“Artıq Əli Kərimli, bir yun çubuğu təsiri bağışlayır”

0
5

“Artıq Əli Kərimli, bir yun çubuğu təsiri bağışlayır”

“Ona elə gəldi ki, nə desə mən qəbul edəcəm , onunla dost olaraq qalacam, amma məni siyasi səhnədən siləcək”

İndi Razi Nurullayevin özünə də, onun rəhbərliyində fəaliyyət göstərən AXCP-yə də, istər cəmiyyətin, istərsə də ölkənin ictimai-siyasi qurumlarının münasibəti birmənalı deyi. Bununla belə, adamın özü də var və təşkilatı da fəaliyyətini davam etdirməkdədi ki, məsələnin bu tərəfi əlahəzrət fakt olaraq ortadadır. Azərbaycanda siyasi partiyaların nə parçalanması, nə bölünməsi, nə də bu partiyalardan qopmalar yenilikdi. Amma, nədənsə AXCP-dəki parçalannmalar da, bölünmələr də, burdan qopmalar da, həmişə xeyli mübahisə və müzakirələrə səbəb olub, bir az da uzun sürən ağrılı prosesə çevrilib. AXCP-dən bu dəfəki qopmalar və bölünmələr də istisna olmadı və belə görünür ki, növbəti ağrılı bir proses hələ uzun müddət ictimai rəyi məşğul edəcək. Amma burda kimin haqlı və ya haqsız olduğuna qərar vermək kimi bir problemim yoxdu mənim və bir çoxlarının düşündüyü kimi, ya Razi Nurullayevi təşkilatı ilə bir yerdə görməzlikdən gəlmək, ya da ortada olan faktı inkar etmək fikrim də yoxdu. Ümumiyyətlə, bu tip məsələlər qanunlar və mövcud hüquqi prosedurlar vasitəsi ilə həllini tapmalıdır ki, bu da yaranmış gərginliyin ortadan qaldırıla bilməsi üçün ən doğru yoldur.
Bu arada Razi Nurullayevlə müsahibə aldım və yaranmış vəziyyətin onun pəncərəsindən necə görsəndiyini, eləcə də işlərin haralara vara biləcəyini fərqli rakursdan cəmiyyətin diqqətinə, ictimai rəyin müzakirəsinə təqdim etməyə çalışdım.
Sərdar ƏLİBƏYLİ

II hissə

– Bu bir az da Heydər Əliyevin “mən istəmirdim, xalq istədi”- deməsinə oxşadı. Sizə də belə gəlmir ki və bu ifadənin məhz o cür deyilməsini qəbul edirsinizmi, bəlkə uğur gətirər deyə?

– Açığı heç o bərədə düşünməmişəm və siz indi bu müqayisəni aparmasaydınız, o məsələ mənim yadıma da düşməyəcəkdi. Doğrudur, o zaman belə bir şeylər olub və Heydər Əliyevin də bu və ya buna oxşar ifadələr işlətdiyini mən də xatırlayıram. Amma mənim indi sizə söylədiklərimin, o məsələ ilə hər hansı əlaqəsi və ya bağlılığı yoxdu. Sadəcə, təsadüfi bir oxşarlıq və ya analogiya kimi baxılmalı bir məsələdir.

– Heydər Əliyevdən söz düşmüşkən, bilmirəm bu müqayisə nə qədər yerinə düşür, amma o vaxtlar Əbülfəz Elçibəyin də evində, onların 8 saatlıq bir görüşü olmuşdu və bu görüşdə nələrdən danışıldığı barədə bu günədək də heç kimdə aydın bir təsəvvür yoxdu və daha olmayacaq. Burda bir paralelə də diqqət çəkib sizdən soruşmaq istədiyim bi-iki məsələ var. Sizin Əli bəylə son görüşünüz onun evində olmuşdu, eləmi?

– Bəli. Əli Kərimli məni evinə dəvət eləmişdi.

– Mənim üçün çox maraqlıdı ki, Əli Kərimli, bu qədər narahat bir söhbət üçün, sizi niyə məhz öz evinə dəvət eləmişdi və orda söhbət nədən getdi?

– Mən əslində bununla bağlı çox demişəm. Təkrarçılıq olmasın, amma bir belə uğursuzluğu, nəticəsizliyi hər cürə müdafiə etməyə çalışdı. Nəticədə də mən öz fikrimdə qaldım, o da öz fikrində. Mən artıq orda gördüm ki, o, mənimlə bağlı qəti qərarını vermişdi deyə, məni neytrallaşdırmaq üçün məhz öz evinə çağırmışdı. Onun öz evində mənimlə yumşaq danışmaqla, nəsə ümumi razılıq əldə etməklə, məni ağrısız şəkildə neytrallaşdırmaqla, silib atmaq və bununla bərabər də mənimlə dost qalmaq istəyindən çox qeyzləndim. Yəni özünü yüsək ağıl sahibi olan , dərrakəli bir siyasətçi, məni isə aldadılmış, alçaldılmlş, öz “güclü” siyasi gedişi ilə sirayət edərək təsir altına salınaraq məhv edilən bir qurbanlıq rolunda görməsindən çox pəjmürdə oldum. Artıq ona elə gəldi ki, nə desə mən qəbul edəcəm , onunla dost olaraq qalacam, amma məni siyasi səhnədən siləcək. Hətta artıq mənim ordan gedib hansısa sahədə fəaliyyət göstərə biləcəyimi də öz beynində cızmışdı.

