Məleykə Abbaszadə: “Əlaçı məzunların 20-si 100-dək bal toplayıb”

0
6

Məleykə Abbaszadə: “Əlaçı məzunların 20-si 100-dək bal toplayıb”

2015-ci ildə ali məktəbə qəbul üçün sənəd verən 51818 cari il məzununun 5790-ı əlaçı olub. Əlaçı məzunların 20 nəfəri (0,35 faizi) 0-100 bal, 151 nəfəri (2,61 faizi) 100-200 bal, 558 nəfəri (9,64 faizi) 200-300 bal, 2255 nəfəri (38,95 faizi) 300-500 bal, 2806 nəfəri (48,46 faizi) 500-700 bal toplayıb.

Bunu Trend-ə müsahibəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

Komissiya sədrinin sözlərinə görə, son qəbulda əlaçılar öz nəticələrini müəyyən dərəcədə təsdiqləyiblər: “Təbii ki, mən bütün əlaçıların 500 baldan çox nəticə göstərməsini istəyərdim. Əlaçı məzunların nəticələrinin təhlili orta məktəblərdə daxili qiymətləndirmənin nə dərəcədə düzgün aparıldığını göstərir. Biz bu istiqamətdə təhlilləri 10-15 il əvvəl aparmağa başlamışıq. 10 il əvvəl şok vəziyyətində idik, çünki bütün bal kateqoriyaları arasında əlaçılar var idi. 0-100 bal toplayanlar arasında onların sayı 7 %, 0-200 bal toplayanların arasında isə 22 % (!) idi. Bunlar göstərir ki, məktəbdə daxili qiymətləndirmə düzgün aparılmır, müəyyən şişirtmələr edilir. 2015-ci ilin ali məktəbə sənəd verən 5790 əlaçı məzununun yalnız 20-si 0-100 bal arasında nəticə göstərib. Əlaçı məzunların yarıdan çoxu 500 baldan yuxarı nəticə göstərib. Bu, o deməkdir ki, artıq orta məktəblərdə əlaçıların qiymətlərinə daha dəqiq yanaşılır”.

M.Abbaszadə qeyd edib ki, fənnlər üzrə məktəb qiymətləri ilə qəbul imtahanlarında toplanılan balların müqayisəsi üçün abituriyentlərin hər bir fənn üzrə topladıqları balların məktəb qiymətləri ilə korrelyasiyası da araşdırılıb. Məlum olub ki, orta məktəblərdə nisbətən obyektiv qiymətləndirmə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə aparılır.

Bunu həmin fənlərin buraxılış imtahanları fənləri olması ilə izah edən M.Abbaszadə qeyd edib ki, hər üç fənn üzrə korrelyasiya əmsalı 2015-ci ildə 0,60-0,65 intervalında olub. Bu göstərici 2012-ci illə müqayisədə artıb.

M.Abbaszadə qeyd edib ki, 2014-cü ildə xarici dil üzrə korrelyasiya əmsalı 0,42-yə bərabər olub: “Amma 2015-ci ildə buraxılış imtahanları fənləri sırasına xarici dil də daxil edildikdən sonra bu göstərici 0,61 faizə yüksəlib. Fizika, kimya, biologiya üzrə korrelyasiya əmsalı isə 0,50-0,53 intervalındadır”.

M.Abbaszadə deyib ki, 2015-ci ilin məzunları arasında orta attestat balı 4,5-5 intervalında olan abituriyentlərin sayı 15 332 nəfər olub: “Onların 1359 nəfəri (8,86 faizi) 0-100 bal, 2530 nəfəri (16,50 faizi) 100-200 bal, 3249 nəfəri (21,19 faizi) 200-300 bal, 5747 nəfəri (37,48 faizi) 300-500 bal, 24 47 nəfəri (15,96 faizi) 500-700 bal toplayıb”.

Komissiya sədri hesab edir ki, orta attestat balı 4,5-5 intervalında olan abituriyentlər arasında 0-100 bal toplayanlar olmamalıdır.

M.Abbaszadə əlavə edib ki, 2015-ci ilin məzunları arasında orta attestat balı 4-4,5 intervalında olan abituriyentlərin 45 faizi 200 baldan aşağı nəticə göstərib: “Demək, müəllimlərin “5” qiyməti yazmaq məsuliyyəti artıb. Amma “4” qiymətini yazmaq məsuliyyəti bir o qədər də artmayıb”.

LEAVE A REPLY