“FUADIN HƏBSİ İLƏ BAĞLI, DAHA ÇOX ƏLİ KƏRİMLİNİ GÜNAHKAR BİLİRƏM”

0
4

İndi Razi Nurullayevin özünə də, onun rəhbərliyində fəaliyyət göstərən AXCP-yə də, istər cəmiyyətin, istərsə də ölkənin ictimai-siyasi qurumlarının münasibəti birmənalı deyi. Bununla belə, adamın özü də var və təşkilatı da fəaliyyıtini davam etdirməkdədi ki, məsələnin bu tərəfi əlahəzrət fakt olaraq ortadadır. Azərbaycanda siyasi partiyaların nə parçalanması, nə bölünməsi, nə də bu partiyalardan qopmalar yenilikdi. Amma, nədənsə AXCP-dəki parçalannmalar da, bölünmələr də, burdan qopmalar da, həmişə xeyli mübahisə və müzakirələrə səbəb olub, bir az da uzun sürən ağrılı prosesə çevrilib. AXCP-dən bu dəfəki qopmalar və bölünmələr də istisna olmadı və belə görünür ki, növbəti ağrılı bir proses hələ uzun müddət ictimai rəyi məşğul edəcək. Amma burda kimin haqlı və ya haqsız olduğuna qərar vermək kimi bir problemim yoxdu mənim və bir çoxlarının düşündüyü kimi, ya Razi Nurullayevi təşkilatı ilə bir yerdə görməzlikdən gəlmək, ya da ortada olan faktı inkar etmək fikrim də yoxdu. Ümumiyyətlə bu tip məsələlər qanunlar və mövcud hüquqi prosedurlar vasitəsi ilə həllini tapmalıdır ki, bu da yaranmış gərginliyin ortadan qaldırıla bilməsi üçün ən doğru yoldur.
Bu arada Razi Nurullayevlə müsahibə aldım və yaranmış vəziyyətin onun pəncərəsindən necə görsəndiyini, eləcə də işlərin haralara vara biləcəyini fərqli rakursdan cəmiyyətin diqqətinə, ictimai rəyin müzakirəsinə təqdim etməyə çalışdım.

Sərdar ƏLİBƏYLİ

“FUADIN HƏBSİ İLƏ BAĞLI, DAHA ÇOX ƏLİ KƏRİMLİNİ GÜNAHKAR BİLİRƏM”

Razi Nurullayev: “ƏLİ KƏRİMLİ İLK GÜNDƏN DEDİ Kİ, MƏN HAKİMİYYƏTİN YANINDAYAM”

III hissə

– “Razi fərqli biriydi” – demişkən, mən hardasa yeni-yeni sosial şəbəkələrlə işləməyə başladığımda, yəni təxminən 3-4 il öncələrdə, prezident İlham Əliyevlə, Mehriban xanımın birgə şəkillərinin sizin profildən paylaşımlarını görürdüm. O şəkillərə baxanda düşünürdüm ki, əcəba, bu qədər radikal mövqeli Əli Kərimlinin partiyadakı müavininin belə paylaşımları nə ilə bağlı ola bilər? Həm də deyim ki, o paylaşımlar yetərincə xoşməramlı paylaşımlar idi və bu mənə çox qəribə gəlirdi. O zaman Əli bəy, bu məsələyə görə irad-filan tutur, etiraz bildirirdimi?

