[b]“Prezident bir çox reallıqları görür və komandası imkan versə…”
Sabir Rüstəmxanlı: “Görüntü yaratmaqla, camaatı sakitləşdirmək üçün kosmetik dəyişikliklərlə uzağa getmək olmaz”[/b]
[b]Əvvəli bu linkdə: My Webpage
[b]Sabir Rüstəmxanlı ilə görüşmək planım çoxdan vardı. Bəlli ki, indi Sabir bəyin personası bir az onun özü üçün də, cəmiyyət üçün də, xeyli fərqli çalarlarla zənginləşib. İllərlə oturduğu parlament kürsüsü indi başqa birinə verildiyindən, onun ictimai-siyasi proseslərdə ənənəvi olmayan vasitələrlə iştirakına imkanlar yaranıb. Həm də Sabir bəyin ədəbi fəaliyyətinin daha da məhsuldar fazaya girdiyinin şahidi oldum. İş stolunun üstündə qalaqlanan əlyazmalar da bunnan xəbər verirdi. Bir sözlə adamın bütün həyat tərzində bəlli dəyişikliklərin olduğu indi şübhə doğurmur. Amma bu dəfəki görüşümüz zamanı Sabir bəyin yanına, illərlə adət etdiyi ziyarətçilər axınının hələ də dəyişmədiyinin də şahidi oldum. Açığını deməliyəm ki, onu tanıdığım bütün bu illər ərzində, hər görüşümüzün müxtəlif məqsədli ziyarətçilər tərəfindən dəfələrlə bölündüyünü gördüm. Və bu ziyarətçilərin tam əksəriyyətinin də bircə istəyi olur. Adamlar Sabir bəydən pul istəyirlər və hər gün bu məqsədlə gələnlərin sayı onlarla öçülür.
Bu dəfə də istisna olmadı və təzəcə otağa girmişdim ki, katibə şəhid ailəsinin gəldiyini dedi. Bir cavan oğlanla yaşlı qadın işəri girəndə, mən çıxmaq istədim, amma Sabir bəy əlinin işarəsi ilə oturmamı istədi. Beləcə otaqda gedən söhbətin istəmədən qulaq şahidi oldum. Qadın müəllimə olduğunu və Saatlıdan Sabir bəyi deyib gəldiyini bildirərək həyat yoldaşının və qardaşının şəhid olduğunu dedi. Bir xeyli davam edən özünü təqdimatdan sonra eşitdiklərimdən şaşırdım və açığı, o anda heç kəsdirə də bilmədim ki, bu şəhid ailəsini halına acımaqmı, yoxsa…
Uzun sözün qısası, qadın yanında gətirdiyi oğlunun kimlərdənsə 3 min pul alaraq kiməsə verdiyini və bunun da müqabilində kiminsə uşağının Türkiyənin Sakarya universitetinə düzəlməli olduğunu deyənnən sonra, pulu alan adamın yoxa çıxdığını bildirib, elə belə də dedi: “Sabir, bilmirəm cibindən verəcəksən, bilmirəm borc alacaqsan, amma o pulu bu saat burda mənə verəcəksən”. Təbii ki, şaşırdıcı bir durumuydu və qadın Sabir bəyi heç eşitmək belə istəmir, elə hey – “Yox, sən o pulu verəcəksən” – deyib dururdu. Nəhayət ki, Sabir bəyin bəzi məsləhətlərinə qulaq vermək zorunda qalan qadın birdən, gözünün on yerinnən tökərək, “Ay Sabir, mən özüm də gəlinim də üç gündü acıq, mənə heç olmasa çörəkpulu ver” – deyəndə, mən gördüklərimə tab gətirə bilməyib otaqdan çıxdım. Bir müddət sonra ziyarətçilər də otaqdan çıxdılar və mən içəri daxil olanda Sabir bəyin nə halda olduğunu görmək gərəkirdi…
Əlini havada yelləyib: “Sərdar, eynən bu tələb və bu istəklə, səhərdən bir şəhid qadını da zəng vurmuşdu, düz bir saat da onnunla danışmışam: “De görüm indi bu ovqatda mən müsahibəni necə verməliyəm və ümumiyyətlə, özlüyündə məzhəkəni xatırladan bu tragik tamaşadan sonra biz nədən danışasıyıq, niyə danışmalıyıq axı. Bu ölkənin şəhid qadınları gün çıxandan, ta batıncaya qədər, bu cür qapı-qapı düşüb, çörək pulunnan yana, bir belə alçalırlarsa, nə müsahibə.”…
Açiği heç özümün də halım yerində deyildi və beləcə ikimiz də təlx olmuş ovqatla diktafon qarşısına əyləşdik…
Yəni anlayacağınız, söhbət uzunu gördüklərimin təsirindən heç çıxa bilmədim və yəqin ki, Sabir bəyin də fikri, xəyalı elə o təfəfdəydi. Bu baxımdan, söhbətimiz necə getdi, nə alındı, buna oxucular özü qiymət versinlər. Amma o vəziyyətdə gerçəkdən çətiniydi, danışmaq da, danışdırmaq da. Elə ikimiz üçün də, sadəcə çətin yox, həm də çox çətiniydi…
[/b]
Sərdar ƏLİBƏYLİ
[b]
– Müxalifətin tədbirlərinə niyə qatılmırsınız?[/b]
– Hansı tədbirlərə? Biz öz planımıza uyğun işimizi görürük: rayon təşkilatlarının konfransları keçirilir, qurultayımıza hazırlaşırıq, dəyirmi masalarımız olur. Bu məsələlərə mənim və partiyamızın fərqli münasibətimiz var və tədbir, proses deyiləndə yalnız mitinq və kütləvi hərəkat düşünmürük. Bundan sonrakı işlərimizi də partiyamızın ümumi xəttinə, vətəndaş həmrəyliyi ideyasına uyğun aparacağıq.
