“Bizə hansısa dəyəri zorla sırımaq olmaz”

0
5

“Bizə hansısa dəyəri zorla sırımaq olmaz”

Ramiz Tağıyev: “Hər bir ölkənin milli və mental xüsusiyyətləri mütləq şəkildə nəzərə alınmalıdır”

“Bütün beynəlxalq təşkilatlar lazım olan parametrləri nəzərə almaqla təkəbbürdən uzaq siyasət yürütsələr, Azərbaycanla münasibətlər normal məcrada davam edər”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasında ispaniyalı parlamentari Pedro Aqramunt AŞPA-nın yeni sədri seçilib. İspaniyanın Valensiya bölgəsindən deputat seçilmiş senator Pedro Aqramunt 2000-ci ildən etibarən AŞPA-da təmsil olunur. O, bu illər ərzində müxtəlif vaxtlarda Assambleya daxilində komitə sədri vəzifələrində işləyib, bir çox hesabatlar hazırlayıb və eyni zamanda, uzun illər Azərbaycan üzrə həmməruzəçi vəzifəsində çalışıb.
P.Aqramunt AŞPA-da fəal parlamentarilərdən hesab olunur. Pedro Aqramunt kimdir? İspaniyalı Pedro Aqramunt (Pedro Aqramunt Font de Mora) 1951-ci il dekabrın 9-da Valensiyada anadan olub. O, ixtisasca hüquqşünasdır. Xalq Partiyasının Valensiya bölümünə rəhbərlik edir. İspaniya parlamentinə ilk dəfə 1991-ci ildə seçilib. Evlidir, iki övladı var. P.Aqramunt uzun illər Azərbaycan üzrə həmməruzəçi vəzifəsində çalışıb. AŞPA-nın yeni sədri noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərində AŞPA müşahidə missiyasının üzvü olub. O, çıxışları zamanı Azərbaycan və Avropa Şurası Parlament Assambleyası (AŞPA) arasında ikitərəfli əməkdaşlığın tərəfdarı olduğunu, bu münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulayıb. P.Aqramunt Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəlikləri yerinə yetirdiyini diqqətə çatdırıb: “Azərbaycan bütün öhdəliklərini yerinə yetirir və düzgün istiqamətdə inkişaf edir. Son bir neçə il ərzində siyasi vəziyyət yaxşılaşmağa doğru gedir. Azərbaycan öhdəliklərinə hörmət edir”. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk plenar iclasında qurumun yeni sədri Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir bildirib: “Bizim təşkilatımız daxilində bir neçə ölkədə münaqişələr hələ də həll edilməyib. “Dondurulmuş” adlandırdığımız münaqişələr mövcuddur. Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Dnestryanı bölgədəki münaqişə, eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Bu münaqişələrin həll edilməməsi ümumilikdə Avropanın təhlükəsizliyi üçün təhdid təşkil edir”-deyə Aqramunt qeyd edib.
Aqramuntun daha bir maraqlı açıqlaması isə Avropanın yürütdüyü siyasətdəki səhv konturlarla bağlı olub: “Avropanı təkəbbürlü olmamağa və Qərbsayağı demokratiyanı zorla ölkələrə diktə etməməyə çağırıram. Biz belə hallardan çəkinməliyik. Hər ölkənin öz tarixi və inkişaf yolu olduğundan, Qərbsayağı demokratiya modelini hansısa ölkəyə zorla tətbiq etdirməməliyik. Bu, təkəbbürlüyün göstəricisidir və çox təhlükəlidir. Çünki biz bu cür siyasətimizlə bir çox ölkələri özümüzdən uzaqlaşdıra bilərik”.
AŞPA-nin yeni sədri tərəfindən ifadə olunan bu mövqeyə bütün beynəlxalq təşkilatlar sadiq qalarsa, onda onlarla Azərbaycan arasındakı münasibətlər hansı səviyyədə olar?
Tanınmış siyasətçi Ramiz Tağıyev bizə açıqlamasında bildirdi ki, yeni sədrin açıqlaması tamamilə doğrudur:
“Bizə hansısa dəyəri zorla sırımaq olmaz axı. Maraqlıdır ki, bəzən bu siyasət müxtəlif gur səslənən adların altında həyata keçirilir. Hər bir ölkənin milli və mental xüsusiyyətləri mütləq şəkildə nəzərə alınmalıdır. Bir vaxtlar Qərbdən maliyyələşən QHT-lərin həyata keçirdiyi layihələrə fikir verdik. Nəticədə məlum oldu ki, hamısı Qərb dəyərlərinin möhkəmlənməsi üçün ayrılan pullardır. Maraqlıdır ki, həmin layihələrin birində də vətənpərvərlik hissinin artırılması və ya milli şüurun inkişafına dair qranta rast gəlmədik. Bu baxımdan da Aqramuntun arqumentlərini tutarlı sayıram. Məsələn, Qərbin bəzi ölkələrində narkotik açıq satışdadır və ya eynicinsli nikahlara icazə verilir. İndi biz də bunu tətbiq etməliyik? Təbii ki, olmaz. Bütün beynəlxalq təşkilatlar lazım olan parametrləri nəzərə almaqla təkəbbürdən uzaq siyasət yürütsələr, Azərbaycanla münasibətlər normal məcrada davam edər”.

Məhəmmədəli

LEAVE A REPLY