistanın, cüzi həcmdə də olsa, üçüncü ölkəyə qaz tranzitini həyata keçirməsi, başqa sözlə, on illərdir davam edən təcrid vəziyyətindən çıxmaq üçün simvolik addım atması deməkdir.
Belə bir layihənin baş tutması Azərbaycanın iki qonşu ölkə ilə münasibətlərinə necə təsir edəcək?
Tanınmış siyasətçi Ramiz Tağıyev bizə açıqlamasında bildirdi ki, İranla Gürcüstanın birgə iş birliyində olması təəccüblü görünməməlidir:
“Artıq uzun müddətdir Gürcüstan Azərbaycanın başı üstündən iş görməyə başlayıb. Belə bir danışıqlar Rusiya ilə də aparılırdı. Yarı gizli olan həmin proseslərin detalları açıqlanandan sonra hamını təəccüb bürüdü. Necə ola bilər ki, bir neçə il əvvəl Gürcüstana qoşun yeridən bir ölkə ilə Azərbaycanın maraqlarını təmin etməyən bir separat danışıqlar aparılsın? Sonra Gürcüstan İranla danışıqlara başladı, ancaq alacağı qazın nəqli marşrutunun ən optimal variantını qoyub tranzit ölkə kimi Ermənistanın seçilməsində maraqlı görünür. İranın bu istəyi anlaşılandır. Çünki uzun illərdir onlar Ermənistana nəfəslik verir. Ancaq Gürcüstanın belə sövdələşməyə razı olması maraqlıdır. Necə ola bilir ki, həmin ölkə öz strateji partnyorunu qıcıqlandıra biləcək bir razılaşmaya əl atır? Gürcüstanın belə bir sövdələşmədə yer almasını iqtisadi amillə heç cür izah edə bilmərik. Əlverişsiz yol olan Ermənistanın tranzit ölkə kimi seçilməsi siyasi çalarlarla bağlı olan bir məsələdir. Təbii ki, həmin layihənin reallaşması iki ölkənin Azərbaycanla münasibətlərinə təsirsiz ötüşməyəcək. Çünki söhbət Azərbaycanın ərazi bütövlüyünü qəsb etmiş bir ölkəyə verilən yersiz önəmdən gedir. Azərbaycan mütləq lazımi adekvat cavabları atmalıdır”.
Məhəmmədəli QƏRİBLİ

LEAVE A REPLY