Samir Şərifovun diqqətinə: Ukrayna və Qazaxıstanda kredit borclularına necə kömək edirlər?

0
3

Samir Şərifovun diqqətinə: Ukrayna və Qazaxıstanda kredit borclularına necə kömək edirlər?

Maliyyə naziri Samir Şərifovun son çıxışı, əhaliyə dollarla götürülən kreditlərin qaytarılmasında yardım etmək məqsədilə hökumətin hələ ki, heç bir addım atmağa hazırlaşmadığını nümayiş etdirdi. Maliyyə naziri, faktiki, məsuliyyəti əhalinin və bankların üzərinə qoyaraq, onları öz aralarında “dil tapmağa” dəvət etdi. Beləliklə, əhalinin təxminən 1 aylıq gözləmə dövrü bitdi.

Hökumət dollarla krediti olanların acınacaqlı vəziyyətinin yaxşılaşması üçün heç nə etmək istəmir. Baxmayaraq ki, 21 fevral və 21 dekabr 2015-ci il tarixli devalvasiya qərarları dollarla kredit götürənlərin borclarının dollar ifadəsində iki dəfə artmasına səbəb olub. Halbuki devalvasiya qərarını hökumət verib və hər dəfə də, publik olaraq, açıq şəkildə deyilib ki, vətəndaşların milli valyutaya etibar etməsində heç bir problem yoxdur, məzənnədə “kəskin dalğalanmalar olmayacaq”.

21 fevralda milli valyuta 35% ucuzlaşdı, 21 dekabrdan sonra 47%-dən çox dəyərdən düşdü. Hazırda isə 21 fevrala qədər olan dövrlə müqayisədə manat 100% dəyərdən düşüb. Buna baxmayaraq, hökumət, hələ də günahı vətəndaşda görür. Ən azı maliyyə nazirinin dediklərindən belə anlaşılır.

Digər MDB ölkələrində isə hökumət vətəndaşa hansısa formada yardım etməyə çalışır. Məsələn, Ukraynada bu il iyul ayında “Xarici valyutada olan borcların restruktizasiyası haqqında” qanun qəbul edildi. Bu qanun dekabr ayında imzalanmaq üçün prezidentə təqdim edildi. Prezident isə veto qoyaraq, əlavə təkliflərlə parlamentə (Ali Rada) qaytardı. Bu qanun dollarla kreditlərin ödənilməsi zamanı 1 ABŞ dollarının 5.05 qrivna ekvivalentində hesablanmasını nəzərdə tuturdu. Hazırda Ukraynada 1 dollar üçün 26 qrivna verilir. Prezident Radaya tezliklə alternativ qanun layihəsinin müzakirəsini tövsiyə edib.

Ukrayna Nazirlər Kabineti banklarla birgə, Beynəlxalq Valyuta Fondu ilə razılaşdırmaqla alternativ qanun layihəsi də hazırlayıb. “Ukrayna vətəndaşlarının bir yaşayış yeri üçün (ipoteka krediti) xarici valyutada aldığı kreditlərlə bağlı öhdəliyinin restruktizasiyası haqqında” qanun layihəsini ötən il Maliyyə naziri Natalya Yaresko təqdim edib. Bu qanun layihəsi isə təxminən 37 min ailənin ipoteka kreditinin restruktizasiyasına imkan verir. Restruktizasiyanın ümumi dəyəri isə 20 milyard qrivna təşkil edəcək. Hələ ki, bu qanun layihəsi parlamentə təqdim olunmayıb.

Bununla belə, ötən il qəbul olunmuş və təsdiqlənmiş “Xarici valyuta ilə götürülən kreditlərdə girov kimi qoyulmuş əmlakın müsadirəsinə moratorium haqqında” qanun vətəndaşın ipoteka ilə götürdüyü evin onun əlindən alınmasını qadağan edir.

Bundan başqa, Ukrayna Ali Məhkəməsinin qərarı ilə arbitraj məhkəmələrinə istehlak kreditləri ilə bağlı məsələlərə baxmaq qadağan edilib. Hətta o hallarda ki, müqavilədə bu məsələ nəzərdə tutulub. Çünki arbitraj məhkəmələri banklarla indiyə qədər sıx əməkdaşlıqda işləyiblər və bir qayda olaraq, onların xeyrinə qərar çıxarıblar.

Qazaxıstanda da kredit götürənlərin hüquqlarının qorunması ilə bağlı addımlar atılıb. Ötən ilin noyabr ayında prezident Nursultan Nazarbayevin imzalaması ilə “İşləməyən kreditlər və ikinci səviyyəli bankların aktivləri, Qazaxıstan Milli Bankı və maliyyə təşkilatlarının göstəridiyi maliyyə xidmətləri və fəaliyyətləri ilə bağlı bir sıra qanunvercilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında” qanun qüvvəyə minib. Bu qanun kredit borcu olanların borclarını qaytarması qaydasını nəzərdə tutur. Qanuna görə, əvvəlcə

1) əsas borc, 2) kredit faizi, 3) cərimə və peniyalar, 4) borcun qaytaraılması xərcləri ödənilir.

Belə ki, bundan əvvəl kredit gecikməyə düşəndə ilk növbədə peniya ödənilirdi, sonra kredit faizi, daha sonra isə əsas məbləğə görə borc ödənilirdi. Beləliklə, vətəndaşların əksəriyyəti elə peniya və fazi borclarını ödəyə bilir, daim banklardan asılı vəziyyətdə qalırdılar. İndi isə əksinə vəziyyət yaranıb və vətəndaş ilk növbədə əsas borcunu qaytarmaq imkanı əldə edib.

Eyni zamanda qanunda nəzərdə tutulub ki, krediti götürənin hesabına daxil olan məbləğin yalnız 50% -i borcun ödənilməsi üçün tutula bilər. 180 gün ardıcıl gecikmədən sonra ipoteka krediti üzrə peniya və əlavə borcun yazılması qadağan olunub.

Bundan başqa, xarici valyuta ilə ipoteka krediti götürənlərin kreditləri yerli valyutaya keçirilir.

Gürcüstanda isə məhkəmənin qərarı olmadan kredit borcuna görə evdən köçürmək və əmlakın satılması qadağan edilib. Bununla bağlı ötən il dekabrın sonunda “Polis və icra haqqında” qanunda dəyişiklik edilib.

Strateq.az

LEAVE A REPLY