Oğlunun başı əri tərəfindən kəsilən ananın fəryadı:“İndi onun başını hamımızın gözünün önündə kəssinlər”
Bu gün azyaşlı oğlu həyat yoldaşı tərəfindən qətlə yetirilən Mahirə Abışova əri Zahid İsgəndərovla bağlı bəzi məqamları açıqlayıb.
O, ərinin içki aludəçisi olduğunu dilə gətirib:
“8 il idi ailəli idik. Həmişə dalaşırdıq. Məni döyürdü, təhqir edirdi. Mən də məcburiyyət qarşısında qalıb atamın evinə qayıdırdım. Mənimlə dalaşırdı, amma ayrılmırdım. Deyirdim ailədir də, yaxşı olar, düzələr. Amma axır vaxtlara mənimlə çox tutuşmuşdu. İçkili gəlirdi, məni döyürdü”.
M.Abışovanın sözlərinə görə, həyat yoldaşı Ümidi oğurlayıbmış:
“Son davamızda qayıtdım, atamın evinə gəldim. Gəldi orada da döydü məni. Uşaqları oğurladı. Balaca uşağı saxlaya bilmədiyi üçün geri qaytardı. Amma Ümidi özündə saxladı. Tüfeyli həyat sürürdü. Nəticədə də balama qıydı. Neçə dəfə götürməyə getdik, amma dalaşdı, qaytarmadı. Dünən axırıncı dəfə oğlumla danışdım. Saat 6 olardı. Ondan sonra danışmamışıq. İndi o qatili gətirsinlər, hamımızın gözünün önündə başını kəssinlər. Bəlkə onda ürəyimiz soyuyar”.
Onu da bildirək ki, M.Abışova Z.İsgəndərovun ikinci həyat yoldaşıdır. Onun bundan əvvəlki həyat yoldaşından 2 övladı var imiş.
Boşandıqdan sonra məhkəmə uşaqların anasında qalması ilə bağlı qərar qəbul edib.