Bütün növ əmək pensiyalarının sığorta hissəsi, tələbə və şagirdlərin təqaüdləri artırıldı
Azərbaycan Prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı Azərbaycanda pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq qərara alıb:
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2016-cı ilin 1 yanvar tarixinə:
bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;
fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, tələbələrin və şagirdlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2013-cü il tarixli 3108 nömrəli sərəncamı ilə müəyyən edilmiş təqaüdlərin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılsın.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.