– Siz əslində məni təəccübləndirdiniz, mənim nə prezidentin nə də birinci xanımın şəkillərini paylaşdığım, açığı yadıma gəlmir. Amma mən təmamilə fərqli düşüncə sahibiydim və Əli Kərimlinin siyasi kursunun gerçək üzünü tam olaraq görə bilmək üçün mənə düz üç il vaxt lazım oldu. Əslində mən indi sizə bir epizod deyəcəm və demək istiyirəm ki, bu haqda ilk dəfə sizə danışmağa ehtiyac duydum. Mənə, elə belə də, izlədiyim media siyasəti ilə bağlı çox iradlar olurdu. Amma mən hətta prezidentlə birinci xanımın şəkillərini paylaşmışamsa belə, ola bilsin onların fəaliyyətləri ilə bağlı nəyisə paylaşmaqla öz şərhimi də qoymuşam ki, ya bu fəaliyyət düzgündü, ya da düzgün deyil. Təbii ki, bu qəbildən bir şeylər ola da bilər, ancaq davamlı və kütləvi şəkildə mənim tərəfimdən belə bir şeylər olmayıb, ola da bilməzdi. Amma istənilən halda, mənim mediaya açıqlamalarımla bağlı Rəyasət Heyətində həmişə ciddi müzakirələr olurdu və deyilirdi ki, hər cür mediaya açıqlamalar vermək olmaz. Çünki bizdə ümumiyyətlə bütün KİV-lərə açıqlama vermək “zapret” idi, yəni buna qadağa qoyulmuşdu, heç kimə açıqlama vermək olmazdı. Bizim də həmişə bununla bağlı söhbətimiz olurdu ki, yaxşı, əgər heç bir mediaya danışmaq olmazsa və “Yeni Müsavat”dan tutmuş bütün KİV-lər hökumət yönümlü hesab olunursa, bizə qarşı hərəkət eliyirlərsə, onda “Azadliq” qəzeti də, ancaq Əli Kərimlini və onun yaxın ətrafında olan 3-5 nəfəri işiqlandırır, qalan şəxlərə isə yer vermirsə, bunun axırı necə olacaq? Mən bütün bu müddət ərzində israr eləyirdim ki, əgər burda biz siyasətlə məşğuluqsa, o zaman bu siyasətçilərin hamısının mediaya çıxmaq, mənfi, ya da müsbət fikirlərini cəmiyyətə çatdırmaq imkanı olmalıdır. Bütün israr və təkliflərimə baxmayaraq bu məsələ həmişə açıq qalırdı. O ayrı bir məsələdir ki, mən xeyli müddət o cür əmrlərə tabe olmadım və müxtəlif KİV-lərə açıqlamalar verirdim. Ancaq son zamanlarda artıq məni də buna məcbur eləyə bildilər. Mənə iradlar olurdu ki, kimə gəldi açıqlamalar vermək olmaz, amma mən də hesab edirdim ki, bir siyasətçi necə açıqlama verməyə bilər? Demək istədiyim odur ki, təşkilatda olduğum müddətdə mənə bü cür iradlar həmişə olub və mən də heç bir zaman AXCP-nin bu cür media siyasəti ilə razılaşmamışam, hətta son zamanlar o cür siyasətin tələblərinə qismən tabe olsam da. Burda haqq üçünə bir şeyi də mütləq deməliyəm ki, bu məsələdə, açıq şəkildə olmasa da, arxa planda Fuad Qəhrəmanlı məni həmişə dəstəkləyib. Bəzi müzakirələrdə hətta onun açıq şəkildə təşkilatın belə media siyasətinə qarşı çıxışları da olub və bu müzakirələr zamanı biz hər zaman həmfikir olmuşuq. Yəni, Fuad Qəhrəmanlı da təşkilat təmsilçilərinin istənilən məsələ ilə bağlı bütün mediaya çıxa bilmələrinin tərəfdarı idi. Hətta biz, imkan varsa, hökumətin rəsmi qəzetlərinə belə çıxa bilməkdə qəbahət görmürdük və tək arqumentimiz də bu idi ki, harda olmasından asılı olmayaraq, biz öz sözümüzü deyə, öz fikirlərimizi cəmiyyətə çatdıra bilək. Yəni fikirlərimiz təhrif olunmayan bütün media ilə normal əməkdaşlığın mümkün olması fikrini təşkilatda təlqin etməyə çalısaq da, bununla razılaşmırdılar. Bayaq dediyim epizodu danışım, siz də bilin. Mən təbiidir ki, o təşkilata səmimi hisslərlə gəlmişdim .

– Daxildəki siyasi ab-havadan da xəbəriniz yox idi?

