Lənkəranda saxlanılan müxalifətçilərə 1 ay həbs verildi
Xəbər verdiyimiz kimi, Lənkəranda keçirilən etiraz aksiyası ilə əlaqədar dünən axşam saatlarında AXCP və Müsavat Partiyası rayon şöbələrinin sədrləri Nazim Həsənli və İmanverdi Əliyev yerli polis şöbəsinə aparılaraq saxlanmışdılar.
Virtualaz.org saytının aldığı məlumata görə, Lənkəran Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən qanunsuz aksiya təşkil etdikləri üçün 1 ay müddətinə inzibati həbs cəzası verilib.
Müxalifətçilərin yaxınları isə çıxarılan qərardan narazıdırlar. Onlar deyirlər ki, onların heç biri dünənki aksiyada iştirak etməyib.
Qohumları iddia edirlər ki, Nazim Həsənli aksiya barədə məlumat və şəkilləri Facebook səhifəsində paylaşdığına, İmanverdi Əliyev isə “Azadlıq” radiosuna müsahibə verdiyinə görə cəzalandırılıb.