İdman zalında məşq edənlər bunları mütləq bilməlidirlər!

0
7

İdman zalında məşq edənlər bunları mütləq bilməlidirlər!

Artıq çəkidən azad olmaq dedikdə ilk ağıla gələn pəhrizdir. Lakin artıq çəkidən azad olmaq üçün pəhrizlə bərabər idman ən ideal vasitədir. İdman təkcə arıqlamaq üçün deyil, sağlamlıq və ideal bədən quruluşuna malik olmaq üçün əvəzsiz üsuldur. Hər üç halda məşq zallarına üz tutan insanlar çox zaman kor-koranə idman etdiklərinin fərqində olmurlar. Az keçmir ki, bunun əks təsirləri özünü göstərməyə başlayır.

Sirr deyil ki, müasir dövrün problemlərindən olan artıq çəki ilə daha çox qadınlar mübarizə aparırlar. Aile.lent.az məşqçi Orxan Məmmədovun artıq çəkidən azad olmaq üçün məşq zallarına üz tutan xanımlara bəzi məsləhətlərini təqdim edir. O.Məmmədov etiraf edir ki, təkcə idman artıq çəki ilə mübarizədə gücsüzdür. Əgər xanım artıq çəkidən azad olmaq istəyirsə, məşqlərlə bərabər, pəhriz saxlamalıdır. Bu o demək deyil ki, yeməkdən birdən-birə imtina edilməlidir. Bu, düzgün deyil. Çünki bədəndə vitamin çatışmazlığı yarana bilər: “Bədəni alışdıra-alışdıra pəhrizə keçmək lazımdır. İlk növbədə çörək, qızardılmış, yağlı yeməkləri menyudan çıxarmaq, şirniyyat və çörəyi nisbətən azaltmaq, suda bişmiş yeməklərə üstünlük vermək lazımdır. Zülal, ət, süd, yumurta, balıq, paxlalı bitkiləri rasionlarından çıxarmamalıdırlar. Bu qidaların əzələlərə də xeyri var. Əzələni möhkəmlədir və formalaşdırır. Arıqlamaq üçün qida rasionu əsas şərtdir. İdmanın effekti yalnız bu zaman alına bilər”.

Məşq ürəyi riskə atır

Məşq zalında isə artıq çəki ilə mübarizə ilk növbədə qaçış aparatı ilə başlayır. Lakin bu, sürətli qaçış demək deyil. Məşqçi əvvəlcə isinmə hərəkətləri təyin edildiyini deyir: “Qaçış aparatında ilk 3 dəqiqə yerimək məsləhətdir. Bu, həm qan dövranını yaxşılaşdırır, həm də ürəyə güc düşmür. Sonra isə tədricən qaçış sürətini artırmaq olar. Qaçmaq kalorini daha çox yandırmağa kömək edir. İdmana yeni başlayanlar 40 dəqiqə, 1 saat məşq etməlidirlər. Sonra isə tədricən artırmaq olar”.

Ümumiyyətlə isə, məşqçi 1,5 saatdan çox idman etməyi məsləhət görmür. Məşq zalında çox vaxt keçirmək sizin daha tez arıqlamağınız demək deyil. Əksinə, bu zaman ürəyinizi gücə sala bilərsiniz. Birdən-birə ağır idman hərəkətləri etmək ürəyə ziyandır: “Buna görə də interval məşqə üstünlük verilməlidir, yəni 3 dəqiqə yerimək, 2 dəqiqə qaçmaq. Bu cür intervalla 30-40 dəqiqə qaçış aparatında vaxt keçirmək olar. Çünki 40-cı dəqiqədə yağ və piy qatı əriməyə başlayır. Sonra tədricən yerimək dəqiqələrini azaldıb, qaçmaq dəqiqələrini artırmaq olar. İnterval məşqin ürəyə çox böyük xeyri var. Artıq çəkidən azad olmaq üçün interval məşq ən yaxşı vasitələrdən biridir”.

İdmana başladığınız ilk 3 ayı qaçış aparatları ilə məşq etmək lazımdır. Artıq çəkidən azad olduqdan sonra digər məşqlər və trenajor aparatlarına keçmək olar. Orxan Məmmədov xüsusən artıq çəkili xanımlara birdən-birə bədənlərinə güc verməməyi tapşırır. Məşqlər tədricən olmalıdır. Bədənə birdən-birə ağır məşqlərlə güc vermək əks təsirə gətirib çıxara bilər: “Artıq çəkili xanımlar trenajor aparatlarına fikir verməlidirlər. Elə aparatlar və məşqlər var ki, bədəndəki yağ əridikdən sonra onlardan istifadə etmək olar. Çünki yağı yandırmağa daha çox meylli olan trenajorlar qaçış aparatı, velosiped və xizəkdir. Artıq çəkidən azad olduqdan, boya uyğun çəki əldə etdikdən sonra əzələ kütləsinin həcmini artırmaq və bədəni formaya salmaq üçün digər trenajor aparatlarına keçirik”.

Səhv məşqin bədəndə olan yağ qatının əzələyə çevrilməsinə səbəb olduğu da deyilir. Bu fikrin tamamilə yanlış olduğunu vurğulayan O. Məmmədov bədəndə olan yağın heç bir halda, heç vaxt əzələyə çevrilə bilməyəcəyini deyir: “Məşqçilərin çoxu bunu deyir, amma səhvdir. Çünki əzələnin üstündə qalan yağ qaçış zamanı yanır. Sonra isə həmin əzələni üzə çıxarmaq üçün məşqlər edilir. Bu zaman bədənin relyefi arzu edilən formada olur. Hətta anatomiyada da yağın əzələyə çevrilməsi faktı müşahidə edilməyib. Pəhriz və idman yalnız bədəndə olan artıq yağı əridir, əzələyə isə heç bir təsir etmir, əksinə möhkəmlədir”.

LEAVE A REPLY