– Heç bir siyasətdən, o cümlədən də media siyasətindən xəbərim yox idi. Əlbəttə ki, Əli Kərimliyə də inanırdım və elə ora gəlməyimin əsas səbəbi də, ona olan inamımın dərinliyindən qaynaqlanırdı. Niyə də inanmamalıydım ki? Açığını deyim ki, bütün kutsal hisslərimi, düşüncə və planlarımı da ilk növbədə Əli Kərimli ilə bölüşür, onunla müzakirə edəndən sonra həyata keçirməyə çalışırdım. Artıq zamanla gördüm ki, bu planların hamısı bir-bir sıradan çıxır. Yəni sonralar başa düşdüm ki, mən ona öz planlarımı danışıb, onunla məsləhətləşməklə, o da öz növbəsində həmin planları pozmaqla məşğul olurmuş. Və bir gün ağlıma gəldi ki, ayda bir dəfə, AZİ-nin yanındakı media mərkəzində ictimai-siyasi və beynəlxalq məsələlərlə bağlı partiyanın mövqeyini əks etdirən tədbirlər təşkil edək. Bunu da ayda bir dəfə mətbuat konfransı şəklində eləməyə, özbaşıma qərar verdim və düşündüm ki, mən bunu eləməliyəm. Sonra da bu məsələ ilə bağlı Əli bəylə görüşmək istəyimi bildirdim və görüşdük. Dedim belə bir şey eləmək istəyirəm, elə ilk sözü bu oldu ki, belə bir şeyə nə ehtiyac var? Çalışdım izah edim ki, bu, bu səbəblərdən ehtiyac var və bunu eləmək lazımdır. Hətta dedim ki, “Azadlıq” qəzeti də bu tədbirləri işıqlandırsa, bu, cəmiyyətdə və siyasi palitrada bizim mövqelərimizi xeyli möhkəmlədər və sair. Ayrıca da, bu məsələnin bizə, medianın normal kəsimi ilə münasibətləri düzəldərək, onları özümüzə dost etməkdə xeyli yardımçı olacağını söylədim. Ötəri şəkildə, “tezisləri hazırla baxarıq”- deyib, söhbəti bitirdi. Bir həftədən sonra hazır tezislərlə gəldim. Baxdım bu işə çox soyuq yanaşır və nə deyirəmsə, deyir ki, özün bilərsən. Nə isə, vaxt təyin elədim və getdim mətbuat mərkəzinə. Tərslikdən də, nəsə hava şəraiti ilə bağlı bütün şəhərdə işıqlar söndü, metro da işləmədi və sanki o gün təbiət də, hakimiyyət də Əli Kərimlinin ideyasına xidmət eləmiş oldu. Media mərkəzinə gələndə gördüm ki, orda çox az sayda jurnalistlər var. Bununla belə, mənim gözlərim bizə dost olan medianın nümayəndələrini axtarırdı. Və gördüm ki, bizə dost olan mediadan, siyasətçilərdən və hətta AXCP-nin özündən də bircə nəfər də yoxdu.

– “Azadlıq”dan da gələn yox idi?

– Yox, yox idi, beləcə, sona qədər gözlədim, amma bir nəfər də gəlmədi. Nəticədə mətbuat konfransını təxirə saldım, keçirmədim və təbii ki, bu məsələ də ordaca qapandı, yəni aylıq tədbirlər kimi nəzərdə tutduğum həmin plan da arxivdə asqıya alındı. Aradan keçən bir neçə ayda aldığım məlumatlara, müşahidələrimə əsaslanaraq tam əmin oldum ki, Əli Kərimli, “orada Razi Nurullayev bizə yaxın olan və bu təşkilatdan bir nəfər belə görməməlidir ki, qoy dərsini alıb yerində otursun” – deyə, birbaşa göstəriş veribmiş. Mən də bunları biləndən sonra yerimdə oturdum və daha o iddialara düşmədim. Ancaq bundan sonra da, yavaş-yavaş partiyanın strukturunu öyrənməyə başladım. Və təbidi ki, içimdə nələrsə qırılmağa başladı. Bu qırılanlar da heç şübhəsiz ki, nəticədə içimdə bir partlayışa gətirməliydi və günlərin birində bu partlayış baş verdi.

– Razi bəy, Fuad Qəhrəmanlının həbsini necə qarşıladınız?

