Hacı İbrahim: ““Xəzər Adaları”nın inşası davam etdiriləcək”
“Yaxın 1-2 ay ərzində “Xəzər Adaları” layihəsinin inşası davam etdiriləcək”. Bu haqda Modern.az saytına “Avesta” konsernin prezidenti Hacı İbrahim Nehrəmli məlumat verib. O qeyd edib ki, hazırda danışıqlar gedir:
“Müəyyən işlər görməyə başlamışıq. 1-2 ay ərzində güclü iş gedəcək. İşlər tam olaraq başlayandan sonra ətraflı məlumat verəcəyəm”.
Azərbaycanda regionun və həm də elə dünyanın ən iri layihələrindən biri olan “Xəzər Adaları” – “Khazar İsland”ın inşasını həyata keçirən “Avesta” konserninin ciddi maliyyə böhranı ilə üzləşdiyindən işləri dayandırdığı bildirilirdi.
Konsernin rəhbəri İbrahim Nehrəmli hələ 2011-ci ildə bu ideyanın Dubaya səfəri zamanı meydana gəldiyini açıqlamışdı. O, üç mərhələdə həyata keçiriləcək tikintiyə ümumilikdə 60 milyard dollar xərclənəcəyini bildirmişdi:
“Birinci mərhələ 12 milyard, ikinci mərhələ 18 milyard dollar, üçüncü mərhələyə isə 30 milyard dollar vəsait xərcləməyi nəzərdə tuturuq”.
Şirkət rəhbəri həmin vaxt verdiyi açıqlamasında bütün işlərin 2016-ci ilə yekunlaşacağını bəyan etmişdi.