“Prezident həmin gün hökuməti bütövlüklə istefaya göndərməliydi”

0
7

“Prezident həmin gün hökuməti bütövlüklə istefaya göndərməliydi”

Sabir Rüstəmxanlı:”O monopolistlər ki var, hər şey onların maraqlarına qurban verilib”

“Bunu hamı bilir ki, seçki yoxdur, təyinat var”

Sabir Rüstəmxanlı ilə görüşmək planım çoxdan vardı. Bəlli ki, indi Sabir bəyin personası bir az onun özü üçün də, cəmiyyət üçün də, xeyli fərqli çalarlarla zənginləşib. İllərlə oturduğu parlament kürsüsü indi başqa birinə verildiyindən, onun ictimai-siyasi proseslərdə ənənəvi olmayan vasitələrlə iştirakına imkanlar yaranıb. Həm də Sabir bəyin ədəbi fəaliyyətinin daha da məhsuldar fazaya girdiyinin şahidi oldum. İş stolunun üstündə qalaqlanan əlyazmalar da bunnan xəbər verirdi. Bir sözlə adamın bütün həyat tərzində bəlli dəyişikliklərin olduğu indi şübhə doğurmur. Amma bu dəfəki görüşümüz zamanı Sabir bəyin yanına, illərlə adət etdiyi ziyarətçilər axınının hələ də dəyişmədiyinin də şahidi oldum. Açığını deməliyəm ki, onu tanıdığım bütün bu illər ərzində, hər görüşümüzün müxtəlif məqsədli ziyarətçilər tərəfindən dəfələrlə bölündüyünü gördüm. Və bu ziyarətçilərin tam əksəriyyətinin də bircə istəyi olur. Adamlar Sabir bəydən pul istəyirlər və hər gün bu məqsədlə gələnlərin sayı onlarla öçülür.
Bu dəfə də istisna olmadı və təzəcə otağa girmişdim ki, katibə şəhid ailəsinin gəldiyini dedi. Bir cavan oğlanla yaşlı qadın işəri girəndə, mən çıxmaq istədim, amma Sabir bəy əlinin işarəsi ilə oturmamı istədi. Beləcə otaqda gedən söhbətin istəmədən qulaq şahidi oldum. Qadın müəllimə olduğunu və Saatlıdan Sabir bəyi deyib gəldiyini bildirərək həyat yoldaşının və qardaşının şəhid olduğunu dedi. Bir xeyli davam edən özünü təqdimatdan sonra eşitdiklərimdən şaşırdım və açığı, o anda heç kəsdirə də bilmədim ki, bu şəhid ailəsini halına acımaqmı, yoxsa…
Uzun sözün qısası, qadın yanında gətirdiyi oğlunun kimlərdənsə 3 min pul alaraq kiməsə verdiyini və bunun da müqabilində kiminsə uşağının Türkiyənin Sakarya universitetinə düzəlməli olduğunu deyənnən sonra, pulu alan adamın yoxa çıxdığını bildirib, elə belə də dedi: “Sabir, bilmirəm cibindən verəcəksən, bilmirəm borc alacaqsan, amma o pulu bu saat burda mənə verəcəksən”. Təbii ki, şaşırdıcı bir durumuydu və qadın Sabir bəyi heç eşitmək belə istəmir, elə hey – “Yox, sən o pulu verəcəksən” – deyib dururdu. Nəhayət ki, Sabir bəyin bəzi məsləhətlərinə qulaq vermək zorunda qalan qadın birdən, gözünün on yerinnən tökərək, “Ay Sabir, mən özüm də gəlinim də üç gündü acıq, mənə heç olmasa çörəkpulu ver” – deyəndə, mən gördüklərimə tab gətirə bilməyib otaqdan çıxdım. Bir müddət sonra ziyarətçilər də otaqdan çıxdılar və mən içəri daxil olanda Sabir bəyin nə halda olduğunu görmək gərəkirdi…
Əlini havada yelləyib: “Sərdar, eynən bu tələb və bu istəklə, səhərdən bir şəhid qadını da zəng vurmuşdu, düz bir saat da onnunla danışmışam: “De görüm indi bu ovqatda mən müsahibəni necə verməliyəm və ümumiyyətlə, özlüyündə məzhəkəni xatırladan bu tragik tamaşadan sonra biz nədən danışasıyıq, niyə danışmalıyıq axı. Bu ölkənin şəhid qadınları gün çıxandan, ta batıncaya qədər, bu cür qapı-qapı düşüb, çörək pulunnan yana, bir belə alçalırlarsa, nə müsahibə.”…
Açiği heç özümün də halım yerində deyildi və beləcə ikimiz də təlx olmuş ovqatla diktafon qarşısına əyləşdik…
Yəni anlayacağınız, söhbət uzunu gördüklərimin təsirindən heç çıxa bilmədim və yəqin ki, Sabir bəyin də fikri, xəyalı elə o təfəfdəydi. Bu baxımdan, söhbətimiz necə getdi, nə alındı, buna oxucular özü qiymət versinlər. Amma o vəziyyətdə gerçəkdən çətiniydi, danışmaq da, danışdırmaq da. Elə ikimiz üçün də, sadəcə çətin yox, həm də çox çətiniydi…
Sərdar ƏLİBƏYLİ

