Sərdar Əlibəyli
Vicdanınızın səsinə qulaq asın, Fərəc Quliyev!
TƏSADÜFİ QƏZA SİLSİLƏ CİNAYƏTLƏRƏ NECƏ ÇEVRİLDİ?!
Həftələrdi ki, Fərəc Quliyevdən cavab gözləyirəm, həm Fərəc bəylə illərə dayanan normal münasibətlərimiz, həm də, bu arada dərc etdiyim müsahibədə səslədirilən bəzi faktların ağılalmaz qədər qeyri-adi görünməsi də bu inamımı gücləndirirdi. Açığı, zərərçəkmişin üzünə vurmaq istəməsəm də, öz içimdə, “bu qədər də olmaz, Fərəc Quliyev belə biri deyil axı” düşüncələri bu inamımı xeyli gücləndirirdi. Amma gözləntilərim aldatdı məni. Görünür, sayın millət vəkilinin özü barəsində olan təsəvvürlərim də aldadıcı olub. Yəqin ki, stajlı oxucular söhbətin nədən getdiyini, ya da gedəcəyini anladılar. Təbiidir ki, bir neçə həftə ərzində saytımızda hissə-hissə dərc olunmuş bir müsahibədən, daha doğrusu Fərəc Quliyevin oğlu Türkelin düz 3 il bundan əvvəldən törətdiyi yol qəzasından, həmçinin də, qızı bu qəzanın qurbanı olaraq müxtəlif dərəcəli ciddi xəsarətlər almış İsa İsayevin müsahibəsindən gedəcək.
Soruşa bilərsiniz ki, müsahibə bitibsə, yenidən bu mözuya qayıtmağın mənası nədir? Haqlısınız əslində, amma işin içində o boyda və o boyutlarda işlər var ki, hətta bu yazı da son olmaya bilər. Bəs, onda məsələ nədi və söhbət nədən gedir? Bəri başdan onu deyim ki, zəlzələdən, ya da vəlvələdən, amma sırf təsadüf nəticəsi kimi ortaya çıxmış bir yol qəzasının özünü aydınlaşdırıb məhkəmədə çözməli olan DİN, Prokurorluq, Məhkəmə və Səhiyyə sistemləri , eləcə də Məhkəmə Tibbi Espertiza idarəsi əlbir olaraq bu qəzanı üzərindən onlarla cinayət xarakterli əməllər törədiblər ki, bunun da nəticəsində, adi bir yol qəzasını silsilə cinayətlər buketinə çevirməklə, öz ağıllarınca qəzanı da ört-basdır eləyiblər.
İndi vaxt almamaq və təkrarçılığa yol verməmək üçün o cinayət xarakterli əməliyyatların hamısını bir də sadalamaq fikrim yoxdu. İstəyənlər, saytda bir neçə gün öncə dərc olunmuş müsahibəni oxumaqla, özləri sətirlərin arasından boy verib adamın bəbəklərini deşən həmin əməllərin nədən ibarət olduğunu çox aydın şəkildə görə bilərlər.
Amma bu yazının məqsədi də, bir daha olanları təkrar edib, kimlərisə ya günahkar, ya da günahsız elan eləmək deyil və bunu eləmək fikrindən çox uzağam. Zira, bu, müstəntiqlərin, prokurorların, hakimlərin və bir də onlara doğru qərar verməkdə yardımçı olmalı səlahiyyətli ekspertlərin işidi. Dövlət tərəfindən bu işləri görmək üçün görəvləndirilmiş və buna görə də dövlətdən maaş alan bu qədər adamların yerinə qərar çıxarmaq nə mənim həddimdi, nə haqqım, nə də işim. Amma, ortada üç ildi ki, havada fırlanan bu qədər sərt iddialar varsa və zərəçəkmiş tərəf, istər qəza törədənin özünü, istərsə də o boyda dövlət qurumlarını bir-birinin üstünə törədilən ağır cinayətlərdə ittiham eləyirsə, buna mütləq bir son verilməlidi. Başqa sözlə, bu qurumların borcudu ki, vətəndaş haqlıdısa onun haqqını, haqsızdısa cavabını versinlər və bütün hallarda bu məsələ sonsuzluğa qədər beləcə davam edə bilməz, bilməməlidi. Ən azı, sözügedən müsahibədə səsləndirilən və səsləndirilməyən ciddi iddiaların və sərt ittihamların hamısına aydın cabab verilməli, günahkar tərəf öz cəzasına çatdırılmalıdır. Yəni, anlayacağınız, məsələnin bu tərəfi ilə də işim yox.
