İran neftin qiymətini endirəcək…
İran neft bazarında Səudiyyə Ərəbistanı ilə rəqabətə davam gətirmək üçün Avropalı istehlakçılara endirim təklif etməyə hazırlaşır.
İran milli neft şirkəti avropalılara nefti endirimlə satmağa icazə verib.
Əldə edilən razılığa əsasən İranın “Iran Heavy” markalı neftinin qiymətində (bir bareli 23.85 dollardan satılır) Avropa istehlakçılarına 6.55 dollar endirim ediləcək. İranın bazarda rəqabət apardığı Səudiyyə Ərəbistanı isə öz neftini 4.85 dollar endirimlə Avropaya ixrac edir.
18 yanvar tarixində İran rəsmi olaraq sutka ərzində neft hasilatını 500 min barel artırdığını elan edib.
Ötən həftənin şənbə günü ABŞ və Aİ ölkələrinin İrana qarşı tətbiq edilən sanksiyaları aradan qaldırmasından sonra bazarda neft hasilatının həcminin artması gözlənilirdi.
İran üzərindən beynəlxalq sanksiyaların götürülməsini nəzərdə tutan nüvə razılaşması iyulun 14-də Vyanada əldə olunub. Razılıq İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması müqabilində ölkəyə qarşı beynəlxalq sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.
Sanksiyaların aradan qaldırılması fonunda neftin qiyməti də enməyə başlayıb. Brent markalı neftin bir bareli 28.24 dollara, WTI markalı neftin bir bareli 27.68 dollara enib.