Kəlbəcər girovundan xəbər var – “Anam üçün çox darıxmışam”

0
4

Kəlbəcər girovundan xəbər var – “Anam üçün çox darıxmışam”

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin göndərdiyi məktub Qırmızı Xaç Komitəsinin nümayəndələri tərəfindən ailəsinə verilib.

Bu barədə Ans-ə girovun bacısı İradə Quliyeva məlumat verib.

Onun sözlərinə görə, Şahbaz məktubda vəziyyətinin yaxşı olduğunu yazıb: “Məktubda yazıb ki, hər şey yaxşıdır. Məndən narahat olmayın. Heç nə göndərməyin. Anam üçün çox darıxmışam”, – deyə bacısı əlavə edib.

İradə Quliyevanın sözlərinə görə, Qırmızı Xaç Komitəsinin nümayəndələri ona qardaşının şəklini göstəriblər. “Məhkəmədə necə idisə, indi də elə o vəziyyətdədir. Nə arıqlayıb, nə də kökəlib. Mən də Şahbaza öz şəkillərimizi göndərmişəm. 3-4 cümləlik bir məktubdur. Qızı ilə də məktublaşır”, – deyə İradə Quliyeva bildirdi.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara fevralın 3-də baş çəkiblər. Komitə nümayəndələri Şahbaz Quliyev ilə bərabər Dilqəm Əsgərova da məktub gətirmişdilər.

Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov 2014-cü ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları olan Ş.Quliyev, H.Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.

Onlar ermənilər tərəfindən girov götürülüblər. Ermənilər Dilqəm və Şahbazı sağ ələ keçirsələr də Həsən Həsənov qətlə yetirilib.

2014-cü ilin dekabr ayında kəlbəcərli girovlar üzərində qondarma məhkəmə qurulub. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə Dilqəm Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.

LEAVE A REPLY