– Çox təəssüf elədim, bununla bağlı açıqlamam da var. Mən ümumiyyətlə heç kimin həbs olunmasını istəmirəm, arzulamıram. Nə qədər qəribə olsa da, heç bir zaman Fuada qarşı mənfi münasibətim olmayıb. Baxmayaraq ki, bilirdim mənə qarşı olunan təhqir və söyüşlərin başında duran da, onları təşkil edən də, bir başa Fuad Qəhrəmanlı idi. Amma heç bir zaman onun barəsində pis ifadələr işlətmədim, etik normaları aşan hərəkətlərə yol vermədim. Hər nə oldusa belə, mənim ona olan münasibətin heç o həddə çatmadı ki, qarşılıqlı polemika və müsahisələrdə səhrədləri aşa bilim. Təbii ki, ürəyimdə, qəlbimdə ona qarşı bir inciklik də var idi. Bununla belə, hər zaman buna bir siyasətçi kimi yanaşmağa çalışırdım və şükür ki, sona qədər də bunu bacardım. Əlbəttə, onun da mənə bu cür yanaşmasını istəyirdim. Bütün bunlara rəğmən, açıq deyirəm ki, onun həbsinə görə çoz üzüldüm. Həm də o səbəbdən ki, mən onun ailəsini, övladlarını da tanıyıram və bir anlığa onlar gözümün qabağına gəldi. Ailənin indiki durumda çətinliklər içində, övladların da neçə ay, bəlkə də neçə il atasız qalmaları səhnəsinə baxanda, artıq burda özümü rəqib cinahda yer alan bir siyasətçi kimi yox, bir fərd kimi, Azərbaycan vətəndaşı kimi, ailə başçısı kimi düşündüm və yenə də deyirəm ki buna çox üzüldüm. İndi də ona səmimi qəlbdən azadlıq arzulayıram. Ümumilikdə ictimai-siyasi proseslər açısından danışdıqda isə, hesab edirəm ki, Fuad Qəhrəmanlı, xüsusilə də son dövrlərdə, kifayət qədər ciddi səhvlərə yol verməyə başlamışdı. Kifayət qədər sərhədləri aşan hərəkət və çıxışları ilə seçilidi, hər cür danışmağı da özünə rəva görürdü. Amma, siyasi palitranın hansi cinahında olmasından asılı olmayaraq, elə şeylər var ki, orda müəyyən sərhədləri keçmək olmaz, amma Fuad elədi bunu.

– Məsələn, hansı sərhədləri keçdi ki?

– Tutaq ki, Fb-də daha sərt yazdıqca, daha çox da bəyənmələr qazanmağa başladı və bu bəyənmələr, ordan gələn “like”lər onun başını dolandırdı. Əslində, o, bir az da bunun qurbanına çevrildi. Nəticə etibarilə, artıq açıq çağrışlar etməyə başlamışdı və bununla da bağlı dəfələrlə ona xəbərdarlıqlar edilmişdi. Ən azından, Əli Kərimli onu dayandırmalıydı, amma o da bunu etmədi. Əslində, Fuadın həbsi ilə bağlı da, mən daha çox Əli Kərimlini günahkar bilirəm. Çünki Nardaranla bağlı mövqeyində Əli Fuada özündən də sərt şeylər yazmağa və çağırış anlamına gələn şüarlar səsləndirməyə imkan verməməliydi. Siz gedin Nardaran hadisələri ilə bağlı, Əli bəyin də, Fuadın da açıqlamalarına baxın. Onlarin müqayisə etsəniz görəcəksiniz ki, arada Himalay dağı biyda tərq var. Əli Kərimli ilk gündən dedi ki, mən hakimiyyətin yanındayam və əlinə silah götürüb dövlətə qarşı çıxanların da, dini ekstremistlərin də qarşısında bir siyasətçi kimi tərəfdarlarımla mən dayanacam. Bu zaman Fuad Qəhrəmanlı nə yazdı?

– Nə yazdı ki?

– “Bir vaxtlar İmam Hüseyni qanına gəltan etənləri gördülər, bu gün də Taleh Bağızadəni qnına qəltan edənləri görürsünüz, niyə küçələrə çıxıb haqqınızı tələb etmirsiniz, nə vaxt ayılacaqsınız, nə vaxt ayağa duracaqsınız ” tipli statuslar paylaşdı. Bu da əslində bir başa çağrış idi və bunu Fuad Qəhrəmanlı silə də, vaxtında səhifəsindən çıxara da bilərdi. Yaxud da Əli Kərimli bunun qarşısını ala bilərdi, amma almadı. Çünki onun üçün yenidən kimisə qurban vermək lazım idi və bu da məndə ikrah hissi oyadır. O baxımdan da açıq deyirəm ki, Fuad Qəhrəmanlı ilə bağlı aşırı müdafiə yazanların, profillərinə onun şəklini qoyanların, emosional çıxışlar edib, statuslar yazanların və özlərini, guya Fuadın ən yaxını kimi qələmə verənlərin çoxu məni iyrəndirir. Çünki onların əksəriyyətinin bir amacı və bir istəyi var ki, o da daha çox Fb bəyənməsi qazanmaqla, cəbhəçilərə özlərini daha yaxın göstərib, cəmiyyətin gözünə girə bilməkdi. Bu da məni daha çox iyrəndirir və sadəcə Fuadın və onun ailəsinin halına acıyıram.

