Hesablama Palatasından Şamaxı rayon Təhsil Şöbəsindəki mənimsəmələrlə bağlı hesabat
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında dövlət büdcəsinin yerli xərclərindən Şamaxı rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri müzakirə edilib.
Yoxlama qrupu rəhbərinin məruzəsi dinlənildikdən sonra fəaliyyət istiqaməti üzrə məsul Auditor V.Həsənov əldə edilmiş nəticələr və auditor rəyində əks etdirilmiş tövsiyələrlə bağlı məlumatı diqqətə çatdırıb.
Auditor Şamaxı rayon Təhsil Şöbəsi (TŞ) tərəfindən kompyuterlərə xidmət üzrə laborant ştatlarının olmasına baxmayaraq müəllimlərə kompüterlərə xidmət üçün, tələb olunan avadanlıqlar və qurğular olmadığı halda hərbi rəhbərlərə kabinet müdirliyi üçün, müasir tədris ləvazimatları və avadanlıqları ilə təmin edilmədiyi halda fənn kabinetlərinə rəhbərlik üçün, mövcud olmayan tədris-təcrübə sahəsinə və emalatxanaya rəhbərlik üçün əlavə haqq, hərbi rəhbərin vəzifə maaşına daxil olan, həmçinin əvəzedilməsi aparılmamış dərs saatlarına görə, şagirdlərin sayının normadan aşağı olduğu siniflərin yarımqruplara bölünməsi nəticəsində artıq tarifləşdirilmiş dərs saatlarına, artıq tarifləşdirilmiş dərnək saatlarına görə əmək haqqı ödənildiyini, qeyri-ixtisas fənləri üzrə pedaqoji işçilər üçün dərs tarifləşdirildiyini, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq əmək ödənildiyini, siniflər üzrə şagirdlərin sıxlığının gözlənilməməsi, az kontingentli ibtidai siniflərdə komplektləşmə aparılmaması səbəbindən artıq sinif komplektlərinin saxlanıldığıni diqqətə çatdırıb. Həmçinin işçilərin əmək haqqından müvafiq tutulmalar aparılarkən mövcud qanunvericiliyin tələblərinin gözlənilməməsi qed olunub. Eyni zamanda xərclər smetasında nəzərdə tutulmayan, həmçinin TŞ-nin funksional fəaliyyəti ilə birbaşa əlaqəsi olmayan istiqamətlərə vəsait xərcləndiyi diqqətə çatdırılıb.
TŞ tərəfindən malların (işlərin və xidmətlərin) satınalınması zamanı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə bir sıra hallarda əməl edilmədiyi, o cümlədən tender təkliflərinin təqdim edilməsindən əvvəl malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilmədiyi, müvafiq sənədləşdirmələr aparılaraq protokolların tərtib edilmədiyi, tenderin əsas şərtlər toplusunun hazırlanmadığı, satınalma proseduru tətbiq edilmədən vəsait xərc edildiyi bildirilib.
Auditor audit obyekti tərəfindən bəzi hallarda ödənilmiş vəsait müqabilində mal-material qiymətlilərinin tam alınmadığını və vəsaitin birbaşa xərcə silindiyini, mal-material qiymətlilərinin paylanmasının uçotunun, ümumiyyətlə mühasibat uçotunun təşkili və aparılması zamanı ciddi nöqsanlara yol verildiyini qeyd edib.
Sonra auditor əldə olunmuş nəticələr əsasında tərtib edilmiş tövsiyələri diqqətə çatdıraraq bildirib ki, pedaqoji işçilərin əmək haqqına əlavələrin hesablanılması, siniflərin komplektləşdirilməsi, ümumtəhsil məktəblərinin rəhbər işçilərinə normadan artıq dərs tarifləşdirilməsi, büdcə vəsaitlərindən istifadə zamanı mövcud qanunvericilik aktlarının tələblərinə riayət edilməsi, tələbatdan artıq xərclərə yol verilməməsi, vəsaitlərin ciddi olaraq yalnız təyinatı üzrə istifadəsi istiqamətində Təhsil Şöbəsinin fəaliyyətinin gücləndirilməsi zəruridir.
Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilmiş və səsə qoyularaq qəbul olunub. Kollegiya Qərarında əmək haqqının hesablanılması və ödənilməsi zamanı qanunvericiliyin pozulmasına görə artıq ödənilmiş vəsaitin məsul şəxslər tərəfindən müvafiq qaydada dövlət büdcəsinə bərpa olunduğu nəzərə alınıb. Müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Qərar Azərbaycan Respublikası Təhsil Nazirliyi, Şamaxı rayon İcra Hakimiyyəti və Şamaxı rayon Təhsil Şöbəsinə göndərilib.