– Sabir bəy, indi parlament yoxdu və daha çox burda oturmaq imkanınız var. Bu otağınızın pəncərəsindən yeni ststusunuzla baxanda indiki Azərbaycan necə görsənir?

– Mənim otağımın pəcərəsindən baxanda görsənir ki, ətrafda gündə bir bina ucalır və getdikcə də oturduğum yerin görüntü dairəsi daralır. Amma bu binaların sayı artdıqca da, mənim qapımı bir tikə çörəyə görə döyənlərin, bir çörək puluna möhtac olanların qapım ağzındakı sırası da böyüyür. Adi dərman pulu üçün, axşam evinə bir tikə çörək apara bilmək üçün xahişə, minnətə gələn adamların sayı təəssüf ki azalmır, əksinə artır. Bir də burdan, əlbəttə ki, Bakıdan kənar yerlər görünmür, amma mən tez-tez Bakıdan çıxıram və görürəm ki rəsmi açıqlama və statistik rəqəmlərlə ziddiyyət halları təkcə Bakıya aid deyil, ölkənin hər tərəfində təxminən eyni mənzərə var. Bir tərəfdə abadlıq və tikinti, həmçinin də dünyanın ən inkişaf eləmiş ölkələrindəki zənginlərdən geri qalmayan həyat tərzi keçirən bir qrup adam, digər tərəfdə isə, təəssüf ki, bir tikə çörəyə belə möhtac olanlar.

– Bu boyda kontrastın səbəblərini nədə görürsünüz? Dediyiniz o binalar ucaldıqca, abadlıq, quruculuq işləri genişləndikcə, zəngin həyat tərzi keçirənlərin imkanları artdıqca, niyə çörəyə möhtac olanların da sayı artır, əslində tərsinə olmalıydı axı. Niyə son 20 ildə, təbii sərvətlərinin dünyada səs salan bolluğunda yaşayan bir məmləkətin adamları, bir çörəkpuluna görə, tutaq ki, Sabir Rüstəmxanlının qapısını döyməlidilər ki?

