Məryəm Uzerli: “Azan səsi məni sakitləşdirir”
“Gecənin kraliçası” adlı serialla ekranlara dönməyə hazırlaşan Məryəm Uzerlinin həyatı haqda sənədli film hazırlanıb.
Aktrisa tamaşaçılara naməlum olan bəzi məqamlar haqda danışıb. Aktrisa olmamışdan əvvəl zəng xidməti mərkəzində, fabrikdə, restoranda qarson kimi işlədiyini deyən Məryəm “Möhtəşəm yüz il”lə həyatının tam dəyişdiyini etiraf edib:
“Layihənin 6 aydan çox sürəcəyini təxmin etməmişdim.”Hürrəm Sultan”ı canlandırmadan öncə bir dəfə özlüyümdə ondan “səni oynayacağımın sənin üçün problemi yoxdur ki?” deyib yatdım. Yuxumda onu gördüm. Ondan sonra layihədə oynamaq üçün qərarımı dəqiqləşdirdim”.
Uzerli müsahibə verərkən səslənən azan səsini eşidincə kövrəlib:
“Uşaqlıqda azan səsi kasetdə var idi. Mənim yatmağıma kömək olurdu. Çünki azan səsi məni sakitləşdirir”.
O, qızı Laraya hamilə olması haqda da danışıb:
“Hamilə olduğumu öyrənəndə serialın yeni mövsümündə oynamayacağım dəqiqləşmişdi. Arada qalmışdım. İnsanlar “karyeranın zirvəsində uşağı düşünmənin yeri deyil” deyirdilər. Serialın prodüseri Timur Savcı durub Berlinə yanıma gələrək mənə dəstək oldu”.