Azərbaycan Prezidentinə yeni köməkçi təyin edildi – Tərcümeyi-hal
Ölkə başçısı İlham Əliyev Azərbaycan Prezidentinə iqtisadi islahatlar üzrə köməkçi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.
Natiq Əmirov bu təyinatadək vergilər nazirinin 1-ci müavini postunu tuturdu.
Əmirov Natiq Ərziman oğlu 1967-ci ildə Dəvəçi rayonunda anadan olub. 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu (iqtisadçı), 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini (hüquqşünas) bitirib.
1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı, 1991-1997-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində müxtəlif vəzifələrdə işləyib.
1997-2000-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini vəzifəsini tutub.
2000-2001-ci illərdə Bakı şəhəri, Səbail rayonu Vergilər İdarəsinin rəis müavini, 1001-2003-də Vergilər Nazirliyi İri Vergi Ödəyiciləri ilə İş Üzrə Departamentin rəis müavini postunda çalışıb.
2003-2005-ci illərdə Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi olub.
N.Əmirov Azərbaycan Prezidentinin 16 avqust 2005-ci il tarixli sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Ölkə başçısının 4 mart 2009-cu il tarixli sərəncamı ilə vergilər nazirinin I müavini vəzifəsinə təyin ediliv. Bu günə kimi həmin postda çalışıb. Ailəlidir. 3 övladı var.
Qeyd edək ki, indiyə kimi Prezidentin 4 köməkçisi vardı. Onlar aşağıdakılardır:
İqtisadi məsələlər üzrə Prezidentin köməkçisi – Əli Əsədov;
Müdafiə məsələləri üzrə Prezidentin köməkçisi – Vahid Əliyev;
Azərbaycan Respublikası Prezidentinin katibliyi – Katibliyin rəisi – Prezidentin köməkçisi Dilarə Seyidzadə;
İctimai-siyasi məsələlər üzrə Prezidentin köməkçisi Əli Həsənov