– Tək mənim qapımı döymürlər, bu gün insanların üz tutub, güman edə biləcəkləri çox adamların qapıları bu məqsədlə döyülür. Təbii ki, iqtisadi və sosial ədalətsizlik mühiti yaranıb və elə dediyiniz o illər boyunca da bu ədalətsizliklər kök atıb böyüyərək indiki miqyaslara çatıb. Bu barədə onsuz da çox danışılıb və yəqin ki, bundan sonra da danışılacaq. Sözsüz ki peşəkar iqtisadçılar bunun səbəblərini daha yaxşı izah eləyə bilərlər. Amma mənim müşahidələrimə görə, artıq qeyd etdiyim kimi, çox qabarıq şəkildə görünən bir iqtisadi ədalətsizlik, daha doğrusu, haqsızlıq var. Və təbii ki bütün bu illər ərzində iqtisadiyyatın düzgün planlaşdırılmadığı çox aydın şəkildə özünü göstərir. Mən Milli Məclisdə olanda da bunu dəfələrlə demişəm ki, Azərbaycan bir kənd təssərüfatı ölkəsidir və bu baxımdan da ilk növbədə Azərbaycan kəndi inkişaf etditilməliydi. Amma neftdən gələn böyük pulların eyforiyasında Azərbaycanın kəndləri tamamilə unuduldu. Məncə, netfdən gələn həmin o pullar ilk növbədə Azərbaycanın kəndlərində, rayonlarında iş yerlərinin açılması, xırda sənaye obyektlərinin tikilməsi və kənd təsərrüfatının qlobal şəkildə inkişafı üçün yatırılmalıydı. Amma proseslər əks istiqamətdə getdi və nəinki kənlərdə və rayonlarda sənayeləşmə getmədi, aqrar sahə inkişaf etdirilmədi, hələ üstəlik Bakının və digər iri şəhərlərin sənaye obyektləri dağıdıldı. Siz nidi gedib, tutaq ki, Heydər Əliyev prospektinin sağına-soluna baxsanız görəcəksiniz ki, orada neçə gözəl bilalar tikilib. Amma əvvəllər həmin binaların yerində gözəl zavodlar var idi və hərəsində də neçə min adam işləyirdi. Sən bu zavodları bağlayıb, yerində binalar tikməzdən öncə, gərək həmin zavonları başqa bir əraziyə köçürməyi, həmçinin də orda çalışan fəhlələrin müəyyən miqdarını işlə təmin etməyi düşünəsən. Orda arxa planda zavodlar var, 10 ildi bunları nə qeyydiyyata alan, nə də sahiblik eləyən var. Amma hələ də onların məhsuluna ehtiyac var deyə, hərəsində 300-500 işçi var, yiyəsiz, sahibsiz gəlib işləyirlər. Amma artıq oraları da dağıdırlar, dağıtmalıdılar və hökmən onların yerində kimsə bina tikməlidir. Yaxşı, bu bina tikmək də gözəl işdi, amma bu binanın yerində işləyən fəhlələr var axı. Bəs, bu fəhlənin taleyini, ailəsini uşağını kim düşünməlidi, hara çıxarırsan onları? Ona görə də, məncə bizim iqtisadiyyatımız və ümumiyyətlə Azərbaycanın neftinin paralarının xərclənməsi ilə bağlı siyasətimiz düzgün qurulmayıb. O siyasət ilk növbədə real iş yerlərinin, sənaye müəssisələrinin yaradılmasına həsr olunmalıydı. Bu barədə danışanda da bəhanə gətirirlər ki, Azərbaycanın bazarı balacadır və həmin sənaye müəssisələrinin istehsal elədiyi məhsullar hara çıxarılacaq, hara gedəcək və sair. Bu cür yanaşma əlbəttə ki, doğru deyil və tutaq ki, Azərbaycanda kənd təsərrüfatı normal inkişaf etdirilsə, sənin kartofu, soğanı, almanı və sairi kənardan gətirməyinə ehtiyac olmaz. Amma bunu inkişafına bilərəkdən imkan vermirlər, çünki o bazar deyilən sahə ilə məşğul olan insanlar ki var, onlar burda yerli məhsulların inkişafına mane olurlar. Çünki onlara ancaq ticarət lazımdır.

– Yəni monopoliyadan danışırsınız…

– Bəli o monopolistlər ki var, hər şey onların maraqlarına qurban verilib. Bir məsələ də var ki, bizim millətimiz işləyən millətdir və bu günün özündə belə monopoliyalar ləğv edilməyib. İndi adına bazar deyirlər, amma bizdə o bazar yoxdur axı. Həmin bazar beş-altı adamın əlində olmaqla zorakılıqla idarə olunan monopoliyalardan ibarətdir. İmkan versinlər ki, xalq özü istədiyi şeyi, hardan bacarırsa, alsın, gətirsin, iş adamlarına şərait yaradılsın və bu tez bir zamanda həll olunmasa, böhrandan çıxmaq çətin olacaq və bəlkə də heç olmayacaq. Burdan o tərəfə də yeri yoxdur axı, ölkənin, millətin, xalqın və dövlətin bu qədər strateji əhəmiyyət daşıyan maraqları beş-on nəfərin hərisliyinə və ya hikkəsinə qurban verilə bilməz. Amma indi hamı gətirdiyi malı orda kimlərəsə verir və onların razılığından sonra da həmin mallar bazarlara paylanır. Belə bazar iqtisadiyyatı olmur axı. Antiinhisar əvəzinə hələ də inhisarların, antikorrupsiya əvəzinə isə hələ də korrupsiyanın çiçəklənməsi prosesləri gedir.

