Səudiyyə – İran münasibətlərindəki gərginlik pik həddə: Öldürülən məşhur şiə alimi Nimr kimdir?
Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanında Riyad Cəza Məhkəməsinin hökmü ilə aralarında şiə din xadimi Ayətullah Nimr Baqır ən-Nimrin də olduğu 47 nəfər edam edilib. Ölkənin tanınmış şiə din xadimlərindən olan Nimr etiraz aksiyaları təşkil etmək, insanları etiraza təhrik etmək, ölkənin əmin-amanlığını pozmaq kimi maddələrlə saxlanılmışdı.
Ancaq tanınmış şiə aliminin edamı bir çox ölkələrdə ciddi etirazlara səbəb olub. Və dünyanın nüfuzlu xəbər agentliklərinin yaydığı məlumatlardan aydın olur ki, bu hadisə xüsusən İran və Səudiyyə Ərəbistanı arasında çox yaxın gələcəkdə ciddi bir qarşıdurmaya çevriləcək.
Strateq.az Azadliq Radiosuna istinadən bildirir ki, İranda alimin edamına etiraz edən qəzəbli izdiham Səudiyyənin Tehrandakı səfirliyinə od vurub və dağıntı törədib. Əvvəlcə binanın qarşısında gur etiraz edən kütlənin içindən yandırıcı butılkalar atılıb. Daha sonra etirazçılardan bəziləri səfirliyin binasına daxil olub, binanın damına çıxıb.
Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə etməli olub.
İSNA agentliyi xəbər verir ki, Səudiyyənin Məşhəddəki konsulluğuna da hücum edilib. Orada da binaya od vurulub. Dünya telekanalları səfirilyin yanan binasının görüntülərini yayıblar.
Binaların söndürüldüyü və iğtişaşçılar arasında həbslərin aparıldığı xəbər verilib.
Səudiyyə Ərəbistanında tanınmış ruhani xadim Şeyx Nimr əl-Nimrin edam edilməsi bütün region boyunca şiə müsəlmanların hiddətinə səbəb olub.
İran Səudiyyədəki edamla bağlı kəskin nota verib. Səudiyyənin şiələr yaşayan Şərq əyalətində, Bəhreyndə və başqa ərəb ölkələrində də hiddətli etiraz aksiyaları keçirilib.
Şeyx Nimr 2011-ci ildə kütləvi etirazlara çağırması ilə məşhurlaşmışdı. O, sünni Səudiyyədə şiə azlığının qorxmaz müdafiəçisi sayılırdı.
Səudiyyə Ərəbistanına ən güclü etiraz İrandan gəlib. İranın Xarici İşlər Nazirliyi bəyan edib ki, “Səudiyyənin bu hərəkəti ona baha başa gələcək”. Səudiyyənin Tehrandakı səfiri “danlanmaq” üçün XİN-ə dəvət olunub.
Son məlumatlara görə Londondakı Səudiyyə səfirliyinin qarşısına da etirazçılar toplaşıb.
Xamenei Səudiyyəni İŞİD-ə bənzədib
İranın ali rəhbəri ayətullah Xamenei-nin internet saytında sözügedən edam İŞİD-in edamlarına bənzədilib.
Hazırda İran və Səudiyyə ərəb dünyasında şiə və sünni münaqişələrinin ön cəbhəsindədirlər.
Livanın Şiə Şurası edamı “dəhşətli səhv” adlandırıb, Livan Hizbullahı isə onu “sui-qəsd” kimi qiymətləndirdiyini bəyan edib.
Əhalisinin əksəriyyəti şiə olan qonşu Bəhreyndə ölkənin sünni azlığından olan kralın hakimiyyətinə qarşı da aksiyalar keçirilib.
İraqda məşhur şiə ruhani lideri Müqtada al-Sadr bütün şiələri “dinc etirazlara” çağırıb.
Səudiyyənin özündə də etiraz aksiyaları olub. Şərq əyalətinin Qatif məntəqəsində kütləvi aksiyaların qadağanına baxmayaraq, şiələr “Məhv olsun Səud ailəsi” şüarları ilə yürüşə çıxıblar.
Başqa edam olunanların arasında BBC operatorunun qətlində ittiham edilən Adel Al-Dubayti də var.
Rəsmi və qeyri-rəsmi sələfilik
2012-ci ildə Şeyx Nimr yaralı vəziyyətdə həbs ediləndə, bütün Şərq əyaləti boyunca zorakı aksiyalar keçirilmiş, iğtişaşlarda üç nəfər həlak olmuşdu.
Sözü gedən 47 nəfər şənbə günü 12 məntəqədə eyni vaxtda, güllələmə və boyunlarının vurulması ilə edam edilib. Edam edilənlərdən 45-i səudiyyəli, biri misirli, biri isə çadlı idi. Onlardan şiə olan 4 nəfəri polis zabitinin öldürülməsində ittiham edilirdi.