[b]- Ölkədə ciddi iqtisadi böhranın yaşandığını indi hamı etiraf eləyir. Amma heç şübhəsiz ki, bunun arxasınca da daha ciddi siyasi böhranın gəlməsi qaçılmazdır və belə işartılar artıq görünür. İqtidar tərəfi və hakimiyyət təmsilçiləri bunu hələlik qətiyyətlə inkar eləsə də, prosesin dərin siyasi börhanla davam edəcəyi də şübhə doğurmur. Belə bir vəziyyətdə xaotik şəkildə meydanlara axacaq kütlənin dağıdıcı selə çevrilməməsini önləyə bilmək üçün xalqın qarşısına çıxmaq və prosesləri nəzarətdə saxlaya bilmək gücünü özünüzdə hiss edirsinizmi?[/b]
– Bu “iqtisadi böhran” deyilən mərhələni gec-tez keçməliydik, bazarın və sərbəst iqtisadiyyatın öz qanunları var, biz də ona uyğun hərəkət etməliydik. Neft faktorundan daha yaxşı istifadə edə bilsək bu sarsıntılar olmazdı. Neft və zəhmətsiz gəlir dopinqinin vaxtı bitdi, indi torpağımızın bərəkətinə və millətimizin iş qabiliyyətinə güvənməliyik və bütün imkanları da buna yönəltməliyik. Maneələr götürülsə və məmurların iştahına dur deyilsə, xalq dolanışıq yolunu tapar və daha etibarlı, daha dayanıqlı iqtisadi inkişaf başlanar. Məncə, hakimiyyət bu istiqamətdə tərəddüd eləmədən, cəsarətli addımlar atmalıdır. Görüntü yaratmaqla, camatı sakitləşdirmək üçün kosmetik dəyişikliklərlə uzağa getmək olmaz. Xalqa güvənmək və onunla açıq danışmaq lazımdır. Məncə, prezident bir çox reallıqları görür və komandası imkan versə, lazım olan addımlar atılar. Mən iqtsadi böhranın siyası böhrana və xaosa çevrilməsinin əleyhinəyəm və bu istiqamətdə gedən proseslərə qatılmaram. O ki, qaldı xalqın qarşısına çıxmağa, bu, bizim borcumuzdur. El qarşısında üzüm ağdır, buna görə də istər auditoriya olsun, istər meydan – sözümü deməyə həmişə hazıram və buna fiziki, mənəvi gücüm də yetərincədir. Buna şükür edirəm. Ötən illər ərzində həmişə nəzərə almışam ki, əvvəl-axır bütün yazdıqlarımız da, dediklərimiz də, xalqın tərəzisinə qoyulacaq, necə ki, qoyulur və tarix məhkəməsi qarşısında cavab verəcək. Həyatda varsan-yoxsan, fərqi yoxdur, bir oxucu kütləsi var, xalqın gözü var və istənilən halda bundan qaçmaq mümkün deyil. Düzdür, bəzi rəqiblərimiz var ki, illər uzunu siyasi mübarizəylə bir-birini hər vasitəylə gözdən salmaq yolunu səhv salıblar; ideoloji, siyasi platformada mübarizə aparmaq, yeni və fərqli proqramlar ortaya qoyaraq onların cəmiyyətin xeyrinə həllinə nail olmaq əvəzinə, bir-birinə qarşı bəzən xırda, bəzən də böyük ixtilaflarla məşğul olublar. Bunun Azərbaycan müxalifətinin cəmiyyətdəki nüfuzuna təsirsiz qaldığını iddia etmək olmaz.. Təəssüf ki, Azərbaycanın indiki vəziyyətə gəlməsində bu məsələlərin də xeyli rolu olub. Bununla belə, o siyasilər də, onlara dəstək verənlər də cəmiyyətin az hissəsidir. İstərdim ki, belə məsələlərdə zamanı və reallıqları nəzərə alaq. 1988-ci ildə biz öz meydanımızı yaratdıq, idarə etdik və nəticəsini də gördük. Onlar hamısı bizim həyatımızın və mübarizəmizin məntiqi axarıydı. Xalq kimə inanmaq və lider olaraq kimi qəbul etmək məsələsini də özü həll etmişdi.