– Indi nə təklif edirsiniz, Fuad Qəhrəmanlının müdafiəsi təşkil olunmamalıdır? Məsələn, siz deyirsiniz belədi, amma mən də, onun hazırkı səviyyədəki müdafiəsini yetərsiz buluram.

– Siz bircə onu bilin və bu barədə düşünün ki, bu gün Fuad Qəhrəmanlının, istər tutulmasında, istərsə də müdafiəsində ya siyasi, ya mənəvi, ya da maddi devidentlər Fuada yazılmır.

– Bəs kimə yazılır?

– Bu devidentlər təmamilə Əli Kərimlinin aktivinə yazılır, onun üçün də Əli bəy bu məsələdə iştirakçı olanların daha çox radikallaşmasında, məsələnin daha çox şişməsində maraqlıdır. Çünki o yaxşı bilir ki, burdan qazanacağı devidentlərin miqdarı radikallaşmanın və şişmnənin səviyyəsi ilə düz mütənasib olaraq artacaq.

– Mənim üçün ayrı bir şey maraq doğurur, bütün bu dediklərinizə rəğmən, Fuad Qəhrəmanlının həbs olunmasının bir başa siyasi motivlərə bağlı olduğunu düşünürsünüzmü? Deyirsiniz ki, o çağrış yazmışdı-filan. Amma, elə sizin özünüzün də bu arada “Aərbaycanın gəncliyi heç kimdən qorxmadan, heç nədən çəkinmədən meydanlara çıxmalıdı” anlamına gələn ciddi bir bəyanatınız olmuşdu. Amma sizi tutmadılar ki?

– Təbii ki, Fuad Qəhrəmanlı siyasətdə olduğu üçün, nəyi və necə yazmasına baxmayaraq, onun tutulmasında kifayət qədər siyasi motivlər də var.

– Məsələn son illərdə billəri bir qayda olaraq şərləyib tuturdular. Amma burda elə maddənin özü də siyasidi.

– Amma, Fuad bəy kritik bir zaman içərisində özünün həbsi üçün çiddi bir əsas da verdi. Başqa istənilən maddə ilə Fuad bəyin də həbsini ictimai rəydə, növbəti şərləmə aktı kimi qəbul eləcəkdilər. Bu baxımdan özünün, sanki bilərəkdən belə bir addım atması doğru deyildi. Siyasətdə zamanlama deyə bir anlayış var, bax siz də detirsiniz ki, mənim bəzi açıqlamalarım, bəyanatlarım olub. Bəli, bundan sonra da, belə açıqlamalar üçün şərait və ehtiyac olacaqsa, yenə də cəmiyyətə də, xalqa da, hakimiyyətə də sözümüzü deyəsiyik. Amma, zamanı elə seçmək və situasiyanı elə dəyərləndirmək lazımdır ki, bütün açıqlamalar, bəyanatlar, statuslar, yazılar, çıxışlar, mübarizənin davamlıllığına xidmət eləsin, həm də mənasız qurbanlar verilməsin. Bir siyasi liderin ən önəmli xüsusiyyətlərindən, hətta vəzufələrindən biri də, mübarizə yollarında öz silahdaşlarını qoruya, onların qurbanlıq olmalarının qarşısını ala bilməsidir. Tutaq ki, mən həmin açıqlamanı verəndə vəziyyət o qədər gərgin də deyildi və zaman baxımından da belə bir müraciətin olunması vacibiyyəti var idi. Bütün hallarda, Fuad bəyin tezliklə azadlığına qovuşmasını arzulayır , və onu həbsinin əsas günahkarı kimi də Əli Kərimlini görürəm.
Son

LEAVE A REPLY