– Mən hesab eləmirəm ki, Sabir Rüstəmxanlı indi oturub ölkə iqtisadiyyatının qurumuna şərh verməli, ya da bazar iqtisadiyyatının nə olduğunu izah eləməlidir. Zatən indi İlhamədən Elgizə, Baloğlana qədər təzə ekspertlər peydahlanıblar bə bu sahədə çox da uğurlu analiz və təhlillər verirlər.

– Buna əslində heç ehtiyac da yoxdu, onsuz da daha kənd bütün aydılığınnan gözlər özündədi və burda da bələdçilyk eləmək artıq işdi.

– Mən istəyirəm ki, Siz, həm 25-30 ildir sərasər ölkənin siyasi proseslərinin tam mərkəzində olan bir siyasi xadim, həm də bütün bu illərdə gecə-gündüz millətin taleyini düşünməli olan bir ziyalı kimi danışasınız. Baxın, soruşmaq istədiyim nədi, Siz 20 il parlamentdə təmsil olunubsunuz və elə bu illərin hamısında da hər kəs monopoliyaların varlığından və monopolistlərin kimliyimdən xəbərdar idi. Eyni zamanda, hamı da bu monopoliyaların Azərbaycanı fəlakətə sürüklədiyinin fərqindəydi. Elə isə, niyə bunun qarşısı zamanında alınmadı və hələ də alına bilmir ?

– Əziz qardaşım, biz nə qədər vəziyyəti yumşaldıb üstüörtülü şəkildə desək də, Azərbaycan istisadi və sosial fəlakətlə üz-üzədir, bəlkə də artıq fəlakətin içindəyik. Hər hansı bir ölkədə bu baş versəydi və bu vəziyyətin ortaya çıxdığı günün sabahı, özünə hörmət eliyən hökumət tərəddüd eləmədən istefa verərdi. Mən hesab edirəm ki, prezident həmin gün hökuməti bütövlüklə istefaya göndərməliydi. Ondan sonra yenə də istədiyi adamlarla işləsin, istədiyi şəxsləri hökumətdə işləməyə çağırsın, hətta yeni komamdanın içində köhnə kadrlardan da kimlərsə ola bilər. Amma dünyada qəbul olunmuş bir qayda var, əgər bir yol, bir iqtisadi platforma dalana dirənirsə, xeyir vermirsə, ondan tərəddüd eləmədən, cəsarətlə imtina eləmək lazımdır. Və bizdə də indi məlum olur ki, seçilmiş yol, qəbul edilmiş iqtisadi platforma doğru deyilmiş. Təbiidir ki, vəziyyət bu yerə gələndə həmin yolu seçən hökumət də, həmin iqtisadi platformanın müəllifi olan komanda da yenisi ilə əvəz olinmalıdı.

– O indimi məlum oldu, yoxsa …

– Yox, indi niyə, neçə ildir ki, biz bunu deyirdik, amma bizim dedilkərimizə əhəmiyyət verən var idimi? Yəni, Azərbaycanda təkcə iqtisadi monopoliya yoxdur ki, fikir, düşüncə monopoliyası da var. Və yaxud, fərqinə varılmadan söylənilən bütün fikirlərə, doğru-yanlış olmasına baxmadan, səsləndirilən fərqli düşüncələrə etinasızlıq mühiti var. İllərlə o Milli Məclisdə, özü də dəfələrlə bu sözləri demişik və hər dəfəsində də məclisin rəhbərliyi bizə irad tutub ki, siz burda yox yerdən problemlər yaradırsınız. Yaxşı, biz də yaratmadıq o problemləri, axırı nə oldu? İndi ortaya çıxır ki, əslində problemləri kim yaradırdı, acı gerçəkləri deyib, vəziyyətin düzəldilməsinə çalışan bizmi, yoxsa fərqli fikirlərə nəinki məhəl qoymayan, hətta onları süngü ilə qarşılayan rəhbərlikmi?

– Məsələn, süngü ilə qarşılanmış fəqrqli fikirlərinizdən yadda qalanları varmı?

