Azərbaycanda dərman qıtlığı: firmalar da “Avromed”i nişan verir

0
5

Azərbaycanda dərman qıtlığı: firmalar da “Avromed”i nişan verir

Xəbər verdiyimiz kimi son günlər apteklərdə dərman qıtlığı müşahidə olunur. Xüsusilə də mövsümi xəstəliklərə qarşı çox istifadə olunan dərmanlar, onkoloji və şəkərli diabetin müalicəində istifadə olunan pereparatlar “yoxa çıxıb”.

Virtualaz.org saytının əməkdaşlarının Bakı apteklərində keçirdiyi sorğular da qıtlığın olduğunu təsdiqləyib.

Apteklərdə deyirlər ki, qiymət artımından sonra depodan dərman almaq problemə çevrilib: “Məsələn, “Kistaqloqilin”, “Oksiprogesteron”, “Spazmolizin”, “Nexium” yoxdur. Olmayan dərmanların yerinə əvəzedicilər təklif edirik. Lakin əksər hallarda xəstələr əvəzedicilərlə razılaşmırlar”.

Dərman firmaları isə qiymət artımından sonra dərman qıtlığının yaranmasında depoları günahlandırır.

“Akvamed” firmasından virtualaz.org saytına deyiblər ki, anbarda kifayət qədər dərman ehtiyatları var: “Bizim firma ürək xəstəliklərinin müalicəsində istifadə edilən, o cümlədən allergiya və öskürəyə qarşı dərmanlar gətirir. Firmamıza məxsus dərmanlar Tarif Şurasının müəyyənləşdirdiyi dərmanlarla satılır. Hələlik qiymət artımı yoxdur”.

“Evroplus” firmasından isə qiymətlərin artıb-artmadığı ilə bağlı suallara cavab verməsələr də dərman ehtiyatı olduğunu, “Avromed”in deposuna vaxtlı-vaxtında dərman verildiyini deyiblər.

“Buta farm” firmasından dollar bahalaşandan sonra dərmanların qiymətinin artması, eləcə də satışla bağlı sualları cavablandırmaqdan imtina ediblər.

Apteklərə dərman paylanılmasını həyata keçirən “Avromed” isə dərman qıtlığı və qiymətlərlə bağlı suallara cavab verməyə hazırdır. Lakin şirkətdən hazırda sualları cavablandıra biləcək səlahiyyətli şəxslərin işdə olmadığı əsas gətirilərək təkrar müraciət etməyi məsləhət gördülər.

Xatırladaq ki, ikinci devalvasiyadan sonra Tarif Şurası dərmanların qiymətinə yenidən baxıb. Yəni dollar bahalaşandan sonra dərmanlar da bahalaşıb. Tarif Şurası tərəfindən tənzimlənməyən dərmanların qiymətində isə 30-50 faiz artım olub. Buna baxmayaraq əczaçılıq bazarında yaranmış vəziyyət göstərir ki, inhisarçılar Tarif Şurasının yeni qiymətlərini də sərfəli hesab etmir, daha çox qazanmağa çalışırlar.

LEAVE A REPLY