[b]- O zaman orda qabağa çıxacaq elə çox adam da yox idi axı. Baxmayaraq ki, indi çoxları az qala, Nemətdən də, Sabirdən də qabaq orda olduqlarını, hətta meydanı da idarə elədiklərini deyillər. Onda bunu eləməyin də nəylə nəticələnəcəyi də bəlli deyildi ki, Sovet hökuməti ilə bu cür zarafata qalxmaq xüsusu iradə və cəsarət istəyən məsələydi. Indi nə var deməyə ki, öndər də, lider də elə məniydim.
[/b]
– Amma ona qədər də mənim keçdiyim müəyyən yol var idi. Kitablar, müzakirələr, zavodlarda, universitetdə, digər ali məktəblərdə görüşlər, həmin auiditoriyalarda insanlarla münasibət qura bilmək təcrübəsi var idi. O işlər də milli qeyrət və cəsarət istəyirdi. Biz də, indi iqtidarda olanlar da keçib gedəcəyik. Xalqımızın və dövlətimizin gələcəyi haqqında düşünməliyik. Mən istəyirəm ki, gənclər arasından yeni liderlər yetişsin, onlar gəlsinlər meydana. Yeni zamanın tələblərinə və standartlarına cavab verən davamçılarımız çox olsun. Gələcək 30-40 ildə siyasi səhnədə yer ala biləcək yetkin, iradəli, avantüradan uzaq, milləti doğmalara və yadlara bölməyən gənclərimiz çıxmalıdır ortaya və biz də onlara kömək göstərməliyik. Burada hər hansı formada “mənəmlik” söhbəti ola bilməz. Söhbət yaxın onilliklər üçün Azərbaycanın qazandıqlarını qoruyub inkişaf etdirən, ölkəmizin düzgün seçimini təmin edən, dünya dövlətləri içərisində yerini möhkəmləndirən, milli ideallarımızı daim göz önündə tutan və bunlarla yanaşı, Qarabağ probleminin həllinə doğru real addımlar atan, gözütox, vicdanlı, qanunlara sayğılı yeni bir komandanın yetişməsindən gedir. Bu komandanın sabah, ya da biri gün hakimiyyətə gələ biləcəyi məsələsi də önəmli deyil. İndiki hakimiyyət də, ortada belə bir gücün varlığını hiss etməlidir və onun qanunlar çərçivəsində fəaliyyətinə şərait yaratmalıdır ki, özündən sonra yeni tarix və yaddaş repressiyalarının yaranmayacağından arxayın olsun.
