“Ayaz Mütəllibov bu ifadələrə layiqdir…”

0
3

“Ayaz Mütəllibov bu ifadələrə layiqdir…”
alt=”"Ayaz Mütəllibov bu ifadələrə layiqdir…"” title=”"Ayaz Mütəllibov bu ifadələrə layiqdir…"”
“Bu gün Heydər Əliyevin heykəli önündə səcdə edən Ayaz Mütəllibov vaxtilə onun Azərbaycana qayıtmasının qəti əleyhinə olub”

Nəciblikdən danışan, nəcibliklə nanəcibliyin fərqini bilməyən Ayaz Mütəllibov buyursun desin görək, 1991-ci ildə ən qeyrətli insanlarımızın həlak olduğu vertolyot qəzası günü harada olub?

“Çox təəssüf edirəm ki, bir müddət Azərbaycan prezidenti olmuş Ayaz Mütəllibov son zamanlar haqqında danışdığı adamlar barədə ehtiyatsızlıq və haqsızlıq etməklə yanaşı, öz adına ləkə gətirir”.

Bunu Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri Rəhim Qazıyev bildirib.

Rəhim Qazıyev deyib ki, istəməzdim Ayaz Mütəllibovu bu simada görüm: “Nə qədər mənfi xasiyyəti-xüsusiyyəti, sözü deyib dalından qaçmağı, dünən söydüyünü bu gün tərifləməyi olsa da, hər halda Azərbaycan prezidenti olub. Mən də Azərbaycan prezidenti haqqında artıq ifadələr işlətmək istəmirəm. Ancaq Ayaz Mütəllibov bu ifadələrə layiqdir”.

Sabiq müdafiə naziri bildirib ki, onun qohumları Ayaz Mütəllibovdan heç bir xahiş etməyib: “Kişi və prezident olan şəxs dediyi sözün arxasında faktla durmalıdır. Mənim hansı qohumlarım Ayaz Mütəllibovun qəbuluna gəlib? Kimlərdir onlar?”

Rəhim Qazıyevin sözlərinə görə, bu gün Heydər Əliyevin heykəli önündə səcdə edən Ayaz Mütəllibov vaxtilə onun Azərbaycana qayıtmasının qəti əleyhinə olub və ona ev də vermək istəməyib: “Bundan başqa 7 kitab yazmısan və hamısında da Heydər Əliyevi ciddi tənqid etmisən. Heydər Əliyevin heykəli qarşısında baş əyəcəkdinsə, o yazdıqların nə idi?”

Sabiq müdafiə naziri başqa ittihamlar da səsləndirib: “Nəciblikdən danışan, nəcibliklə nanəcibliyin fərqini bilməyən Ayaz Mütəllibov buyursun desin görək, 1991-ci ildə ən qeyrətli insanlarımızın həlak olduğu vertolyot qəzası günü harada olub? Həmin gün Xalq Təsərrüfatı İnstitutunun rektoru Fuad Ələsgərovun bağında kimlərlə olub? Bu qeyrətli kişilərimiz üçün matəm musiqisi çalınanda Ayaz Mütəllibov deyib ki, televizoru söndürün, mənim auramı pozmayın. Ayaz Mütəllibov, bəlkə yalandır? Buyur, inkar elə”.

Rəhim Qazıyev deyib ki, özünün müharibə dövründə səhv və düz addımları olub: “Səhv eləməmişəmsə, demək işləməmişəm, həyatda yaşamamışam. Səhvlərim olub. Ancaq mən indiyə qədər tüpürdüyümü yalamamışam. Qara dediyimə sonradan ağ deməmişəm. Səhv etmişəmsə, sonradan boynuma alıb üzr istəmişəm. Cənab Mütəllibov, mən səni də ən ağır məqamlarda müdafiə etmişəm. Kimsə sənin haqqında yalan deyəndə təkzib etmişəm. Amma bu gün səni məni nanəcib adlandırırsan. İndi baxın, bu nanəcib ifadəsi sizə daha çox yaraşır, yoxsa mənə?”

Sabiq müdafiə naziri Ayaz Mütəllibovu debata çağırıb: “Ayaz Mütəllibov, mənim üçün sizinlə üz-üzə oturmaq çox ağır olsa da tarixi məqamları aydınlaşdırmaq məqsədilə sizinlə debata çıxmağa hazıram. Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, riyaziyyat müəllimi olduğum üçün həllini bilmədiyim məsələyə girişmirəm. Məsələni lövhəyə yazıb və həll edə bilməyib qızara-qızara qalmaq adətindən çox uzağam. Sonda bir şeyi də deyim: Ayaz Mütəllibov, vaxtilə oturduğunuz kürsüyə hörmət eləmirsinizsə, heç olmasa özünüzə hörmət edin”.

Xatırladaq ki, Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov saytımıza verdiyi açıqlamada Etibar Məmmədovla Rəhim Qazıyevi nanəcib adlandırıb.

LEAVE A REPLY