Səudiyyə hökuməti edam edilənlərdən 43-nün sünni cihadçılar olduğunu bəyan edib.
İŞİD və əl-Qaidənin əksər cihadçı qruplaşmaları və Səudiyyə, İslamın eyni təriqətinin davamçıları olsalar da, cihadçılar, hökumət tərəfindən təyin edilmiş ruhani rəhbərləri qəbul etmirlər.
Beynəlxalq insan haqları təşkilatları bu edamları “dəhşətli” adlandırıblar. Onlar bildirirlər ki, edamlardan ən azı 4-nün motivi siyasi olub.
Şeyx Nimr kimdir?
50 yaşlarında olan ruhani, Səudiyyə Ərəbistanı kral ailəsinin ən sərt tənqidçisi idi. Son on il ərzində o, dəfələrlə həbs olunmuş, gizli polis tərəfindən dəhşətli işgəncələrə məruz qaldığını iddia etmişdi.
Wikileaks saytının 2008-ci ildə açıqlanmış materiallarında deyilirdi ki, Nimr anti-ABŞ bəyanatlarından və İranla yaxın əlaqədə görünməkdən çəkinir.
Şeyxin gənc şiələr arasında xüsusilə böyük nüfuza malik olduğu deyilir.
Xarici əlaqələrdə ehtiyatlılığına baxmayaraq, Nimrə qarşı ittihamların arasında “xariciləri ölkənin daxili işlərinə qarışdırmaq” ittihamı da var.
Səudiyyə hökuməti şiələrə qarşı diskriminasiya və zorakılıq iddialarını rədd edir və bildirir ki, İran regionda məzhəb münaqişələrini qızışdırır.
Səudiyyə Ərəbistanı ötən il ümumilikdə 150 edam həyata keçirib. Bu, son 20 ildə ən böyük edam rəqəmidir.
Şeyx Nimr Baqir ən-Nimr 1958-ci ildə Ərəbistanın şərqində Əl-Qətif şəhərində alim ailəsində dünyaya gəlib. Atası Şeyx Məhəmməd ibn Nasir Əli Nimr və babası Əli ibn Nasir Əli Nimr Səudiyyə Ərəbistanın böyük Əhli-beyt (ə) alimlərindəndir.
Ayətullah Nimr Türkiyədə olduğu kimi, Ərəbistan rejiminin Əhli-beyt (ə) ardıcıllarının öz ölkəsində təhsil almaq haqqı tanınmadığı üçün İslami təhsilini Suriyadakı Həzrəti Zeynəb Hövzəsində alır. Qısa müddətdə oranın ən qiymətli ustadlarından birinə çevrilir. Bu müvəffəqiyyətlərindən sonra “Həzrəti Qaim” Mədrəsəsinin rəhbəri olur və illərlə bu vəzifəsini icra edir.
Ərəbistana qayıtdıqdan sonra Avamiyyə şəhərində “İmam Qaim (ə.f.)” Elm Mərkəzini qurur. 2001-ci ildə İslam Mərkəzini təsis edir.
Əvvəllər də dəfələrlə Səudiyyə rejimi tərəfindən həbs olunan və bir çox işgəncələrə məruz qalan Ayətullah Nimr Əhli-beyt (ə) ardıcıllarına rejimdə ikinci sinif vətəndaş rəftarını icra etməmələrini istədiyi üçün haqqında həbs qərarı çıxarılır.
Həbsinə digər səbəb isə müqəddəs Bəqi qəbiristanlığının vəziyyətinin ürək ağrıdan olması və dövlətin bura daha çox əhəmiyyət verməsinin vacib olduğunu söyləməsi olub.
Ayətullah Nimr Səudiyyə rejimindən nə istəyirdi?
– Ölkə əhalisinin 20%-ni təşkil edən Əhli-beyt (ə) ardıcıllarına ikinci sinif vətəndaş kimi yanaşılmaması;
– Onların öz dini təhsillərini öz ölkələrində almaq hüququnun tanınması;
– Əhli-beyt (ə) məzhəbinin rəsmi bir məzhəb kimi qəbul edilməsi, bu məzhəb mənsublarına dövlətə aid media və ya vəhhabi əqidəli səlahiyyətlilər tərəfindən təhqir edilməməsi;
– Səudiyyə rejiminin Əhli-beyt (ə) ardıcılları ilə Əhli-təsənnün ardıcılları arasında fitnə və ixtilaf çıxarmaları üçün vəhhabi din xadimlərinə pul və dəstək verməyi dayandırması;
– Sülhməramlı yürüşlərə icazə verilməsi;
– Ölkədəki kasıb xalqın vəziyyətinin yaxşılaşdırılması;
– Əhli-beyt (ə) ardıcıllarının dövlət təşkilatlarında işləyə bilmələri üçün yolun açılması.