[b]
– Bizim nə o qədər vaxtımız var, nə də siz deyən o ehtiyat komandamız və sabah, ya da o bur gün meydalara axışacaq insan selini məcrasında tuta biləcək ötkəm sözlü, həm də o kütlənin qəbul edə biləcəyi kişilərə daha çox ehtiyacımız var. Bu əsnada verəcəyim sual da budur. Sabir bəy, nə cür oldu ki, Nemət Pənahlıdan, Sabir Rüstəxxanlıya, Etibar Məmmədovdan Rəhim Qazıyevə, Rəsul Quliyevdən Surət Hüseynova, Ramiz Tağıyevdən Arif Paşayevə, hətta bir məqamda Elçibəyin özünə və o illərin tanınan digər əfsanəvi şəxslərinə qədər, çox önəmli adamları “Azadlıq” və “Yeni Müsavat” qəzetləri, ən yaxşı halda “satqın”, ən pis hala isə “vətən xaini” elan elədilər. Heç bu məsələnin fərqinə varıbsınızmı? Nəticə etibarı ilə də, indiyədək bu qəzetləri “azad mətbuat” adına pərdə arxasından idarə edənlərin özlərinin də əllərində elə bir siyasi güc, sosial baza yoxdu, bu birilərin də, bayaq sizin dediyizi söz misalı, cammat içinə çıxacaq üzlərini qoymuyublar.[/b]
– Mən burda o qəzetləri müzakirə etmək istəmirəm. Onların qüsurları olduğu kimi, mətbuat tariximizdəki xidmətləri də danılmazdır. Sənin dediyin məsələ, təəssüf ki, bütün mətbuatımıza və təbliğat sisteminə aiddir. Gözə görünməz bir təbligat maşını təkcə yaxın tarixin liderlərini yox, bütün böyük tarixi şəxsiyyətlərimizi, ziyalılarımızı qaralamaq, gözdən salmaqla məşguldur. Bu da savaşın bir növüdür. Milli-mənəvi dayaqlarımızı sarsıtmaq – yad bir qüvvəyə yol açmaqdır. Hər şey göz qabağındadır. Bu mənəvi faciə, xalqın sevgisini görənlərin haqqımızda apardıqları qısqanclıq, böhtan, yalan kampaniyası bizi sındırmaq, əlimizi işdən soyutmaq məqsədi daşıyıb. Məni həmişə yazı-pozu işimin çoxluğu və yolumun düzgünlüyünə inamım qoruyub. Çox erkən yaşında Yardımlıdan gəlmiş, yalquzaq kimi tək böyümüş bir adamam və öz mübarizəmi də o cür aparmışam. Amma xoşbəxtlikdən 21 yaşımdan jurnalistika ilə məşgul olmağım, “Yazıçı” nəşriyyatının baş redaktoru kimi geniş fəaliyyətim, kitablarım, ilk müstəqil qəzetimiz olan “Azərbaycan” ı buraxmağım, eləcə də meydan hərəkatı çevrəmə on minlərlə, yüz minlərlə adam yığmışdı və nə qədər təbliqat aparsalar da, bu gün də o insanların sayqısı qalmaqdadır. Amma hərdən adamı üzən şeylər də olur. Böyüklərimiz “Qarı düşmən mərd olmaz” deyiblər.
[b]- Keçdiyimiz yollar dərs olmadı yazanlara?[/b]
– Çoxu işin mahiyyətini bilməyən, bayaq dediyim kimi, şaiyələrlə danışan adamlardır. O gün baxıram biri yazır ki, nə olsun, yazıçılıqla, şairliklə məşğul olan (?) adam idi, sonra hökumətdə yer aldı, ardınca da Elçibəyə xəyanət elədi, Heydər Əliyevin yolunu tutdu və s… Yəni bu yöndə qanmadığı, görmədiyi şeylərdən, bəlli siyasi mətbəxlərin tör-töküntülərini yazmaqdan yorulmurlar. Xalqın gözləri önündə baş vermiş hadisələrdi axı bunlar! Bu, bir ədalət axtarışı deyil. Sadəcə olaraq, Azərbaycan ziyalısına damğa vurmaq istəyidir və bu adamların bəziləri uğursuz müxalifət təmsilçiləri, bəziləri də hakimiyyətdə olan əlinə bir dənə Azərbaycan kitabı almamış məmurlar tərəfindən idarə olunur. Xalqın intibahını, bütövlüyünü, Azərbaycanın tarixi haqlarının bərpasını, dilimizin və millətimizin adının qorunmasını, milli dəyərlərimizə sahiblənməyimizi həyat amalı seçən əsil milli təfəkkür sahiblərinə, böyük ideallara xidmət edən adamlara təzyiqlər hardan gəlir, bunu araşdırmaq lazımdır. Və maraqlıdır ki, milli ziyalı kimi nə qədər çox iş görürsənsə hücumlar da o qədər artır. Bir sözlə, qayğılarımız çoxdur və mən də dərd üstünə dərd gətirmək istəmirəm. Həm də dediklərim yeni deyil, 25 il Milli Məclisdə dəyişilməz bir ardıcıllıqla milli problemlərimizi dilə gətirmiş, xalqın sözünü demişəm. Deyilməyənlərə görə də xalq bizi qınamaz. Təkrar da olsa xatırladım, vaxtılə bir şeirimin axırında yazmışdım ki:
[b]O sirlər ki, dərd artırar millətimə,
Mən yazmadım, mən açmadım, tarix açar…
– Bəs niyə demirsiniz ki, bir millətin şairi demiyən dərdli sirlərin açılması tarixə çoxmu lazımdı?[/b]
Davamı var…