– Hansı sahədə ?

– Yəni ki, başqa-başqa, siyasi səhnədən kənarda olan sahələrdə. Açığı onun bu hərəkət və davranışları məni daxilən həddindən çox əsəbləşdirsə də, onun evində olduğumuzdan, üzünə vurmadım və ordan normal ayrılmağa qərar verdim. Amma Əli Kərimlinin bu sırada unutduğu bir məqam oldu ki, ən azından mən də artıq neçə il idi ki, siyasətdə var idim və dünya ölkələrinin yarısından çoxunda olmuşam, həmin ölkələrin daxili və xarici siyasətini, müxtəlif siyasi sistemləri, yaxından izləyib öyrənmək imkanlarım olub. Və o, bu gün də, özünün siyasətini və siyasi baxışlarını, öz ağlını və dərrakəsini, düşüncə tərzini hamıdan öndə görmək iddiasından əl çəkməyib. O, hər kəsi siyasi oyuna çəkərək məhv edə biləcəyini düşünür və bu düşüncə ilə yaşayır. Hesab edir ki, hər kəsi siyasi oyuna cəlb edərək məhv edə, sıradan çıxara bilər. Amma artıq onun bu mənfur düşüncəyə əsaslanan o planları işləmir. Əgər siz də fikir vermisinizsə, son zamanlarda onun bu düşüncələrlə atdığı addımların hamısı, özünün əleyhinə işləməkdədir. Artıq Əli Kərimli, bir yun çubuğu təsiri bağışlayır, yəni qolu-budağı təmamilə qırılıb və özü də, artıq əllərdə sürtülərək nazilmiş bir çubuğa bənzəyir. Bu gün Əli Kərimli tək “Azadlıq” qəzetinin ümidinə qalıb. Bu qəzetdən savayı onu müdafiə edən nə bir media, nə bir siyasi təşkilat, nə də bircə dənə ictimai qurum var. Adam ortalıqda tək-tənha qalıb və ətrafında olanları da yavaş-yavaş qurban verməkdədir. Demək isyədiyim budur ki, illərdən bəridir ki, o özü haqqında yüsək düşüncələrə qapıla-qapıla, digər həmkarlarına yuxarıdan aşağı baxa-baxa, parrtiya daxilindən gələn tənqidi səsləri boğa-boğa, fərqli fikir və düşüncələrə açıq olmamaqla, faktiki olaraq özü-özünü bitirdi, məhv elədi. Təbii ki, onda belə bir düşüncə var idi ki, öz ənənəvi üsulu və üslubu ilə Razini də neytrallaşdırıb yola salacaq və sonra da, zamanla ayrı iddiası-filanı ortaya çıxarsa, onu tamam məhv edəcək, siyasi səhnədən siləcək. Çünki Əli Kərimli heç bir zaman siyasətdə də, ətrafında da nə ağıllı adam, nə də istər ölkə içində, istərsə də ölkə dışında müxtəlif səviyyəli əlaqələri olan insan görmək istəyib. O, hər bir yerdə və hər bir şeydə ancaq özünün birinciliyini görmək, öz istəklərini, məhz öz istədiyi formada hamıya qəbul etdirmək həvəsi ilə yaşayıb. Hətta, istənilən formada ikincilik uğrunda mübarizə aparanları da sıradan çıxarmağa çalışıb. Amma artıq onun özü də başa düşməlidir ki, qurduğu məkrli oyunlar və hazırladığı mənfur planlar daha işləmir. Onun köhnə və klassik variantları sıradan çıxıb və insanlarda artıq o variantlara qarşı immunitet yaranıb, necə deyərlər, daha o dərmanlar insanlara təsir eləmir.

– Razi bəy, o gün Əli Kərimlinin bir açıqlamasını oxudum və istəyirəm elə burda o məsələyə aydınlıq gətirəsiniz. Razi Nurullayev AXCP-dən istefamı verib, yoxsa Əli bəyin təbirincə desək “qovulub” ?

– İcazə verin tam təffərüatları ilə bu məsələnin izahatını verim. Mənim qarşımda şərt qoyuldu.

– Əli Kərimli tərəfindən?

– Bəli.

– Nə şərti idi ki?

– Məcburi şəkildə partiyadan getmək şərti.

– Getməsəniz nə olacaqdı ?