– Ötən illər ərzində çox olub belə şeylər. Məsələn, mən Məhəmməd Əmin Rəsulzadənin Gəncədəki heykəlinin başından çuvalın çıxarılmasını tələb edəndə və deyəndə ki, bu, dövlətimizə, tariximizə, elə Milli Məclisin özünə də hörmətsizlikdi, məclisin sədri bildirdi ki, sən hər dəfə burda bizim üçün əlavə problemlər yaradırsan. Halbuki məclisin sədri o sözü eşidən kimi deməliydi ki, bu nə deməkdir, bizim oturduğumuz məclisi yaradanlardan biri Rəsulzadədir və ona bu hörmətsizlik ola bilməz, siz narahat olmayın, məsələ elə bu gün həllini tapacaq. Əksinə, bu boyda məsələni görməzlikdən gəlib deyir ki, siz burda problem yaradırsınız. İndi nə oldu, çuvalı Rəsulzadənin başından çıxartdılarmı? Nəyə axı məsələ ortaya gələn kimi problemi həll eləmirsən ki? Nəticədə də o qədər insanlar narahat olur, kimlərsə etiraz eliyir, kimlərsə incidilir, kimlərsə tutulur və sair. Ortaya yalanlar düşür, media işə qarışır, ittihamlar, iradlar, cavablar, dialoqlar başlanır, cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri üz-üzə gəlirlər, sağlam düşüncənin əzilməsi, çürüməsi və ya bilərəkdən çürüdülməsi prosesləri gedir, daha nələr, nələr. Bəs bunu özü nədir, dediyiniz misallardan biri deyil? Bu ölkənin məclisinin başında oturan bir adam, bu qədər ciddi məsələyə belə laqeydcəsinə və qeyri-ciddi yanaşırsa, demək eyni laqeydlik və qeyri ciddi yanaşmalar dövlətin digər qurumlarında da, eləcə də istisadiyyatın özündə və iqtisadi münasibətlərdə də var.

– Sabir bəy, niyə bu li sizi deputat seçmədilər? O mənada seçmədilər deyirəm ki, sizin Yardımlıdan deputat olmaq probleminizin olmadığını, hətta ən qatı bədxahlarınız belə qəbul edirlər. Amma bu da hamıya bəllidir ki, bizdə deputat seçilmək xüsusi “dobro”ynan baş tutur. Yəni əvvəllər sizə doğma rayonunuzdan seçilməyə mane olmurdular. Bəs bu dəfə niyə mane oldular ki ?

– Biz nələr baş verdiyinin hamısını bilirik. Bilə-bilə ki ordan hər dəfə mən seçilmişəm, bu biri yandan da, mən qala-qala başqa bir millət vəkilini ora göndərirlər. Bu artıq konkret mövqe nümayişi və əslində də, mənə olan münasibət idi. Mən də bu münasibəti görə-görə o camaatı çətin seçim qarşısında qoymaq istəmədim. Eyni zamanda da icra başçılarına problem yarana biləcəyindən dolayı, namizəd də olmadım. Başçılarin özləri də mənə müraciət eləmişdilər ki, biz səni gözləyirik, camaat da burda sənə səs verəcək. Onlar həm də bura qədər demişdilər ki, burdan namizəd sən olanda bizim işimiz də rahat olur və camaatla problem yaranmır. Son günlərdə, həmim rayondan olan başqa bir namizədi ora göndərməyə qərar verənlər belə düşünüblər ki, yəqin o rayonlarım adamları buna da səs verərlər. Halbuki mən ora getsəydim, o camaatın yüzdə doxsanı mənə səs verəcəkdi. Buna mənim heç bir şübhən yoxuydu və əminliklə deyirəm ki, hətta həmin namizədin öz qohumlarının bir hissəsi də mənə səs verəcəkdilər. Amma mən nə o camaatı, nə də mənə çox böyük sayğı ilə yanaşan rayon rəhbərliyini pis vəziyyətdə qoymaq istəmədim və onu da istəmədim ki, elə təəssürat yaransın ki, guya mən məclisə seçilməkdən ötrü o qədər canfəsanlıq eləyirəm. Əlavə söz-söhbətin yaranmasını istəmədim, zatən görünən dağa nə bələdçi ki, mən olan yerdə Musa Qasımlı o camaatın nə səsini ala bilər, nə də deputat olardı.

– Illərin bir düzəni var idi və millət vəkili həyatınız bir növü öz axarıyla davam edirdi. İndi necədi, yeni situasiyaya adaptasiya çətin deyili ki?