Amma, bir halda ki, Fərəc bəy bizi endirib, ya da sayıb, yazdıqlarımızı cavablandırmaq istəmir, o zaman buradan, mənim üçün də, Azərbaycan ictimaiyyəti üçün də, maraqlı olacaq bir neçə sualı, ritorik də olsa, səsləndirmək zorundayam. Məsələn, cavabsız qalan iddialardan belə çıxır ki, əslində qəza baş verdiyi andan başlayaraq, məsələni tədqiq və təhqiq etməli olan bütün orqanlar ya susdurulub, ya da oyundan kənar buraxılıb. Bunu kim və necə bacarıb görən, başqa sözlə, dövlətin bu yöndə dərhal fəaliyyətə keçməli olan bütün sistemləri durdurulub. Həm də o səviyyədə ki, bu, bəlkə də, az qala ya prezidentin, ya da birinci xanımın məsələyə müdaxiləsi ilə mümkün ola bilərdi. Amma onları bu işə müdaxil etməyə cəsarət edə biləcək bir kimsə yox ortada. Heç şübhəsiz ki, nəinki bir millət vəkili olaraq Fərəc Quliyevin özü, hətta bunu bacarsaydılar, bütövlükdə parlament işə qarışsa belə, bu mümkünsüzdü. O zaman yenə də açıq qalan sual ortaya çıxır, bəs kim edə bilib bunu? Son zamanlarda ortaya çıxan “MTN İŞİ”-ndən sonra, istər-istəməz adamın ağlına Eldar Mahmudov və ya Akif Çovdarov da gəlir, amma, onların da, bu miqyasdakı işi aşıra bilmələri üçün, Fərəc bəyin maddi imkanları yetməz (mən qətiyyən nə hesab, nə də iddia eləmirəm ki, Fərəc Quliyev kasıb adamdı, amma o qədəri, görülməsi gərəkən işin ərsəyə gəlməsi üçün yetməz, həm işim özü ağırdı, həm də “MTN bazarı”nın nə qədər bahaçıl olduğunu indi hamı bilir – S.Ə.). Demək, adını təxmin edə bilməyəcəyimiz kimsə və ya kimsələr də var və demək bu məmləkətin idarəetməsində istənilən vaxt ciddi sorunlar yarada biləcək kəslər hələ də var dövlət ərkanında. Zarafat deyil ki, bir qəzanın təhqiqini əngəlləyə bilmək üçün, bütün hüquq-mühafizə sisteminin qarşısına sipər çəkmək üçün çox güclü biri, ya da biriləri olsun gərək.
Mənə maraqlı görünən ikinci bir məsələ də diqqətimi çəkdi bu arada, Fərəcoğlu Türkel Fərəc oğlu “Torqovi”da qeydiyyatda olmaqla, Milli Məclisin yaxınlığında əsgəri xidmət keçmək hüququnu necə qazana bilib? Zira, hərbi xidmət yerinin, çağırışçının qeydiyyatda olduğu, yaşadığı ərazidən, hansı məsafədə ola biləcəyi, hərbi çağrışla bağlı əsasnamədə birmənalı şəkildə göstərilir.
Amma bu yerdə yazının əsas məqamına gəldik və Fərəc bəydən soruşmaq istəyirəm ki, övladlarını sevmək, cəmiyyətə yararlı oğullar böyütmək yaxşı bir işdi. Olsun, amma qarşı tərəfdə də bir atanın canı yanıbsa, özü körpə övlad sahibi olan bir ana bu qədər əzablara məruz buraxılıbsa, birincisi, Siz ötən bu müddət ərzində o atanın və o qadının, o ananın yanına bircə kərə şəxsən baş çəkməyi niyə “unutdunuz”? İkincisi də, əgər o qadının indi məruz qalmalı olduğu müalicə və ölkədən kənarda olunacağı deyilən əməliyyat birbaşa Sizin oğlunuzun törətdiyi qəzanın nəticəsi kimi ortaya çıxıbsa, necə bilirsiniz, bu, həm mənəvi həm, də maddi cəhətdən o ailənin yanında olmanızı gərəkdirmirmi? Əlbəttə, bir deputat olaraq bu məsələ sizin vəzifə borclarınızın sıralamasında yazılmaya bilər. Amma, deputatlıqdan əvvəl insanlıq borcu deyə bir nəsnə də var axı və o borc heç yerdə yazılmaz, bu haqda and içib öhdəlik götürüləcək bir məkan da yox təbii ki. Amma insanları insanlardan fərqləndirən, təkcə özünün, ailəsinin deyil, cəmiyyətin gözündə də, ya ucaıdan, ya da alçaldan, bəşər övladının o borcla necə davranması, onu necə həssaslıqla qoruyaraq bir ömür daşımasıdı. Bəzən o borcun ölçü vahidi kimi vicdan kəlməsi də işlədilir və mən də bu yazıynan Sizin vicdanınıza xitab eləmək istədim. Viçdanınızın səsinə qulaq asın, təsadüfdən olsa belə, övladınızın tərəfindən törədilmiş bir qəzanı, kimlərisə qorumaq üçün silsilə cinayətlərə çevirənlərə yox. Həmişə haqqa güvənin ki, bir gün o sizi tərk eləməsin. Bilirsinizmi niyə, qara saçlının ahı yerdə qalmaz, Fərəc bəy, ona görə !!!
P.S.
1. Bir təsadüf nəticəsində bu günlərdə öyrəndim ki, Fərəcoğlu Turqut Fərəc oğlu Nərimanov rayonunda yerləşən Polis Bölmələrindən birində təhqiqatçı vəzifəsini tutur, polis baş leytenantıdır.(?!)
2. Yazı hazır olandan sonra, bu məsələylə bağlı bəzi saytlarda gedən yazılara baxmaq istədim və “davam.az” saytında Fərəc Quliyevin, 06.06 2014 tarixində yayılmış mətbuat üçün açıqlamasına rast gəldim. Oxudum o açıqlamanı və bu yazıma da heyfim gəldi, əgər əvvəldən rastıma çıxsaydı, yəqin yazmayacaqdım. Niyəmi deyirsiniz? Niyəsi var. Bizi izləməyə davam edin, bu da bizim vəzifə və insanlıq borcumuz olsun, sağlıq və azadlıq olsa, görüşəcəyik, Elə bil Allah dedirtmişdi ki, bu yazı son olmuya da bilər, davamı olacaq yəni !!!