1.5 milyard dollar: Bu il neftdən ən yaxşı halda bu qədər qazana bilərik

0
7

1.5 milyard dollar: Bu il neftdən ən yaxşı halda bu qədər qazana bilərik

Strateq.az xəbər verir ki, “CNN Money” ən çox neft istehsal edən ölkələrin hər barel başına çəkdiyi xərcləri araşdırıb.

Araşdırmaya görə, dünyanın ən rentabelsiz neftini İngiltərə çıxarır. “Brent” markalı neftin bir bareli hazırda 28 dollara satıldığı halda, Böyük Britaniya onu çıxartmaq üçün 52 dollarından keçməlidir. Ən ucuz nefti isə Küveyt çıxarır: Bir bareli 8.50 dollara. Küveyti təqib edən Səudiyyə Ərəbistanı isə eyni miqdarda “qara qızıla” 9.90 dollar xərcləyir.

Özünə qarşı tədbiq olunan sanksiyaların ləğvindən sonra dünya neft bazarında rəqabəti artıraraq, qiymətləri daha da aşağı düşürəcəyi güman olunan İran isə ən ucuz hasilatçılar sırasında 5-cidir. Bir barel neft cənub qonşumuza 12.6 dollara başa gəlir. İrandan sonra “ucuzlar” siyahısında Rusiya gəlir ki, şimal qonşumuz 1 barel neft üçün 17.20 dollar xərcləməlidir. Rusiyadan sonrakı hasilatçıların hamısı üçün neft 20 dollardan yuxarı başa gəlir.

Ekspertlərin fikrincə, neftin qiymətinin 25, daha sonra isə hətta 20 dollara düşəcəyini nəzərə alsaq, yaxın zamanlarda həmin “bahalı”ların rentabelliyini itirəcəyi qaçınılmazdır və yəqin ki, iqtisadiyyatının önəmli hissəsi neftdən asılı olan bu dövlətlərin əksəriyyətində “sosial qiyamət” başlayacaq.

Bizim də ixracatımızın 90 %-i neftdən asılıdır. Elə bu səbəbdən də dünya bazarında neftin qiymətinin düşməsi son zamanlar Azərbaycanın ictimai həyatında ciddi çalxantılara səbəb olub. Yəqin ki, bu sətirləri oxuyan hər kəsi bir sual maraqlandırır:
Əcəba, Azərbaycan neftinin bir bareli neçə dollar başa gəlir?

“CNN Money”in araşdırması ən çox neft hasil edən ölkələri ələ aldığından, nə yazıq ki, ölkəmizin adını öz siyahısına salmayıb. Görünür, səbəb bizim az hasilatçı olmağımızdan qaynaqlanır.

Bununla belə, öz yerli ekspertlərimizin bu məsələ ilə bağlı apardığı araşdırmalar var və həmin araşdırmalara görə, Azərbaycan heç də “bahalılar” qrupuna aid deyil. Neftimizin 80%-ni hasilatı ilə məşğul olan “BP-Azərbaycan” şirkətinin “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxartdığı “qara qızılı”mızın maya dəyəri və tranzit xərcləri bir yerdə 15 dollara düşür. Deməli, biz ən ucuz neft hasilatçıları siyahısında cənub qonşumuz İrandan sonra, Rusiyadan isə əvvəlik. Di gəl ki, burda da bir neçə əmma var.

Ən böyük əmmalardan biri hasilatımızın 20 faizini təşkil edən SOCAR-ın yalnız başına çıxartdığı “qara qızılımızın” rentabelliyi ilə bağlıdır. Məlumatlara görə, dünya bazarlarına Bakı-Novorossiysk kəməriylə çıxarılan bu neftimiz rus neftiylə qarışdığından “Uralsk” markasının qiymətinə satılır. “Uralski”nin qiyməti isə adətən “Brent” markasından 1 dollar aşağı olur.