– Əgər biz səmimi danışırıqsa, şübhəsiz ki, mən həmişə səmimi olmağa çalışıram, içimdəkini, içimdən keçənləri deyirəm. İndi mən məclisə seçilməmişəm, getməmişəm bu məclisə. Bir az da kənardan baxmaq şansım yaranıb. Bir var, mən bunu beş ildən, lap iki dəfə də seçilib, on ildən sonra eləyəydim və onda qələmim kağız, dilim də söz tutmaya, ağlım kəsməyə, bəzi şeyləri görməyəydim. Bir də var ki, indi iş qabiliyyətimin yüksək olan vaxtıdır, hər şeyi kənardan daha aydın görür, cəmiyyətdə gedən prosesləri rahat izləyə bilirəm. Əslində 25 ildən sonra hər şeyə bir az da kənardan baxmaq istəyirəm ki, görüm nələr baş verir. Və indi, sənə açıq deyirəm ki, ötən o 25 ilimə də bir az yanıram. Çünki, bir məclisdə ki, sənin bircə təklifin belə keçmir, nə deyirsənsə de, ancaq məclisin rəhbərliyi yerində oturub, sanki səndən müdafiə olunur. Adamlara da bir deyən yoxdu ki, siz gedin ermənidən, dünyanın çeşidli yerlərində və təşkilatlarında oturan Azərbaycanı istəməyən, hətta ona düşmən kəsilmiş adamlardan müdafiə olunun. Axı, siz niyə öz millət vəkilinizdən, xalqın seçdiyi adamlardan mudafiə olunursunuz ki? Hər dəfə qan qaraldan bu toqquşmalar-filan adamı çox yorursa və üstəlik də, orda heç nəyi dəyişmək imkanın yoxdusa və sadəcə nə gəlirsə ona səs verməklə iş bitirsə, o baxımdan orda olduğum, günlərə, aylara, illərə, gerçəkdən də, bir az yanıram.

– 25 il içində olduğunuz belə bir məclisə, bir az da ideoloji-siyasi yöndən qiymət vermənizi istiyirəm. Bütün bu illər ərzində, ordakı 125 nəfər “seçimişlər”in, ən yaxşı halda, 15-20 nəfərini, müsbət, ya da mənfi yönlərdən, fərq etməz, cəmiyyət tanıyıb. Qalanlarının isə, hətta qohumları və yaxın qonşuları tərəfindən tanınmaları belə ciddi şübhə doğurub. Yəni qohum-qonşularının belə düz-əməlli tanımadığı insanları gətirib parlamentə doldurmağın məqsədi nəydi, bunun ideoloji və siyasi anlamının izahını vermənizi istəyirəm.

– Bilirsənmi, indi burda mənə o məsələlərdən danışmağa mane olan bir şey var. Mən indi seçilməmişəm deyə, bu məclis haqqında o yönlərdən danışmağım düzgün anlaşılmaz.

– Sizdən məclis haqqında yox, bu cür məclisi yaradan siyasət haqqında danışmağınızı istəyirəm.

– Amma, bütün hallarda, məclisə deputat seçkisi siyasəti, şübhəsiz ki doğru deyil. Yəni, bunu hamı bilir ki, seçki yoxdur, təyinat var. Mən özüm də, o sistemdən kənarda qalmamışam ki, razılıq olub ki seçilmişəm. Razılıq olmasaydı seçilə bilməzdim axı. Necə ki, indi razılıq olmadı deyə, seçkiyə də getmədim.

– Yardımlını qanına qəltan edərdilər, amma Sabir Rüstəmxanlı seçilə bilməzdi…

– … Ona görə də, hesab eləyirəm ki, indiki seçki siyasəti Azərbaycanın ən böyük bəlalarından biridir. Axı niyə normal, demokratik və şəffaf seçki olmasın? Onsuz da kim seçilirsə seçilsin, Azərbaycanın müstəqilliyini istəyəcək, dövləti qorumağa çalışacaq. Sadəcə hamısı prezidentin siyasətini dəstəkləməyə, ya da hökumətin fəaliyyətini bəyənməyə bilər. Qoy olsun, amma bu nəyi dəyişə bilər ki? Onsuz da indi, o səhələrdə nəyisə dəyişə bilmək üçün məclis hansısa ciddi səlahiyyətlərə sahib deyil. Ona görə də məclisə əlavə enerji, mütərəqqi fikir mənbəyi kimi, inkişafa yol açacaq əlavə ideyaların verildiyi bir məkan kimi, qurum kimi baxmaq lazım idi. Orda siyasi plüralizmə, müxtəlif siyasi partiyaların öz ideyalarını ortaya qoymaları üçün şərait yaratmaq lazımdı. Amma o məsələ günü bu gün də həll olunmamış qalmaqdadır və bu, Azərbaycanın sözdə yox, gerçəkdən inkişafı üçün vacibdi, olmazsa olmaz şərtlərdən biridi. Ancaq, təəssüf ki, bu belə deyil. Baxın, indu parlamentdə icra başçılarının nə qədər adamları təmsil olunurlar. Hər icra başçısı gücü çatan yerdən bir-iki adamını irəli verib. Tutaq ki, biri pul qazananını, biti tikinti tikənini, biri qardaşını, biri digər qohumunu məclisə saldırıb və belə baxırsan ki, ora məclis yox, qohum-qardaş yığınağıdı. Belə məclis olar?

