1-ci sinifə şagird qəbulunda dəyişiklik –Nazir əmr verdi
“Bakıda 2016-2017-ci dərs ilindən I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək”.
Strateq.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov “2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi barədə” əmr imzalayıb.
Əmrə əsasən, Bakı şəhərinin ümumtəhsil məktəblərində, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla, elektron sistem vasitəsilə həyata keçirilməsi qərara alınıb.
Nazirlikdən bildirilib ki, 2015-2016-cı dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilib, həmin müəssisələrdə I sinfə 44 minə yaxın uşaq qəbul edilib.
I sinfə qəbul üçün ərizələrin elektron qeydiyyatının bu prosesin düzgün və səmərəli tənzimlənməsinə, şagird sıxlığı ilə əlaqədar problemlərin vaxtında müəyyənləşdirilib operativ həllinə zəmin yaratması və ictimaiyyət arasında rəğbətlə qarşılanması 2016-2017-ci dərs ilində də ərizələrin qəbulunun bu yolla aparılmasına etibarlı əsas verir.