– Əgər məcburi şəkildə getməsəm, qovulacağım bildirildi. Yəni mənim ərizəm zorən yazılmış bir ərizədir.

– Yazmazdınız, deyirsiniz ki, xalq da sizi istəyirdi. Qurultaya da bir şey qalmamışdı, qalıb niyə mübarizəni içəridə aparmaq istəmədiniz ki?

– Mən həmin zaman prosesə bir siyasətçi kimi baxdım və düşündüm ki, tam olaraq Əlinin qurbanına çevrilməmək, onun qurduğu oyunun içinə düşməmək üçün, öz düşüncəmə uyğun hərəkət edim. Bunu etməklə mən onun oyununu pozdum. Yəni, hər hansı formada, şər-şəbədəylə üzləşərək özümün təşkilatdan uzaqlaşdırılmama imkan verə bilməzdim və vermədim də. Buna görə də partiyadan istefa verdiyimi açıqladım. Amma o açıqlamamda da var ki, məni partiyadan getməyə vadar eləmək, zorən uzaqlaşdırmaq istəyirdilər və artıq başqa yolum qalmadı deyə, özüm gedirəm. Ancaq həmin açıqlamanı verəndə onu da dedim ki, partiyadakı cəbhəçilərin tam əksəriyyəti dostlarım olaraq qalırlar, mən bu məsələni, belə qoyan deyiləm, prosesi sürdürəcəm və mübarizəni davam etdirəcəm, həmçinin də Əli Kərimlidən bu etdiklərinə, qaba hərəkətlərinə görə hesab soracam. Nəticə etibarilə cəmiyyət də gördü ki, mən bu hesabı ondan sordum. Həmin fikirləri söylədiyim zamanda da, ağlımda, fikirlərimdə var idi ki, mən cəbhədəki həmin o ağıllı və mübariz insanları öz ətrfıma çəkəcəm. Amma, açığını deyirəm ki, təşkilatın adı ilə bağlı həmin vaxt müəyyən bir konkretlik yox idi və bu məsələ sonrakı etapda ortaya gəldi. Müzakirələrimizin nəticəsi olaraq gəldiyimiz qərarın da arxasınca getdik və getməkdəyik.

– Bəs irad nədən ibarətiydi, niyə durub-dururkən, belə məsuliyyətli zamanda Sizi zorən partiyanı tərk etməyə məcbur edirdilər, narazılıq nəynən bağlıydı? Ya da neyləyirdiniz, nəyə mane olurdunuz ki?

– Əli Kərimlidə belə bir fikir var idi ki, Razi artıq deputat mandatını cibində gəzdirir. Və belə deyək ki, rəhbərlikdə məni gözü götürməyənlər də çox idi, çünki partiyada da müstəqil hərəkət edirdim, açıqlamalarım da müstəqil olurdu. Kimlərləsə razılaşdırılmayan açıqlamalarım çoxlarında qıcıq yaradırdı. Həm partiyanın daxilində rəhbər kadrların intriqalarına, həm də təşkilatın adı ilə, istər cəmiyyət arasında, istərsə də digər siyasi qüvvələrə qarşı aparılan iyrənc oyunlara qoşulmurdum. Bəzi fərdlərə yönəlik kampaniyalarda iştirak eləmirdim. Saxta profillər yaradıb partiyanın və bəzi funksionerlərin adından sosial şəbəkələrdə yayılan, əksər hallarda isə Əli Kərimliyə həsr edilən mədhiyyə və fəxriyyələrə dəstək vermirdim. Bir sözlə, bu cür iyrəncliklərdə iştirakım olmurdu. Heç kimlə, Əli Kərimlinin şəxsən qurduğu oyunlara görə münaqişə və ya mübahisələrə girmirdim. Buna görə də, o zamandan cəbhəçilər də, məlumatlı olan bir çox adamlar da bilirdilər ki, Razi o təşkilatdakı digərlərinə bənzəmir və fərqli bir adamdır. O aralarda hər kəs də mənə sual verirdi ki, sən orda nə qədər davam gətirə biləcəksən ?

– “Razi fərqli biriydi” – demişkən, mən hardasa yeni-yeni sosial şəbəkələrlə işləməyə başladığımda, yəni təxminən 3-4 il öncələrdə, prezident İlham Əliyevlə, Mehriban xanımın birgə şəkillərinin sizin profildən paylaşımlarını görürdüm. O şəkillərə baxanda düşünürdüm ki, əcəba, bu qədər radikal mövqeli Əli Kərimlinin partiyadakı müavininin belə paylaşımları nə ilə bağlı ola bilər? Həm də deyim ki, o paylaşımlar yetərincə xoşməramlı paylaşımlar idi və bu mənə çox qəribə gəlirdi. O zaman Əli bəy, bu məsələyə görə irad-filat tutur, etiraz bildirirdimi?

Davamı var

LEAVE A REPLY