– Təkcə məclis elə deyil, Sabir bəy. Baxın nəyə münasibət bildirmənizi istəyirəm. Bu ölkədə konkret ailələr var ki, bir qardaşı nazir, bir qardaşı deputat, bir qardaşı icra başçısı, nə bilim bir qardaşı general, o biri yanda da qudaları, yeznələri və sair. Bu məsələlərdən yana düşüncələriniz nə deyir?

– Yəni, bunlardan başqa kişi yoxdu bu məmləkətdə? Bax, ay əziz qardaşım, axı bir gün soruşarlar ki, niyə bu ölkənin hər şeyi bir qrup adamın əlində olmalıdır, bəs bu millətin özü hardadır. Bu millət və bizdə onunla bir yerdə meydanlarda can çürütdük ki, Azərbaycanda normal cəmiyyət qurulsun, xalq seçsin, xalqı onun öz içindən irəli gələn adamlar idarə eləsin.

– Bəs niyə Azərbaycanda bu şərait yarandı?

– Ona görə ki, uzun illərdi müəyyən vəzifələrdə oturan adamların əksəriyyətinin iqtisadiyyatın nə demək olduğundan xəbərləri yoxdur. Biriləri tanışlıqla, biriləri pulla, biriləri də müəyyən digər yollarla, məsələn, kimlərinsə təqdimatı ilə vəzifələrə gətirilirlər. Bu gün də neçə-neçə icra başçıları var ki, bircəciyi əvvəl hansısa ciddi bir müəssisədə işləməyib və indi də gedib müqəvva kimi hansısa rayonda oturublar. Sizcə, bu cür adamlar rayon idarə edə bilərlərmi? Ona görə də, bir-iki il hansısa vəzifədə oturan adamı tərpədirsən, altından milyonlar çıxır, hardandı o milyonlar? Bəs biz əlli ildi ki, bu meydandayıq, can çürüdürük, niyə bizim ancaq bu günnən sabaha ümidimiz var, o da maaş ala bilsək. Amma milyonları bunlar hardan və necə qazana bilərlər ki? Deməli bəzi və məxsusən də iqtisadi münasibətlər düzgün qurulmayıb, seçim doğru aparılmır, kadr siyasəti düzgün deyil. Bu kadrlarla ümumiyyətlə hər hansı siyasət olmaz. Ona görə də, bütün bu sahələrdə ciddi islahatlara ehtiyac var. İslahat nədir, danışmaqla deyil ki? Bu ölkədə son 25 ildə kifayət qədər sanballı, həmin islahatların aparılmasına potensialı yetəcək nə qədər cavan kadrlar yetişib. Bu sırada xeyli sayda xaricdə təhsil almış, özümüzdə oxumuş nə qədər istedadlı, çağdaş dünyanın gəldi-gedərini anlayan adamlarımız var. Bizdə isə guya islahat adına nələr eləyirlər. Həmin o ali məktəbləri bitirmiş insanlar hansısa işə gedə bilmək üçün təzədən imtahan vermək zorunda qalırlar. Bəs o necə ali məktəbdir ki, oranı bitirəndən sonra yenidən imtahan vermək lazım gəlir. Amma əslində o imtahan başqa mətləblərə xidmət edir. Orda adamları seçir və kim ki bunlara uyğundur, onları işə götürürlər. Yaxud da, dövlət qulluğuna qəbul imtahanından yüksək bal alanlar, sonradan gedib söhbətdən keçə bilmirlər. Bu necə ola bilər axı, o nə söhbətidi elə?

– Bəllidi nə söbət olduğu, amma siz necə bilirsiniz ?