Məsələ təkcə 1 dollarlıq qiymət fərqi olsaydı, bunu dilə gətirmək bizim kimi ucuz söhbətlərdən xoşlanmayan azərbaycanlılara qətiyyən yaraşmazdı. İntəhası, problem bununla bitmir. Sən demə, SOCAR-ın neft çıxartdığı quyular “qoca” olduğundan onun nazıyla daha çox oynamalı oluruq və bunun üçün də həmin “kaftar” quyulardan çıxarılan bir barel neft bizə 25 dollara başa gəlir. Onu “Uralski”nin qiymətinə satanda isə əlimizə heç nə keçmir. Hətta əksinə, bu gün 27-28 dollara gedən “Brent” markalı neftin yaxın günlərdə 25 dollara düşəcəyi gözlənilir. “Uralski” ondan ən azı 1 dollar aşağı olduğundan, belə çıxır ki, biz 20% neftimizin hər barelinin üstünə 1 dollar da qoyub əcnəbilərə peşkəş edəcəyik. Lap Molla Nəsrəddinsayağı “aldım qoz, satdım fındıq” ticarəti kimi.
80-82%-lik neftimiz də problemlərdən xali deyil. Xatırlayırsınızsa, hələ bir neçə il bundan əvvəl ölkə başçımız İlham Əliyev “BP-Azərbaycan” şirkətini bərk tənqid atəşinə tutmuşdu. Prezidentimizin sözlərindən belə çıxmışdı ki, bu şirkət bizə fırıldaq gəlirmiş. O, öz proqnozlarında boynuna götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmir, 2008-ci ildən bu yana hasilatı get-gedə azaldırmış. Sən demə, 2008-ci ildən 2013-cü ilə qədər öhdəlikdən aşağı hasilat nəticəsində ölkəmiz 8 milyard dollardan çox vəsait itirib.

Ölkə başçımız bunu 2008-ci ildən sonra dəyişilən neft maraqlarıyla əsaslandırmışdı. Yəni, müqaviləyə əsasən, bu müddətə qədər hasilatdan əldə edilən gəlirlərin 75%-nə sahiblənən “BP-Azərbaycan” şirkəti, məşhur bir lətifədə deyildiyi kimi, “ətdən-mətdən yediyi üçün çəkicini də bərkdən-bərkdən vururmuş”. 2008-ci ildən sonra isə gəlirin 75%-ı bizə, 25%-ı “BP-Azərbaycan”a qaldığından, şirkət bu payı “şordan-mordan” hesab etdiyindən “çəkicini də ordan-burdan vururmuş”.

Düzdür, o zaman həmin şirkət səhvini düzəldəcəyini bildirmiş və öhdəliyi yerinə yetirəcəyinə söz vermişdir. Bununla belə, “Azəri-Çıraq-Günəşli” yataqlarının qocaldığını da etiraf etmişdi. Sözügedən etiraf isə çıxarılacaq neftin maya dəyərinin yüksələcəyinə işarə idi. Maya dəyəri yüksələn neftin təbii ki, gəlirləri də azalacaq. Üstəlik, bu gəlirlərin 25%-nin də hasilatçı şirkətə çatacağını nəzərə alsaq, ən rentabelli yataqlarımıza belə ümidlə baxmağa dəyməz. Belə çıxır ki, biz sabah barelini 25 dollara satacağımız neftdən, ən yaxşı halda, 6-7 dollar qazana biləcəyik. Ən pis halı isə yataqların qocalıq dərəcəsi müəyyənləşdirəcək.

“Azəri-Çıraq-Günəşli” yataqlarından hasil olunan neftin hər il ən azı 1 milyon ton azaldığını və 2014-cü ildə cəmi 31 milyon ton çıxarıldığını nəzərə alsaq, 2016-cı ildə, yenə ən yaxşı halda, 29 milyon tona ümid bağlaya bilərik.

Xatırladaq ki, bir barel 159 litrdir. Bu hesabla bir ton 6.2 barelə bərabərdir. Neftin sudan yüngül olduğunu nəzərə alın bunu 7 bareldən götürək. Bu hesabla 29 milyon ton 203 barel edər. Onu da 7 dollara vursaq, cəmi 1 milyard 421 milyon dollar alınar.

Belə çıxır ki, 2016-cı ildə biz Azərbaycan neftindən cəmi 1,5 dollar pul qazana biləcəyik. Bu isə heç bir nazirliyə ayrılan vəsait qədər pul belə etmir. Bir daha xatırladaq ki, bu, hələ ən yaxşı halımızın proqnozudur.

Heydər Oğuz

LEAVE A REPLY