– Kimin adamıdır, hansı bölgədir, hardan gəlib, hansı partiyaya yaxınlığı var və sair kimi yolverilməz söhbətlərdi əlbəttə. Axı, cəmi on milyonluq olan olkənin əhalisini niyə bu qədər rəzil günə qoymalıyıq və bu siyasət nəyə xidmət edir, kimə lazımdır?

– Sabir bəy, siz meydan adamısınız …

– Yenə meydandayıq elə…

– Meydan üçün qəribsəməyibsiniz, ümumiyyətlə, durumlar meydana işarət verirmi?

– Açığı, mən Azərbaycanın təzədən bir xaosa sürüklənməyini istəmərəm. Baxın, indi Azərbaycanda siyasi partiyalar param-parça halındadır, yəni bir-birindən xeyli aralı düşüblər. Amma vəziyyət elə gətirə bilər ki, həm də çox qısa müddətdə, yaxın 10-15 gündə, bunların hamısı bir araya gələrlər. Çünki xalq tamamilə məhv olmayıb və heç kim də razı ola bilməz ki, onun ölkəsi, göz görə-görə dağılıb getsin. Dediyim kimi, siyasilər 10-15 günə bir araya gələ bilərlər, amma bu siyasi partiyaların və siyasi fəalların kənarında, Azərbaycanda bizə bəlli olan və olmayan qüvvələrin yetişdirdikləri başqa güclü qruplar, təşkilatlanmış dəstələr də var. Məsələn, dini təmayüllü xeyli qüvvələr var, Iranin maddi və mənəvu dəstəyi ilə təşkilanlamış xeyli qurumlar var. Eləcə də, Amerikanın, Qərbin burdakı şəbəkələrinin, QHT-lərinin təşkilatlandırdığı qüvvələr var. Rusiya heç burdan getməmişdi də və onların da öz himayədarlığında, hər an hərəkətə keçə biləcək qurumlarının olduğu heç kəsə sirr deyil. Yəni, siyasi orientiri Azərbaycan dövlətinin və çəmiyyətinin tutduğu yola uyğun gəlməyən və bu ölkəni tamam ayrı istiqamətlərə sürükləyən qüvvələr hər an meydana çıxa və nəticədə də böyük bir xaos yarana bilər. Ona görə də, məncə, burda nə tələsmədən, nə də gecikmədən, ciddi bir dialoqa başlanılmalıdı. Mən həmişə onu demişəm ki, hakimiyyətlə müxalifətin çox ciddi və səmimi dialoqu olmalıdır. Burdakı bütün tərəflər bir-birindən qorxmadan, çəkinmədən, üz-üzə oturub bu problemləri danışmalı, danışa bilməlidirlər. Və bu proses kimlərisə aldatmaq, müəyyən keçici məsələlərin həlli naminə imitasiyadan yox, gerçək və ciddi yanaşmalardan keçən danışıqlardan ibarət olmalıdır. Yoxsa, bizdə baş verənlər, getdikcə durumun daha da gərginləşməsinə şərait yaradır. Adətən də, ya seçki, ya da hansısa böyük beynəlxalq tədbirlər ərəfəsində, guya “dialoqa gedirik” pərdəsi altında, gah müxalifətin başının altına yastıq qoymaqla, gah da bir neçə görüş keçirib, sonradan ortadan çəkilməklə müəyyən proseslər olur. Həmişə də bu addımları, müəyyən adamlara ümid verərək, müəyyən adamları aldadaraq atıllar və adını da qoyullar ki, baxın, guya dialoq aparırıq. Halbuki bu dialoqlar dialoq xatirinə olmamalı, ya da cari və ya mövsümi məsələlərin üzərində manipulyasiya xarakteri daşımamalıdı. Burda ölkənin ciddi problemləri müzakirəyə çıxarılmalı, hər kəs də öz baxışlarını ortaya qoymaqla, müzakirələr və təhlillər aparılmalıdır. Yalniz belə olduqda, bu, ümumi işin xeyrinə ola bilər. Şəxsən mən bu cür ciddi əsaslara söykənən dialoqu qaçılmaz hesab edirəm və ökləni xaosa aparan yoldan çıxarmaq üçün ciddi addımların atılmağını istətirəm. Bu işlər zorla əmələ gəlməyəcək və tutaq ki, filan rayonda 100 adam küçəyə çıxır və oraya 200 polis göndərib məsələni yat-küt eləmək, çıxış yolu deyil.

– Müxalifətin tədbirlərinə niyə qatılmırsınız?

Davamı var

LEAVE A REPLY